Quantcast
Channel: Yazarlar - Karabakhmedia.Az
Viewing all 166 articles
Browse latest View live

Atalarımızın səhvi – Şərif Ağayar yazır...

$
0
0
Atalarımızın səhvi – Şərif Ağayar yazır...

Polyak rejissor Kşiştof Kieslovskinin televiziya üçün çəkdiyi “Dekaloq” adlı silsilə filmləri var. Hər film Musa peyğəmbərin məşhur on hökmündən birinə aid edilib və az qala bütün dünyanın ehkam kimi qəbul etdiyi hökmlər modern insanın həyatında yenidən dəyərləndirilir.

Rejissor demək istəyir ki, misal üçün, “Öldürmə!” söyləmək asandır. Dünyada heç bir normal adam əksini söyləməz, lakin həyatın elə məqamları olur, hər kəs məhz “Öldür!” əmrini verə bilir. “Dekaloq” hardasa, necəsə Trierin “Dogvill”i ilə səsləşir. Tamaşaçı birdən-birə filmin baş qəhrəmanının qanqster atasına qoşulub bütün qəsəbəni uşaqlı-böyüklü, itli-pişikli qırıb-çatmaq qərarı verir.

Deməyim nədir; hər şey və hər kəs zamanın tələblərinə uyğun yenidən dəyərləndirilə bilər və bu, əslində belə də olmalıdır.

Bizim də bəzi filmlərimizdə bu ideya zəif də olsa keçir, ancaq daha çox toplumun sovet məfkurəsinə uyğunlaşdırılması istiqaməti müşahidə olunur. Ona görə, bu mövzuda adı gedən filmlərlə müqayisə üçün konkret nəsə tapıb deyə bilmirəm.

Yenidən dəyərləndirməyə məruz qalan ən ciddi nüanslardan biri də hökm şəklində deyilən fikirlərdir. Çağımızın böyük alimi və yazarı Umberto Eko deyirdi ki, imkanım olsa, bütün fikirlərimin qarşısına “Bəlkə” sözünü əlavə edərdim. Belə bir düşüncə ilə eyni dövrdə hökmlər vermək, ehkamlar elan etmək bir az da gülməlidir.

Misal üçün, “Ot kökü üstə bitər” deyirik. Doğrudurmu? Ot başqa harda bitə bilər ki? Doğrudur! Hətta dərindən fikir versək, o qədər doğrudur ki, bunu deməyə ehtiyac qalmır. Bəs, nə dərəcədə ehkamdır? Heç bir dərəcədə. Çünki yaxşı valideynə layiq övlad haqqında deyilən bu söz yaxşı valideynə layiq olmayan övlad haqqında özünün tamam əks mənasında işlədilir: Oddan kül törəyər.

Beləliklə, çağın insanı irəli durmamış atalar sözləri özü-özünü inkar etməyə başlayır. Demək, ehkamlar yox, situasiyalar daha çox haqlıdır.

Didaktika ilə dolu şeirlərimiz də bu gün öz funksionallığını itirib və demək olar, heç bir işə yaramır. Siz hər hansı şeirdə qeyd olunan nəsihəti eşidib onu həyatına tətbiq edən adam gördünüzmü? Belə bir adam görsək, ona qəribə baxarıq. Bir az da başdan o söz hesab edərik. Çünki zamanın xarakteri fərqlidir.

Əlbəttə, insanın həqiqətə münasibəti dəyişə bilməz. Əsl insan onu anlamalı, başa düşməli, qəbul etməli, yeri gələndə anlada da bilməlidir. Sadəcə bir incə məqam var ki, həqiqət özü situasiyalara uyğun dəyişə bilir.

Ədəbiyyatda, ümumən sənətdə ən çox dəyişən, zamanını keçirən müəllifin müdrik pozasıdır. Yaradıcılıq müdriklikdən ayrılıb. Yazan-yaradan adam müdrik olsa belə müdriklik etməməli, yaxud özünü müdrikliyə qoymamalıdır.

Müəllif mətnindən kənar durmağı bacarmalıdır.

Sufi-panteist düşüncəmizdə maraqlı bir bənzətmə var.

Sual olunur: Tanrı dünyanın harasındadır?

Cavab verilir: Yağ südün harasındadırsa, orasında.

İlk baxışdan südün içində yağ yoxdur, lakin yağ süddən əmələ gəlir. Demək, konkret heç bir yerində olmamaq şərti ilə hər yerindədir. Laməkanlıq da məkansızlıqdan çox hər yerdə olmaq anlamına gəlir.

Tanrı kainatın, yağ südün harasındadırsa müəllif əsərin orasındadır.

Heç bir yerində deyil, lakin hər yerindədir.

Zamana asanlıqla təslim olan və həyat situasiyaları qarşısında aciz qalan didaktik pozadan xilas olmağın yeganə yolu budur.

Şərif Ağayar

____________________________________________________________________________________________________



Kişilik simvolu və Cahandar ağa

$
0
0
Kişilik simvolu və Cahandar ağa
Bu yaxınlarda seminarda idim. " Azərbaycan kişilik simvolu deyəndə ilk ağlınıza gələn isim kimdir " sualına bir xanım cəld " Cahandar ağa " - deyə cavab verdi. Və bir daha bu mövzuya qayıtmalı oldum.

Bilməzlik yoxsa ...

" Bakı metropoliteni " QSC 15 iyul 2016-cı il tarixindən etibarən " Gənclik " stansiyasının keçidlərində Mədəniyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə " Metro Gallery " layihəsi çərçivəsində növbəti sərgini təqdim etdi. Xatırladım ki, sərgi Lenovo şirkətinin sponsorluğu ilə nümayiş olunur. Azərbaycan kinematoqrafiyasına həsr olunan sərgidə köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunur.

Azərbaycan filmoqrafiyasını sevən tələbkar tamaşaçı kimi çox sevindim və mədəniyyətimizin həm də əcnəbilərə çatdırılması işini alqışladım. Fotoların qarşısında ayaq saxlayaraq yaradıcı heyəti bir də nəzərdən keçirməkdən, uşaqlıq xatirələrimi çözələməkdən zövq aldım. " Dəli Kür " filmindən Cahandar ağanın Mələyi qaçırtma səhnəsini görəndə müasir deyimlə desək şok oldum. At üstə əyləşən ağanın gözləri məni illər öncəyə qaytardı...

İsmayıl Şıxlı " Dəli Kür " əsərini səkkiz ildən çox bir müddətə qələmə alıb. Roman bir ildən də çox çap olunmaq üçün növbə gözləyib. 1967-ci ildə dərc edildikdən sonra da romanın ətrafında qalmaqallar səngiməyib.

İ.Şıxlının 1950-ci illərdən yazmağa başladığı əsərdə hadisələr reallığı əks etdirir. Nasirin "Azərbaycan gəncləri” qəzetinə (20 dekabr 1988-ci il) verdiyi müsahibədən bir hissəni diqqətinizə təqdim edirəm.
"...özümdən uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. " Dəli Kür ”də həmçinin, hekayələrim də bu qəbildəndir”.

İsmayıl Şıxlının oğlu Elçin Şıxlı deyir ki, Cahandar ağa Qara Nəbi adlı şəxsin və İsmayıl Şıxlının ana tərəfdən babasının prototipidir: ” Cahandar ağa atamın ata tərəfdən babasıdır. Atam təbii ki, onu görməmişdi, ancaq eşitdikləri əsasında Cahandar ağa obrazını yaradıb. Kənddə Qara Nəbi adlı kişi varmış. Atam Cahandar ağanın zahiri görünüşünü Qara Nəbini göz önündə canlandıraraq təsvir edib ".

Əsəri hələ əlyazma şəklində oxuyan Mehdi Hüseyn ədəbi hadisəyə çevrilməmiş bu roman haqqında İsmayıl Şıxlıya göndərdiyi məktubunda yazırdı: "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Qardaşın Mehdi Hüseyn. 12 noyabr 1962-ci il".

Nəhayət 1970-ci ildə " Dəli Kür " filmi çəkilir. Film də əsərin aqibətini yaşayır. " Dəli Kür " Moskvanın senzurasına görə bir xeyli dəyişikliyə uğrayır. Ekran işini görən İsmayıl Şıxlının əsəbləri sarsılır...

Azərbaycan kişisi deyərkən əksəriyyətimizin gözləri önündə Cahandar ağa surəti canlanır. Bu obrazın bu qədər sevilməsinin sirri nədədir? Razılaşaq ki, heç də hamı romanı oxumayıb və Cahandar ağa deyərkən məhz xalq artisti Ələddin Abbasovun yaratdığı mükəmməl ekran təqdimatını xatırlayır. Ona görə fikirlərimi bu rakursdan bildirməyə cəhd edəcəm.

Ə. Abbasovun uğurla canlandırdığı qürurlu ağa əzəmətli manerası, nüfuzedici baxışı, kəskin reaksiyası ilə obrazın sevilməsində müstəsna xidmət göstərib. O, qorxmazdır, torpaqlarını qorumaq üçün çarın əsgərləriylə açıq savaşa çıxacaq qədər mərddir ( bu kadrlar kəsilərək filmdən çıxarılıb), ölümün gözünə dik baxır, hakim sinfin digər nümayəndələrindən fərqli olaraq rəiyyətlə nisbətən mülayim rəftar edir, fırıldaqla məşğul olan molla sinfilə kompromisə getmir, əksinə, nə qədər böyük nüfuz sahibi olsalar da onlara qarşı çıxmaqdan çəkinməyəcək qədər igiddir, qonağı xilas etmək üçün həyatını riskə atacaq qədər gözüqaradır, namusuna toxunan ləkəni qanla yuyacaq qədər ötkəmdir və s. Söz onunçün qanun – kişilik şərəfidir. Cəmiyyətdə sözünün ağası, ailəsində hakimi mütləqdir. Ancaq xoşagəlməz məclisə getdiyi üçün bacısını məhv edən ağa digər bir kişinin namusunu ayaqlar altına salacaq qədər xudbindir. Mələyi gördüyü andaca vurulan və onu özününkü etməyə qərar verən Cahandar ağa şəxsiyyətinin ziddiyyətli tərəfi isə bu hərəkətində özünü haqlı bilməsidir. O, nəinki atdığı addımdan vicdan əzabı çəkmir, hətta bir kişini faciəyə səbəb olacaq duruma saldığının fərqində belə deyil. Onun düşüncəsinə görə burada əxlaq norması pozulmayıb.

Hər bir kişi ( ələlxüsus da şərq kişisi ) ailəsi, eyni zamanda şərəf və namusu üçün mübarizə aparır. Ancaq Cahandar ağanın Mələyin əri Allahyarla atışma səhnəsində onu gözündən vuraraq kor etməsi də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnələrdəndir. Bu işdə onlara " kömək ” edən amillərdən biri isə Allahyarın başının dəstəsilə mənfi tip kimi təqdim olunmasıdır. Filmin Moskva baxışları zamanı çar əsgəriylə olan döyüş səhnəsi kəsilib çıxarılısa da süjet xəttindəki əxlaq normasına uyğun gəlməyən bu nüans diqqətdən kənar qalıb. Ola bilsin ki bu, o dövrün düşüncə tərzinin geriliyini önə çəkmək məqsədi daşıyıb. Amma arvadı qaçırılan kişinin namusu uğrunda mücadiləsi niyə belə aşağılayıcı şəkildə ekranlara yansıyıb? Hətta Allahyarın pis ər və pis insan olması belə onun bu şəkildə təqdim olunmasına əsas vermir.

Bəs namusunu təmizləmək üçün irəli atılan Allahyarı biz niyə sevmirik? Onun yerində olmağı arzulaya bilərikmi? Əlbəttə ki yox ! Bəs niyə onun yox, qarşı tərəfin yanındayıq? Cahandar ağanın müsbət keyfiyyətləri kifayət qədərdir və burda da üstünlüyü ona vermək ehtiyacını yaradan nədir?

Bizlərdən çox az, kişilər tərəfdən isə lap cüzi hissə Cahandar ağanı Azərbaycan kişisinin simvolu olaraq qəbul etmir. Çoxluğun Cahandar ağanı rəmz olaraq qəbul etməsində kiçik xəta hesab edib üstündən keçməyə çalışdıqları bu nüansın mayasında əsrlərin qaynağından süzülüb gələn " Mənim xoruzum başqasının hasarında banlasın " təfəkkürü, " İnək göz etməsə, buğa sıçramaz " məntiqi dayanır. Çox dərin və böyük polemika qonusu olduğundan bu yazımda bu mövzunun qatlarına varmayacağam. Əsrlərlə düşüncələrimizə hakim olan, həyata baxışımızı tənzimləyən bu miskin adət-ənənə burulğanından çıxmaq üçün cəmiyyətimizin işıqlı baxışlara ehtiyacı var.

Anam " Sirr var ev içində, sirr var el içində " məsəlini tez-tez çəkərdi. " Kişi allahın kölgəsidir " məsəlinin bariz nümunəsi olan Cahandar ağanın müsbət keyfiyyətləri el, mənfi cəhəti isə ( başqasının arvadını qaçırma nəzərdə tutulur ) ev içində saxlamalı olduğumuz " sirr " lərimizdəndir. Çünki, bu düşüncə tərzi təkcə bir ağaya, bir türk və şərq kişisinə deyil, genel olaraq hamımıza aiddir. Bir günün, bir qərinənin yox, əsrlərin bizə miras verdiyi sistemli baxış bucağıdır. Hər zaman ailəsini yad gözlərdən qorumaq üçün canından belə keçən Azərbaycan erkəyi, başqasının xanımına ( səbəbi ancaq özünə aid olan ) komplimentlər, yanaşmalar, yaxınlaşmalar və s. etməkdə sərhəd tanımır və ən maraqlısı isə bunu öz şərəfinə elə də nöqsan hesab etmir. Hər bir azərbaycan kişisinin daxilində - mənində bir Cahandar bəy yaşamaqdadır. Bu üzdəndir ki, bu ağa nəsrimizdə, filmoqrafiyamızda ən sevilən obraz, rol hesab olunmaqdadır.

Film sovet vaxtı repressiyaya məruz qalıb. İndi ki müstəqilik, " İvan " qalereyanın düzülüşündə bizə əmr vermir ki?! Cahandar ağanın torpaqlarını qorumaq üçün çar ordusunun zabit-əsgərləriylə savaşdığı və öldürüldüyü kadrın nümayişi niyə yada düşmədi ki?! Onsuz da kəsilərək filmdən çıxarıldığı üçün əksəriyyət tamaşaçı bu kadrdan xəbərsizdir. Həm film bərpa olunar, həm də Azərbaycan bəyinin daxili dünyasının açılması üçün daha önəmli mesaj verilmiş olmazdımı? Cahandar ağanın bacısı Şahnigarı Kürdə boğduğu kadrı yayımlamaq olmazdımı?! Bununla da namusun şərq-türk kişisi üçün nə qədər önəm daşıdığı ismarıcını çatdırmaq yerinə düşməzdimi?! Cahandar ağanın şagird seçmək üçün kəndə gələn rus müəlliminin həyatını xilas etmək üçün özünü irəli atdığı kadr daha möhtəşəm deyilmi? Əcnəbilər qonağın nə qədər toxunulmaz olduğu mesajını görüb haqqımızda məlumatlansaydılar daha yaxşı olmazdımı?

Təsəvvür edirəm ki, sərgidə ilk nümayiş etdirilən bu epizod Bakıda təhsil alan hansısa Conun diqqətini çəkir və o qrup yoldaşından soruşur:

- Bu kişi neyləyir?

Dilotu yemiş qrup yoldaşı da

- Bu bizim bəyimizdir, qonşu kənddən olan Allahyarın arvadını qaçırır- cavabını verir.

Cona yaxşı tanıdırıq özümüzü, bərəkallah.

Ya bu epizod yayımlanmamalıydı, ya da ən azı sadaladığım üç fraqmentlə birgə nümayiş olunmalıydı. Tamı hissələrə bölərkən vurub gözü çıxartmaq olmaz. Atalarımızdan bizə miras qalan ev içindəki sirrimizi bayağı şəkildə el içinə çıxartmağın əleyhinəyəm.

Hər sahədə mütəxəssis və xalqını sevən kadrlar çalışmalıdır. Bu qədər məğrur, əzəmətli və Azərbaycan kişilik simvolu kimi qəbul edilmiş (bu, reallığımızdır) obrazın ekran təcəssümündən yada düşən ilk kadr kimi məhz bu səhnənin seçiliməsi bu işin arxasında dayananın ya yad psixologiyalı biri olduğundan xəbər verir, ya da bunu bilərəkdən edir. Hər iki halda isə uduzan bizik.

Kəmalə Səlim Müslümqızı

__________________________________________________________________________________________________

İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR

$
0
0
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIRBu gün bizdə roman janrı ilə bağlı aparılan polemikalarda daha çox şikayət, müqayisə təriqi ilə dünya və milli nəsri qarşı-qarşıya qoyub üstünlüyü birmənalı şəkildə birincinin xeyrinə həll eləmək cəhdi öndədir. Dünya romançılığının çağdaş durumu və tarixi təcrübəsi hər halı ilə bu üstünlüyü çevrələyir. Milli romançılığımızda bağlı belə bir boşluğun yaranmasına səbəb məhz, ötən əsrin 30-40-cı illərində meydana çıxan əsərlərə sərf olunmuş zəhmətin güdaza getməsi ilə bağlıdır. Bunun səbəbləri və nəticələri haqda danışmaq istərdim.

Bizdə nəsr ənənəsinin tarixi o qədər də qədim deyil. XIX əsrin sonlarına, M.F.Axundzadə zamanına və XX əsrin əvvəllərinə dayaqlanır. Azərbaycan romançılığının inkişaf dövrü kimi səciyyələndirilən 30-40-cı illərdə yazılmış həcmli əsərlərin zəminində isə həmin milli nəsr gələnəkləri dayanmır. Bu dövrdə ərsəyə gələn romanlarda daha çox rus yazıçılarının təsiri var. M.Şoloxovun, A.Fadeeyev, A.Serafimoviç, D.Furmanov və başqalarının. Əvvəla nəsr ənənəsi onlarda bizdən daha güclü idi, əsrin əvvəllərindən başlayaraq vətəndaş müharibəsinin epik təsvirinə geniş yer verilirdi, üstəgəl də qarşılıqlı mübadilə bizimlə daha çox rus ədəbiyyatı arasında baş tuturdu. Bu dönəmdə milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə getdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 30-cu illər romançılığı da bu janrla bağlı meydana bədii-estetik səviyyə baxımından uğurlu mətn qoya bilmədi.

1920-1930-cu illər Azərbaycan mühiti üçün ziddiyyətli epoxadır. 1918-ci ildə Azərbaycan Cümhuriyyət ədəbiyyatı dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etmişdi. Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyata da təsir göstərməyə başladı. Birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. – əsas mövzu bunlar idi. Klassik şair və yazıçılarımızla bağlı miflər yaradılırdı. Ədalətli padşah, mübariz ateist, bəyləri qamçılayan və s. Bir sözlə, sinfilik amili bədii əsərin dəyərləndirilməsində önə keçirdi. Bu amillərin heç birini ədəbiyyatın immanent inkişaf qanunauyğuluğu ilə bağlamaq olmur. Ədəbiyyatın inkişaf stixiyası ona qədər elə gəlişirdi ki, milli nəsr başqa mərhələyə və keyfiyyət müstəvisinə adlamalıydı. Meydanda ən azı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev prozasının gücü, təcrübəsi vardı. Bu dövr hekayəçilik baxımından daha güclü idi, tək C.Məmmədquluzadə qələminin siqləti milli varlığı yaşatmağa, onun varlığında nəsrə gətirməyə qadir idi. Hətta 20-ci illərdə də bu təcrübə diri idi. Amma zamanın dəngəsi pozuldu, sistem dəyişildi və sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini vermək roman janrına müraciəti zəruri etdi. Odur ki, bu dövrdə yazılmış romanlar daha çox sosialist ideologiyasının ədəbiyyat qarşısına qoyduğu tələblərə adekvat olaraq meydana çıxdı. Yazıçılar xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyə girişdilər. XX əsrdə başlanan hərəkat yarıda qırıldı.

Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz, bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 30-cu illər bu şüur hadisəsinə qarşı yönəlmiş planlı ədəbiyyat nümunələri meydana qoydu. Türk ordusu işğalçı kimi təqdim olundu, islam bir din olaraq müasirliyə zidd hesab edildi, “Musavat” “Daşnaksütun”a bərabər tutuldu. Bu dövrün romanları sosialist realizmi tələblərinin, partiya direktivlərinin sənətdə gerçəkləşən şəklidi. Onların heç birində insan yoxdu. Sadəcə, eyni “səs”lərin xoru, bir qəlibdən çıxmış qəhrəmanların, süjetlərin, mövzuların şəkillənməsi var, vəssəlam. Burda söhbət hansısa yazıçını ittiham eləməkdən getmir, o dövrün reallığına istinadən istedadı sovet sisteminin qurbanına çevrilmiş yazıçılarımızın meydana qoyduqları romanların bədii-estetik baxımdan təhlilindən gedir. Sovet dövrünün xərabələri altında qalan və zamanın yeni axarına qatıla bilməyən romanlardan.

Halbuki, məhz bu dönəmdə milli təfəkkür roman yazmağa hazır görünürdü. Çünki XX əsrin əvvəllərində başlanan maarifçi hərəkat, formalaşan milli ədəbiyyat, milli düşüncə, milli məfkurə daha çox poeziya və dramaturgiya müstəvisində reallaşmışdı. Bunun roman təzahürü də gerçəkləşə bilərdi. Amma o şəkildə ki, aprel inqilabı hərəkata keçdi, bu əhvalda milli estetik tələbləri ödəyən nəsrin yaranması reallığı əlçatan deyildi. 30-cu illər romançılığı isə sadəcə, partiyanın tələbi və göstərişi əsasında hasilə gəlmişdi. Çünki yazıçıdan inqilabi yüksəlişin yüksək tərənnümü tələb olunurdu və onlar bunların hamısının realizəsini “inqilab qatarına əyləşib” həcmli epik əsərlər vasitəsilə gerçəkləşdirməkdə gördülər. M.Baxtinin də belə bir fikri var ki, hər hansı əsərin əhəmiyyəti təhkimçilik hüququna qarşı mübarizə ilə məhdudlaşırsa, deməli, onun ləğvindən sonra həmin əsər də öz əhəmiyyətini itirəcək. Tarix bu sözlərin gerçək olduğunu sübut elədi. Bu gün biz nə desək də o əsərlərin özünü yaşatma gücü yoxdu. Nə sovet quruluşunun inikasını verən “Dünya qopur, “Yoxuşlar (Əbülhəsən), “Qəhrəman” (Ə.Vəliyev), “Şamo” (S.Rəhimov), nə inqilabi yüksəlişin tarixi panoramını verən “Gizli Bakı”, “Döyüşən şəhər” (M.S.Ordubadi), “Daşqın”, “Tərlan” (M.Hüseyn), və s., nə də bu dövrdə yazılan digər romanlar müstəqillik dönəminə adlaya bilmədi.

Həmin dönəmdə zamanın tələbi yazıçıları necə sarmışdısa hamı roman yazmağa girişmiş, belə deyək, hər gördüyünü təsvirə çəkib rejimin hədəfinə tuş olmamağı düşünmüşdülər. Belə olmasaydı, 1948-ci ildə “Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri” məqaləsində M.Hüseyn yazmazdı ki, mütləq hadisələrin sonunu gözləməli, hadisənin sonunu görməli, hər şey axır nöqtəyə çatdıqdan sonra əsər yazmalı və yalnız bu yolla uzun zaman yaşayan bədii lövhələr yaradılmalıdır.

Amma necə gözləyə bilərdilər ki, geridə “cığırdaşlıq” damğasının xofu, irəlidə repressiya dalğasının vahiməsi dururdu. Yazıçılara bircə imkan, bircə yol qalırdı: partiyanın göstərişlərinin keşiyində ayıq-sayıq dayanmalarını sübut etmək. Beləcə, 30-cu illərdə inqilabiləşmiş şüurla milli təfəkkür, milli gerçəklik arasında uçurum yarandı. Çünki həmin dövrdə ölkəmizdə siyasi-ictimai durum ədəbiyyatın səmtini – mövzusunu, ideyasını, konfliktlər sırasını müəyyənləşdirirdi və gərəkdiyindən artıq neqativ təsir göstərirdi. Bu dövrün romanları sosializm cəmiyyəti qurmaq uğrunda mübarizə edən proletarların xidmətinin nəticəsində ərsəyə gələn əsərlərdir. Əsərlərin hamısında milli başlanğıc ikinci sıraya keçir. Sosialist realizminin normativ tətbiqləri onun önə keçməsini daim əngəlləyir. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı dünya ədəbi prosesinin bir hissəsi kimi çıxış edirdi. 30-cu illər nəsrinin isə Qərb ədəbiyyatı ilə heç bir bağlılığı yoxdur, heç bir cərəyanın təsiri duyulmur, sanki yaşanılan iki onillik təcrübə onun deyilmiş. Avropa ədəbiyyatında həmin dönəmdə böyük təlatümlər yaşandığı halda bizim milli nəsrdə bunun əks-sədası duyulmur. Təəssüf ki, bu dönəmdə rejimə oppozisiyada dayanan bircə nümunəmiz belə yoxdur. Yalnız oppozisiya mənasında yox, tək elə insanın inikası, onun dərinlərinə baş vurması, yalnızlığını, kədərini, boşluq simvolikasını bədii mətnə gətirmək baxımından həmin dönəmdə dünya ədəbiyyatının şedevrlərinə – deyək ki, Almaniyada Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” (1929), Türkiyədə Səbahəddin Əlinin “İçimizdəki şeytan” (1940), “Xəz paltolu madonna” (1943), İtaliyada Dino Bussatinin “Tatar çölü” (1940), Fransada Alber Kamyunun “Yad” (1942) və s. kimi romanları ilə müqayisədə bizim 30-40-cı illər nəsrimizin roman qəhrəmanları yadplanetli təsiri bağışlayır.

Bu mənada, bu dövr romanlarında heç bir inkişafdan söhbət gedə bilməz. Əksinə, 20-30-cu illərin siyasi tələbləri roman janrının inkişafını ləngitmişdir. Burda xronologiya və mərhələ dəyişikliyi baxımından fərqli dönəm yaşanırdı. Nəsr həcmli əsərlərə keçidi yaşadı sadəcə, o qədər. Amma o həcmli əsərlər 20-ci illər hekayəçiliyinin bir nümunəsi siqlətində belə milli estetik hadisə kimi səciyyələnə bilmədi.

Bu dövrdə yazıçının hətta tarixi mövzuya müraciəti belə onun xilasına çevrilmir. Təsadüfi deyil ki, sovet dövrünü təsvirdən yayınan Çəmənzəminlinin əsərləri – sosializmə qədərki dövrü əks etdirən “Studentlər”, XVIII əsrdə baş verən hadisələri əsk etdirən “Qan içində” romanı da bir sıra obrazlar xarakter baxımından daha canlı, tərəddüd və yaşantıları ilə təsvir olunsa da (Bu üzdən yazıçı hətta Rüstəm obrazında “bitkin inqilabçı qəhrəman” yarada bilməməyə görə tənqid də olunmuşdu), inqilabçı yox, tarixi gerçəkliyi özündə daşıyan qəhrəman yaratmaq, onu canlılığında, hərəkətliliyində ədəbiyyata gətirmək bütün mənaları ilə yazıçıya nəsib olmamışdı. Hər iki roman milli məsələləri əhatə edir. Amma necə? “Studentlər”də XX əsrin birinci onilliyində Azərbaycanda yaşanan reallıqlar əksini tapır, fəqət əksər məsələlərə yanaşma qüsurludu, aydın deyil. Dinə, türkçülüyə, musavatçılara qarşı dövrün özündən doğan ziddiyyətli baxışları əks etdirir. Eləcə də M.S.Ordubadinin “Qılınc və qələm” romanında Azərbaycanın ikiyə bölünməsini Nizami dövrünə şamil olunması kimi fakt elə zamanında tənqid olunan qüsurlar idi. Üstəgəl bədii dolğunluq, bitkinlik baxımından çatışmazlıqları onların roman təfəkkürü məcrasında inkişafını əngəlləyir.

50-ci illərdən buzlar nisbətən əriməyə başlayır, insanı görmək təşnəsi önə keçir, istehsalat qurğularının soyuq görünüşü insanın hənirini əvəz etmək gücündə bulunmur axı. Elçinin “Tənqid və nəsr” monoqrafiyasında belə bir fakt əksini tapır: “1953-cü ildə “Ədəbiyyat qəzeti”ndə yazırdılar ki, yazıçı poladəridənin nəhəng sobalar qarşısında gördüyü işlərlə bahəm, onun daxili aləmini, his və həyəcanlarını da duymalı, təsvir eləməlidir. Yaxud deyirdilər, mövzu aktuallığına görə zəif əsərlərə göz yummamalıyıq”. Bunu demək cəsarəti 50-ci illərdən sonra mümkün olmuşdu. Hətta əsərlərdəki insanı görmək, vurğunu daha çox insanın üzərinə salıb ordan çıxış etmək ilkinliyini də 50-ci illərin tənqidçiləri ehtiva edir. Bu kontekstdə digər fakt: Ədəbiyyatşünas alim Məmməd Cəfər hələ 1954-cü ildə “1930-1937-ci illərdə Azərbaycan nəsrinin inkişafı” məqaləsində yazırdı ki, “1930-37-ci illərdə Azərbaycan nəsrində vətəndaş müharibəsi mövzusunda yazılmış əsərlərdən biri də Mir Cəlalın “Dirilən adam” romanı idi. Lakin bu əsər eyni mövzuda yazılmış əsərlərdən tamamilə fərqlənirdi. Müəllif bu romanda vətəndaş müharibəsi dövründəki mübarizələri, döyüşləri göstərmək məqsədini qarşısına qoymamışdı”. Deməli, artıq insanı görmək başlanğıcı önə keçmişdi. Sonrakı onillikdə – 60-cı illərdən başlayaraq mərkəzə çəkilən İnsan konsepsiyasının işləkliyi də öz motivasiyasını elə bu fikirlərdən alırdı. Çünki məlum aksiomadı, ədəbiyyat bütün hallarda İnsanla təzələnir.

Tarixə real qiymət verməli bacarmalıyıq. Sovet ədəbiyyatına tarixi-tipoloji vahid kimi yanaşıb yaxşı nümunələrini danmadan, tarixi konteksti unutmadan ideoloji tələbin nəticəsi kimi ərsəyə gələn əsərlərdən də çəkinmədən danışmalıyıq. Bizə ədəbiyyata münasibəti dəyişməyə, yeniləməyə ədəbiyyatşünaslığın şüuraltı vərdişləri, daşlaşmış qənaətləri mane olur. Ədəbiyyat tariximizin hər dövrünə yanaşmada obyektiv elmi-nəzəri qanunauyğunluqlardan nəzər yetirməliyik. Bu gerçək ədəbiyyatın mahiyyətinin açılmasına, müasir dünya ədəbiyyatının inkişafı mövqeyindən milli ədəbiyyatımıza hər cür doqmatikadan uzaq nəzərlərlə baxmaq imkanı qazandırır.

_________________________________________________________________________________________________________

Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...

$
0
0
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...

Leyla Namazova

Nahardan sonra şəhəri bir az gəzmək istədim. Addımlarımı bir-birinin ritminə uyğunlaşdıraraq bir neçə küçə keçdim. Havanın soyuqluğu məni qarşıma çıxan ilk ticarət mərkəzinin qapısından içəri itələdi. Bir saata yaxın da mağazaları hərləndim. Nəhayət, evə getməyə qərar verdim. Taksi sifariş eləmək istədim. Ticarət mərkəzinin səs-küyündə telefonla danışa bilməyəcəyimi anladım və küçəyə çıxdım. Telefonla taksi sifariş etdim və səkidə var-gəl edərək gözləməyə başladım. Üzbəüz səkidə dayanan yaşlı qadın nəzərimi cəlb etdi. Ağ saçları yun şalının altından ay haləsi kimi görünürdü. Əlində sellofan torbalarda ərzaqlar vardı. Yəqin ki, yaxınlıqdakı ərzaq mağazasından gəlirdi. Qarayla ağın bir-birini qovurmuş kimi burulduğu naxışlar qadının jaketinə, jaket də sahibinə yaraşırdı. Ayaqlarındakı yüngül dəri ayaqqabının rəngi bozarmışdı, hiss olunurdu ki, ağbirçək qadın onu neçə illərdi geyinir. Bir vaxtlar hardansa oxumuşdum ki, geyimlərin içərisində insana ən çox yoldaşlıq edən ayaqqabılardır…

Qadın səkidə dayanıb o yan-bu yana keçən avtomobillərə baxır, jaketinin qoluyla eynəyini silir, təmkinlə piyada zolağının boşalacağını gözləyirdi. Nəhayət, avtomobillər səngidi, qadın ağ zolaqların üstüylə üzü mənə tərəf gəlməyə başladı. Qət edəcəyi məsafənin yarısına çatmamışdı ki, qəfil dayandı. Başını yana əydi, səntirlədi və yerə yıxıldı. Eynəyi qırıldı, jaketinin ağ zolaqları yolun tozundan bozardı, yaylığı başından sürüşdü, sellofan torbalar cırıldı, aldığı ərzaqlar dağıldı… Üzü mənə tərəf bir-iki alma da diyirləndi.

Əvvəlcə elə bil yerimdə donmuşdum. Qadının yıxılmağı mənə olduqca pis təsir etmişdi. Amma sonra özümə gəlib yerimdən tərpəndim və sürətlə qadına tərəf getməyə başladım. Məndən qabaq çatan iki ortayaşlı kişi qadının qolundan tutub ayağa qaldırdılar. Biri onu qapısını açıq qoyduğu avtomobilinə tərəf apararkən, o birisi yerdəki ərzaqları toplayırdı. Yaxınlaşıb çantamdan çıxardığım kağız torbanı uzatdım. Kişi təşəkkür edib ərzaqları torbaya yığdı və avtomobilə tərəf getdi. Sürücü oturacağında əyləşən dostuna: “Xəstəxanaya sür!”-dedi və arxa qapını açıb qadının yanında əyləşdi. Yalnız avtomobil yanımdan şütüyüb keçəndən sonra dodaqlarımın kilidi açıldı. Dərindən nəfəs alıb geriyə-ticarət mərkəzinin qarşısına döndüm. Səki daşlarının dibində üç alma boynunu bururdu…

Taksi hələ gecikirdi… Başqa vaxt olsaydı, şirkətə yenidən zəng vurar, iradımı bildirərdim, amma indi o halda deyildim…
-Nətəər yıxıldı ə? Hi-hi-hi…

-Sən öl, eynəyi pis yerdə qırıldı e. Təsəvvür elə, eynəyin şüşəsi gözlərinə batır. Uy da!! Nə gözəl “ujas” filmi olardı! Hı-hı-hı…
Qulaqlarıma iannmaq istəmirdim. Yenə də səs gələn tərəfə baxdım. Bir dəstə gənc ticarət mərkəzinin divarının dibinə toplaşmışdı. Qızların sinələrinə sıxdığı iri dəftərlərdən tələbə olduqları anlaşılırdı. Oğlanlarsa dil-boğaza qoymadan nənələri yaşda olan qadının yıxılmağından danışırdılar. Amma elə danışırdılar ki, elə bil dünyanın ən bayağı filminə baxmışdılar. Onların dediyi hər sözə qızlar şaqqanaq çəkib gülürdülər. Hiss edirdim ki, qəzəbim qəhərə çevrilir, boğazımda düyünlənir. Bizim ailə dediyimiz dəyər bumuydu? “Qocalara hörmət edin”- deyə bizə öyrədilən mədəniyyət hara yoxa çıxmışdı? Axı, Azərbaycan qızının gülüşü də nazlı və xanımyana olmalıydı. Bəs bu qızlar? Bunlar niyə yaşlı qadının yıxılmağını lağa qoyub gülən oğlanlara qoşulmuşdular? Çox yox, otuz ildən sonra onlar da həmin yaşa çatmayacaqdılarmı?

-Ayaqqabısına baxdınızmı, Allah bilir, kimin köhnəsidi, geyinmişdi…Ha-ha-ha…-qızlardan birinin səsiydi.

-Yəqin gəlininindi də… Bəyənməyib atıb, arvad da zibil yeşiyindən götürüb geyinib…Hi-Hi…-başqa bir qız da ona cavab verirdi.

Oğlanlar da hırıldayırdı. Bu hırıldamaqla onlar “Azərbaycan ailəsi” ağacının kökünə balta çalmırdılarmı? Bəs, azərbaycanlı humanizmi? Heç olmasa, bu humanizmdən bircə damcı da olsa onların qanında, ruhunda yox idimi?

-Xanım, taksi sifarişi vermişdiniz?

Taksi sürücüsünün səsi məni fikirlərdən ayırdı. Qəhər məni boğurdu, danışa bilmirdim. Başımla “hə” edib arxa oturacağa əyləşdim. Güclə udqunub qəhərimi udmağa çalışdım və evimizin ünvanını dedim.

Evə çatıb özümü qapıdan içəri atınca hönkürdüm… Hə, hönkürdüm… Heç kimə heç nə deməmişdim… Heç o yaşlı qadına da… Onu ayağa qaldırıb xəstəxanaya aparan kişilərə də… Heç o mərhəmətdən məhrum gənclərə də… Amma, özüm bilirdim nəyə ağlayırdım… Mən bu dünyada qəddarlığın mərhəmətə qalib gəldiyinin şahidi olmuşdum… Bəlkə də, çoxları bu qələbəni bayram edərdi. Axı, indi rast gəldiyimiz hər on adamdan doqquzu yaxşılıq etməyi, bircə damcı gülümsəməyi eyib sayır. Mərhəmət təbiətin insana bəxş etdiyi ən gözəl yaraşıqdı və indi çoxlarının bu yaraşığı yoxdur deyə dünyamız çirkinliklə dolub-daşır…

Ağbirçək bir qadının qəfil başının hərlənib yıxılması, eynəyinin qırılması bu günün gənclərinə gülməli gəlirsə, mən sabahımıza ağlamayıb neynəyim bəs?!

Leyla Namazova,
Moderator.az

_______________________________________________________________________________________________________

Qoxuda və səsdə gizlənən vətən

$
0
0
Qoxuda və səsdə gizlənən vətən

Söz vaxtına çəkər, yağışlı bir payız günü iş yerində kompüterdə nəsə redaktə edirdim. Fikrim tamamilə yazıda idi. Qəfil burnuma ardıc qoxusu gəldi və bu qoxunu o qədər gerçək hiss elədim ki, özümdən asılı olmadan sağa-sola boylandım. Elə bildim, kimsə əlində iri bir ardıc otağa daxil olub. Kompüterin yan-yörəsini yoxladım. Bəlkə, monitorun şüasından qorunmaq üçün yan-yörəyə kaktus-filan qoymuşdular?

Heç kim və heç nə yox idi!

Koridora çıxdım. Pəncərələrin qarşısında ardıc qoxusu verə biləcək bitki, gül, dibçək axtardım.

Bəlkə belə bir ətir vardı? Otağa qayıtdım. Qoxu yox idi. Onu bir anlıq kəskin şəkildə hiss edib, həmin andaca itirmişdim.

Yerimdə oturar-oturmaz qəfil bu ardıc qoxusunun hardan gəldiyini, şüuraltıma niyə bu qədər güclü təsir etdiyini anladım!

Bildiyiniz kimi, insanda həm göz, həm səs, həm təmas, həm də dad yaddaşı olur. Məncə, bir də yaradılış yaddaşı var. Bunu bəlkə, genetik yaddaşın tərkib hissəsi kimi anlamaq lazımdır. Biz bu yaddaşın köməyi ilə uzaq və yaxın keçmişdən qeyri-şüuri nələrsə xatırlaya, hiss edə bilirik.

Laçında, Ağbulaqda, evimizin qarşısında sinəsi ayaqdan-başa ardıclıq olan böyük bir dağ vardı. Yerlə sürünən bu iynəyarpaqlı bitkilərdən kəskin qoxu gəlirdi. İllah da yağış yağanda ətrafa elə yayılırdı, az qala səsini eşidirdin. Əslində, bu qoxunun içində səs də vardı; ardıclıq olan dağla bizim evin arasından çay axırdı!

Mən o çayın səsini indi, o çaydan 500 km uzaqda daha aydın eşidirəm. Orda o qədər eşitmişdim ki, gözəl filmlərdə yerinə oturan musiqi kimi fərqinə varmamışdım.

Yurd böyük anlayışdır!

Mən daha çox buddizm haqqında oxuyanda insanın doğulduğu torpağın, daşın, çəmənin bir parçası olduğunu bütün mahiyyəti ilə anladım. Bir həqiqəti beyinlə, düşüncəylə anlamaq başqa, bədənlə anlamaq başqadır.

Ardıcların qoxusu bədənimin həqiqəti idi.

Ağlın öz yurduna can atması məntiqli, ürəyin can atması kədərli, bədənin can atması təbiidir. Bu canatmanın qarşısında illərin həsrəti dayanarsa, faciə başlayır və sən bu faciəni beyninlə də, ürəyinlə də, bədəninlə də hiss edirsən.

Mən o çayın ardıc qoxusuna bürünmüş laylasında böyümüşəm. Təkcə ruhumda, düşüncəmdə deyil, canımda, qanımda, bədənimdə də o qoxudan, o səsdən nəsə var.

Bir yağışlı payız günü kompüterin qarşısında dünyadan qopmuş halda işləyən vaxt məni yerimdən oynadan qanımdakı, canımdakı, bədənimdəki ardıc qoxusu idi.

Mən o qoxunu və o səsi Laçınla bağlı hər şeydə axtarmışam. Ona görə o yerlərin insanları ilə ünsiyyətdən doymuram. Yazı yazdıqca da o qoxunu, o səsi, Tanrının o qoxu və o səslə nə demək istədiyini insanlara çatdırmaq istəmişəm. Eyni zamanda, o qoxuya və o səsə həsrət qalmağın dözülməz ağrısından şikayətlənmişəm.

Dua etmişəm ki, tale məni ömrüm boyu bu həsrətdə qoymasın.

İnsan bədəni hardan yarandığını unutmur və gec-tez ora qovuşmaq istəyir. Əminəm, doğulduğun yurdda torpağa tapşırıldınsa, bütün sızıltılar canından çıxır, sözün həqiqi mənasında əbədi yuxuya dalıb rahatlayırsan. Çünki çevrə qapanır və cəmiyyətdən əfzəl təbiətin ilahi harmoniyası bərqərar olur.

Yaş artdıqca təkcə adamın canı yurd-yuvasını çəkmir, həm də yurd-yuvasının canı adamı çəkir.

Allah bizi-bizdən əbədi ayırmasın!

Şərif AĞAYAR,
"Vətən səsi" qəzeti

______________________________________________________________________________________________________

Azərbaycanda peşəkar yazıçı yoxdur

$
0
0
Azərbaycanda peşəkar yazıçı yoxdur

Hadisələrə obyektiv münasibəti ilə seçilən tənqidçi İradə Musayeva maraqlı bir status yazıb. O, deyir:

“...Anası öləndə Prust bərk sarsılır, amma anasından 2000-ci illərin hesabı ilə götürəndə 6 milyon Amerika dolları qalmışdı. Üstəlik, hər ay 15 min dollarlıq sabit gəlir. Demək istəyirəm ki, bu məbləğlə arxayın yaşamaq (baxmayaraq ki, ağır xəstə olub və cəmi 51 il yaşayıb) və 4 min 800 səhifəlik roman yazmaq olarmış... Yemək, ailə, iş dərdi çəkməyib... Müqayisə edəndə bizim yazıçılar qəhrəmandır, problemli məişət həyatının künc-bucağında vəziyyətlərinə uyğun şəkildə nələrsə yazırlar... Amma inanmıram ki hər 6 milyonu olan adam da Prust ola bilsin, hətta yazıçı olsa belə...”

Təbii ki, tənqidçinin təsbitinə heç bir etirazım yoxdur. Mən sadəcə günümüzün ən ciddi ədəbiyyat probleminə toxunan bu fikri bir az inkişaf etdirmək istəyirəm.

Azərbaycan yazıçısı həm də fədakardır.

Üstəlik, həm də həvəskardır.

Çünki milyonlar qazanmaq bir yana, heç bir müəllifin öz yazıçılıq fəaliyyəti ilə minimum yaşayış səviyyəsini qurmaq imkanı yoxdur.

Dünyada isə bəs-bəlli bir qayda var: məşğul olduğun sənətdə o zaman peşəkara çevrilirsən ki, o sənətdən dolanışıq çıxarasan!

Əgər belə deyilsə, sən sadəcə həvəskarsan.

Demək, çağdaş dünyanın məntiqi ilə Azərbaycanda bir nəfər də olsun peşəkar yazıçı yoxdur.

Səbəbsə, yazıçılardan asılı deyil.

Düzdür, adama deyərlər, səni oxumurlarsa, yazma, yazırsansa, dolanışıq davası eləmə.

Amma yox, bu sözləri işin mahiyyətini bilən qələm adamına demək olmaz.

Çünki o, qayıdıb sənə cavabı məlum olmayan belə bir sual verər:

“Nə bilirsən ki, oxunmuram?”

Bir yazıçının oxunub-oxunmamasını müəyyən etmək üçün onu oxucuya təqdim eləmək lazımdır. Biz bunu nə zaman elədik? Bakıdakı bir-iki müstəqil nəşriyyatın, iki-üç kitab mağazasının statistikası ilə cəmiyyətin kitaba münasibətini müəyyən edə bilmərik.

Ölkədə kitab industriyası yoxdur, buna görə, kimin nə qədər oxunduğunu müəyyən etmək qeyri-mümkündür.

İndiki halda heç kim oxunmur. Yaza bilən də, yaza bilməyən də. Və bu amansız gerçəklik bizi həvəskara, fədakara, İradə xanım demiş, qəhrəmana çevirir.

Halbuki sadəcə yazıçı olmaq kifayətdir.

Bundan da dəhşətlisi, müstəqil olduğumuz 29 il ərzində heç bir ədəbiyyat və mədəniyyət xadimi, heç bir müvafiq qurum kitab sənayesinin formalaşdırılması üçün heç vaxt ciddi məsələ qaldırmayıb.

Mən inanıram, belə bir təşəbbüs olsaydı, dövlətimiz onu dəstəkləyərdi. Çünki kitab ümummilli məsələdir.

Və bu gün də belə bir təşəbbüs heç kimin ağlına gəlmir.

“Əli böyüklərin ətəyinə çatan” ədəbiyyat və mədəniyyət xadimləri isə ev, təqaüd, orden-medal və vəzifə istəyirlər...

Biz itmiş zamanı kitablarda da axtara bilmirik.

Prustdan ən ciddi fərqimiz budur.

Şərif Ağayar,
kulis.az

________________________________________________________________________________________________________
Viewing all 166 articles
Browse latest View live