Əvvəli burada
-- A xatakar, mənim qorxum yoxdu, ələyim ələnib, xəlbirim göydə oynuyur. Həm də kişim qan eliyər. Sən özünnən qorx. Cavan, qəşəng qızsan. Səndən kim keçər? Handa qala , ayı ola, - deyib ona sataşdı.
Söhbətin məğzini sonra anladım. Dağdakıların arasında gəzən rəvayətlərə görə guya ayılar qəşəng qadınları sevirlər və oğurlayıb mağaralarına aparırlar. Və onların danışmaqalrından öyrəndim ki, ayı çox vaxt dumanlı havada ova çıxır. Külək ona tərəf əsəndə itlər ayının qoxusunu ala bilmir. Dumandan qəfil çıxıb heyvanları qoltuğuna vurub aparır. Elə öddəkdim ki, ayının adamları aparmasını eşidəndə bət-bənizim qaçdı:
--Süsən nənə, uşaqları da aparır ayı?—deyə qorxudan iri açılmış gözlərimi ona dikdim.
Arvad birdən əlini əlinə vurub:
--Ayı səni neyliyəjək? Dişə dəyəsi bir şey var səndə? Ələngə gəldin, ələngə də gedəcəksən evinizə. Gör bacın necə əməlləşib. Yanağına qırmızılıx gəlib. Sən dayça kimi ora-bura qaçmaxdan başqa bir şey bilmirsən. Yediyin də üzünə çıxmır,-- deyə mənə sataşaraq güldü. Həm də məni qorxudan çıxarmaq istədi. Ürəyim sıxıldı, süfrənin qırağında oturmuşduq, tez ayağımın birini kənara uzadıb isti şalvarımı yuxarı çəkərək ayağıma baxdım, sonra qolumu çırmadm. İkisi də çöp kimi arıq idi. Onların üçü də bir-birinə qoşulub uğunub getdilər. Ayının məni bəyənib aparmayacağını düşünüb bir az toxdadım. Ancaq həm də pərt olmuşdum. Özümə söz verdim ki, çox yeyib kökələcəm, mənə ələngə deməsinlər.
Üç gün evdən bayıra çıxa bilmədik. Duman çəkilmək bilmirdi. Əhəd əmi:
-- Tufan olmağındansa, duman olmağı yaxşıdır. Nə qədər davam etsə də, çəkilib gedəjək,--deyirdi.
Eşitdim ki, burda elə güclü tufanlar olub, alaçıqları götürüb aparıb. Hətta inəkləri də apararaq uzaqlara atıb. O üç günü təzək peçinin yanında oturub Süsən nənə və Əhəd əminin maraqlı söhbətlərinə qulaq asdım. Əhəd əmi tufanla bağlı bir əhvalatı danışdı:
--Bir dəfə Əhmədgilnən birlikdə yaylağa gəlirdik. Kürd Əhmədin oğlu Şərif Səməngüldən iki yaş böykdür, bunnar lap uşağ idilər. Qannı gölün yanında ikisini də götürüb hərəsini dəvənin belində mitil yığdığımız məfrəşin bir gözünə-mitillərin üstünə qoydux. Tufan bizi yolda haxladı, özümü daldaya verib qayaların arasında güclə bənd aldım. İndiyəcən o cür güjdü tufan görməmişəm. Dəvənin ovsarını əlimdə möhkəm saxlasam da, birdən əlimnən çıxdı. Tufannan gözümü açıb bir yerə baxa bilmir, daldalandığım yerdən çıxa bilmirdim. Əlim yerdən-göydən üzüldü. Bircə Madiyənin hünərinə güvənir, etibar edirdim. Onda gözüm seçdi ki, Madiyə özü çöküb yerə, dizin-dizin qayaların arasına sürünür ki, külək uşaxları məfrəşdən götürüb aparmasın. Birtəhər məfrəşdərin ağzını büzüb bağladım, tufan yavaşıyannan sonra sağ-salamat gəlib çıxdıx.
--Əhəd əmi, bəs külək toz-torpağı Madiyənin gözünə doldurmurdu? Necə görmüşdü səni?—deyə soruşanda Əhəd əmi:
--A şeytan qızım, adamda iki göz qapağı olmağına baxma, dəvələrdə üçüncü göz qapağı olur.Özü də şəffaf. Bərk külək, tufan olanda üçüncü göz qapağı ilə gözünü örtüb baxır, hər yeri görür, gözünə də toz-torpaq dolmur.
Əhəd əmi dəvələr haqqında bu qədər məlumatları ilə məni hər an heyrətə salırdı.
Oba cavanları Əhəd əminin növbəsini özləri çəkdi, dumanda onu qoyun hərləməyə, ağıllara baş çəkməyə qoymadılar neçə gün. Onda hiss etdim ki, Əhəd əminin bu obada nüfuzu, hörməti böyükdü. Alaçıqda dustaq qaldığımız bu üç gündə mənim diqqətimi çəkən bir şey də vardı: Əhəd əminin Süsən nənəyə münasibəti. O arvadına ən çox : “A xatun”-deyə müraciət edirdi. O qədər qayğıkeşliklə, o qədər sevgi və hörmətlə yanaşırdı ki, Süsən nənəyə. Bunu əvvəlcə heç hiss etməmişdim. Samovarı özü qaynadır, çayı da özü dəmləyib süzürdi. Axşam döşəkləri yükdən özü daşıyıb gətirir, səhər yenə yükə qaldırırdı. Süsən nənə də ərinə nazlanır:
--A Sarı, qoy özüm eliyəjəm. Sən otur, ancağ əlinə fürsət keçib, bir dincəl,- deyib onu əzizlərdi. İlk evliliklərindən yarımayan bu iki adam bir-birini o qədər gözəl tamamlayır, sözsüz anlayır və sevirdilər ki. Sonralar məhəbbətdən söz düşəndə o dağlarda müdrik sevginin , əsl insan məhəbbətinin tamını ömrünün yarısından sonra dadan bu iki adam yadıma düşərdi. Onlar bir-birinə məhkum deyildilər, onlar bir-birini anlayır, dəyərləndirir, bir-birini qoruyur, bir- birinin arxasında dayanırdıar. Bu , sözün həqiqi mənasında əsl sevgi üzərində qurulmuş sarsılmaz ittifaq idi.
Dumanlı gündə mənim üçün ən dəhşətli problem zəruri ehtiyac üçün alaçıqdan bayıra çxmaq olmuşdu. Bacıma və Səməngülə dirənib ikisinin də mənimlə getməsini istəyirdim. Onlar bəzən əsəbləşir, mənimlə getmək istəmirdilər. Ayının qorxusu canıma elə çökmüşdü ki, bir an yadımdam çıxmırdı. Və bir dəfə alaçığa qayıdanda məndən bir az aralı sıx dumanın içindən gələn camış manqırtsına bənzər boğuq səs eşitdim. Özümü güllə kimi alaçığa salaraq:
--Süsən nənə, ayı var, ayı!! Düz alaçığın yanına gəlib! Az qalırdı məni aparsın! Özüm gördüm, səsini eşitdim!--deyə qışqırmağa başladım. Bir haray-həşir salmışdım ki, gəl görəsən. Ancaq onların heç vecinə də olmadı.
Süsən nənə:
--Sən elə bilirsən, səs alaçığa gəlmir? O səsi biz də eşitdik. Əhəd babayın dəvəsinin səsidi, a bala. Ayının qorxusu səni birtəhər eliyəjək. Duman çəkilib getsəydi, bu uşağın aynası açılardı,--dedi.
Qızlar yenə :
--Nənə demədi ki, ayılar iskeletləri aparmır? Sən qorxma, səni aparmaz. Dişini-başını qırmıyacax ki səndən ötrü,-deyib məni cırnatmağa başladılar.
Bir azdan Əhəd əmi içəri girib ləyən istədi. Gətirdiyi səliqə ilə doğranmış, iri sümükləri çıxarılmış quzu ətini ləyənə boşaldıb:
--A xatun, nə deyirsən, uşaxlara bir dəri bozartması bişirəkmi?—dedi.
--Vallah, yaman yaxşı olar, dişimizi dəyişərik,-- deyən Süsən nənə cəld tədarük görməyə başladı. Xeyli soğan gətirib soymaq üçün bacımla Səməngülə verdi. Özü çoxlu əvəlik, ələyiz, nanə qurusu, kəklikotu , duz-istiot, doğranmış lavaşa çıxarıb ətin üzərinə tökdü və soğanı əlavə edib qarışdırdı. Əhəd əmi:
--Mən gedim, təndiri qalıyım,-deyib çölə çıxdı.
O gedəndən sonra Süsən nənə ədviyyatla qarışdırdığı əti quzunun bütöv çıxarılmış dərisinin quyruq tərəfdən içərisinə yığmağa başladı. Onun dörd tərəfinə hərlənir, maraqla baxırdım. Ət dərinin ortasında bir qırıq qaldı. O, dərinin artq qalan hissəsini metal məftillə möhkəm bağlayıb əti dərinin içində kipləşdirdi. Əl və ayaq yerlərini də dibdən bağlayıb artıq dəriləri kəsib atdı. Uzunsov, yunlu və başı, qol-qıçı olmayan quzuya bənzər qəribə bir şey əmələ gəldi. Düzəltdiyini götürüb çölə çıxdıq və alaçığın yaxınlığında Süsən nənənin neçə il əvvəl öz əli ilə qoyduğu, ağzını həmişə kip bağladıqları kiçik təndirin yanına apardıq. Közün düşməyinə az qalmışdı. Əhəd əmi təndiri qarışdırır, közləri qızışdırırdı. Nəhayət, köz düşdükdən sonra ət yığılmış dərini közün içinə basdırdılar. Təndirin ağzını yanoy örtüb alaçığa qayıtdıq. Azca keçmiş yanmış yunun iyi ətrafı bürüdü. Ödüm ağzıma gəlirdi.
--Mən ondan bir tikə də yemiyəcəm,-deyə düşünürdüm.
Tezliklə yanmış yunun iyini çox dadlı, tamlı bir yemək qoxusu əvəz elədi. Əhəd əmi hərdən gedib baxır:
--Az qalıb, siz süfrəni hazırlayın,--deyirdi.
Sonuncu dəfə getdikdən sonra iri mis məcməyinin içində közdə bişmiş nəhəng kartofa bənzər, qızarmış bir şeylə içəri girdi. Yun tamam yanmış, dəri qıpqrmızı qızarmış, yığışıb kömbələnmişdi. Süsən nənə onun üstünü tərtəmiz sildi, bıçaqla qaşıyıb təmizlədi. Ortalığa gətirəndə iri, parıldayan bıçağı ərinə verib:
--A Sarı , yar, görək nejə çıxıb?—dedi.
Əhəd əmi bıçağı ehtiyatla dəriyə çəkəndə zəif bir paqqıltı səsi çıxdı. İlik kimi bişmiş, ədviyyatlı quzu tikələri buğlana-buğlana yarıqdan bayıra çıxdı. Həmin günü həyatımda ən dadlı yeməyi yedim.
Axşama duman çəkildi. Tərtəmiz səmada əlimiz çatacaqmış kimi yaxın görünən, bol-bol sayrışan ulduzlar göründü. Mənim qorxularım o dumanla çıxıb getdi. Ancaq onunla bərabər həmin günlərdə eşidib gördüklərim xatirimdə elə dərin kök saldı ki, dağla bağlı xatirələrimin ən gözəl və maraqlı səhifələrinə çevrildi.
Sabahdan yenə oba cavanlarının əyləncələri, axşamlar çalıb-oynamaqları başlandı. Gündüzlər at yarışlarına çıxır, it boğuşdurur, xoruz döyüşdürürdülər. Əhəd əminin çox bəzzad itləri vardı. Oba cavanları hey onları boğuşdurmaq üçün istəsələr də, Əhəd əmi heç vaxt razılıq vermədi. Ancaq onun
“Qırxpipik” dediyi iri bir xoruzu vardı. Yeməklərin qalığını çox vaxt ona verər, hərdən çiy ət də atardılar. Bir dəfə Səməngül ətdən artıq qalmış piy və quyruq qırıqlarını ona vermək istəyəndə Əhəd əmi qoymadı:
--Vermə, qızım, xoruza quyrux verdin haa, taa onnan döyüşçü çıxmaz, qol-qıçını yağ basajax,--dedi.
O, hərdən xoruzu götürüb obanın kənarındakı düzənliyə gedir, Aşağı obanınkılarla döyüşdürürdü. Öz obasından olan xoruzlarla ona görə döyüşdürmürdü ki, deyirdi, bir-birinə ləj düşəcəklər, xoruzun günü döyüşməkdə keçəcək, gücü azalacaq. Xoruz döyüşünə ancaq kişilər və oğlanlar baxırdı. Qadınların və qızların ora getməsi qadağan idi. Oğlansayağı paltar geyindiyim və balaca olduğum üçün ora getməyimin heç kəs fərqinə varmırdı. Meydana atdıqları xoruzları qızışdırır, döyüşə təhrik edirdilər. Əhəd əmi:
--Dik-dik, dik-dik, dik-dik, a qızılbaş haa, a səni ölmüyəsən, caynaxla haa, halaldı haa, hoyye-heyy, --deyə xoruzunu qızışdırır və bu döyüşlərdə, demək olar ki, həmişə “Qırxpipik” qalib gəlirdi. Gələndə xoruzu hinə atar, qabağına dən-su qoyub qapını bağlardı. O yekəlikdə adam bir xoruzun qələbəsinə görə elə sevinər, elə qürrələnərdi ki, heç elə bil o böyüklükdə dəvələri ram eliyən adam bu deyildi.
Mən hərdən Səməngülün gözdən oğurlanıb sevdiyi oğlanla görüşə getdiyini hiss edirdim. Elə bu arada Əhəd əminin dostu kürd Əhməd oğlu Şərif üçün Səməngülə elçi gəldi. Axşam lampa işığında oturub söhbət elədilər. Kürd Əhməd :
--Sən irazılıx ver, payızda toylarını eliyək,-dedi.
Əhəd əmi isə:
-- Qoy bir cavannarın ağzını arıyax, nə tələsiklikdi?--deyib məsələni yubatmaq istədi.
Kürd Əhməd:
--Şərif özü deyib qıza, bilir. Niyə yubadax, Əhəd? Xeyir işi yubatmazlar,--deyə cavab verdi.
Hamı bir-birinə baxdı. Süsən nənə Səməngülü bir kənara çəkib:
--Səmən, sənə deyib Şərif? Razısan?- deyə soruşdu.
O dəmdə Süsən nənənin səsində elə qəribə hüzn və kədər, həm də narahatlıq vardı ki, sanki qızının razılıq verməsi anasının ölüm hökmü olacaqdı.
--Bir dəfə deyib. Axşam qız paltarı geyib oynamağa gəlmişdi şenliyə, bizim obuya. Mən razılıx verməmişəm. Onu istəmirəm,--deyə Səməngül cavab verəndə mən məsələni anladım. Deməli, axşam şənliyində Səməngülə ürəyini açan Mərdan yox, Şərif imiş.
Kürd Əhməd və onunla gələnlər məsələni hələlik yarımçıq qoyub getdilər.
Heç iki gün keçməmiş axşamüstü bizim obadan olan iki dağlı qadın başılovlu özlərini alaçığa saldı:
--A Süsən, xavardan xavarın varmı? Qıvreyin obasınnan Hasanqulu oğlu Mərdan sizə elçi göndərən Şərifi qəməliyif. Deyillər, vəziyyəti ağırdı, dədəsi hələlik hökümətə xavar eləmiyif. Aşağıdan həkim gətiriflər, yarasını tikiflər.
Səməngülün gözləri alacalandı. Sifətinin rəngi qaçdı, ayaqüstə dayana bilməyib yerə çökdü. Özünü ələ almağa çalışsa da, doluxsunmuş gözlərini gizlədə bilmədi:
--A dəli, sən niyə elə eliyirsən? Səninki nəlikdi? –deyə nənəsi soruşanda:.
-- Heş nə, nənə, heş nə olmuyub,-- desə də, birdən əlləri ilə üzünü qapayıb hönkürən Səməngülü görəndə qonşular şübhəli-şübhəli baxışdılar.
Onlar gedəndən bir az sonra Əhəd əmi gəldi. Bütün əhvalatı ondan öyrəndik:
--Hasanqulunun oğlu Mərdan Şərifin elçi göndərməyini eşidib, Aşağı obada qabağını kəsib, deyib ki, o qızı mən istiyirəm. Qız da məni istiyir. Yolumnan çəkil. O da ağızdan pərtovun biridi axı, bilirsən, xatun. Ağzına gələni deyib, tutaxlaşıblar. Mərdan da qəməsini çıxarıb, soxub bunun qarnına.
Bu sözləri Əhəd əmi çox aramla, sıxıla-sıxıla, bir az da pərt olmuş kimi deyirdi.
--İndi uşax nejədi, görən? Bə Mərdan hardadı, tutmuyublar ki?—deyə arvadı soruşanda o:
--Uşax pis döyül, yarası yaxşıdı. Ancax qohum-qardaşı, dədəsi qan eliyir: “Hayıfımızı çıxajıyıx,-deyillər,-- ya tutdurajıyıx, ya da əvəzinə qan alajıyıx”,-- cavabını verdi.
Birdən Səməngül iki əli ilə üzünü tutub yukun dibinə qısılaraq ağlaya-ağlaya:
--Dədə, noolar, qoyma, onu tutsunlar. Sözün hər yerdə keçir. Saa qurban olum, noolar, dədə, qoyma tutsunlar. Barışıq elə. Əhməd əmi səni eşidər,--dedi.
Əhəd əmi qapqara qaraldı. Süsən nənəyə baxıb başı ilə işarə elədi ki, yəni, çölə çıx. Hər ikisi alaçıqdan bayıra çıxdılar. Çöldən onların gudur-gudur danışıqları gəlirdi. Bu cür gərgin anlarda həmişə gözə görünməməyə, kənarda qalmağa, bəlkə də, qorxduğum üçün bu cür etməyə çalışan mən Səməngülün böyrünə qısılıb durmuşdum. Hərdən :
--Ağalama, Səmən, ağlama daa, noolar?--deyə onun əlini sığallayırdım. O, əini üzündən çəkib məni qucaqladı və bir əli ilə böyrünə sıxıb eləcə qaldı.
Bir azdan Süsən nənə içəri girdi. Sifəti avazımışdı. Gəib yerdən Səməngülün yanında oturdu. Onun əlini əlinə alıb:
--Səmən, bu iş düzələsi işə oxşamır. O uşağın Şərifi qəmələməsi heç yaxşı əlamət döyül. Bəlkə, sözü çəp gəlsə, səni də elə vuracaq? Həm də görək, bu Şərfgilin adamları onu neyliyəjək, rahat qoyajaxlarmı?-dedi.
Səməngül heç nə demədi. Qüssəli baxışlarını aşağı dikib dayanmışdı. Ona baxıb mən də sıxılırdım.
Uşaqlar mələk kimidirlər. Onlar görünməyən şeyləri də görür, insanın baxışından, duruşundan, gözünün ifadəsindən, aurasından qarşı tərəfin bütün fikirlərini oxuya bilirlər. Lap adlandıra bilməsələr də, bu barədə danışa bilməsələr də, uşaqlar böyüklərdən yaxşı görürlər. O vaxt hiss etdiklərimi sonralar tam aydınlığı ilə dərk edirdim. Hiss edirdim ki, Süsən nənə Səməngülü gözündən irağa qoymaq istəmir. Uzun illər övlad həsrəti ilə yaşayan qadın doğma övladı olmasa da, Səməngülü doğma balası kimi sevirdi. Bu sevgidə övlada olan sevgidən başqa, nəsə tamam başqa bir şey - Səməngülə bir tutuqluluq da vardı. Sanki onun ailə qurub ocağı tərk eləməsi ilə Süsən nənə uzun illər əzabını çəkdiyi övladsızlıq ağrılarını, tənhalığın acılarını yenidən yaşamağa başlayacaqdı. Həm də ev və təsərrüfat işlərində nənəsinin ən yaxın köməkçisi olan Səməngülü əldən qoymaq istəmirdi qadın. Əhəd əmi isə Səməngülün Şərifi sevməməsinə görə rahat nəfəs aldı. Çünki o, Şərifi heç xoşlamırdı.
Səhəri gün Əhəd əminin xəbər uçurduğu adamların hamısı alaçığa yığışdı. Mərdanın atas Hasanqulu kişi də gəlmişdi. Məlum oldu ki, Hasanqulu ilə Əhəd əmi bundan əvvəl hardasa görüşüblər və bu tədbiri birlikdə töküblər. Görən kimi onu tanıdım, çünki oğlu eyzən atasına bənzəyirdi. Çox yaraşıqlı, ucaboy, gözündən gülən biri idi. Onu görəndə ürəyimdə fikirləşdim ki, Mərdan da yaşlananda atası kimi belə yaraşıqlı kişi olacaq və o anda xəyalımda Səməngülə Mərdan üçün gələn elçilərə artıq “hə” cavabını vermişdim.
Onlar çox gec-- gecədən keçmiş qayıdıb gəldilər. Obadan olanlar öz alaçıqlarına getmiş, uzaqdan gələn iki nəfər isə Əhəd əmi ilə bizim alaçığa gəldilər. Yorğun olsalar da, üzlərində bir razılıq və arxayınçılıq vardı . Süsən nənə çay süzdü, süfrə arxasında oturub danışmağa başladılar. Bacım yatmışdı, Səməngüllə mən isə alaçığın bir tərəfinə çəkilmiş və bizim yataq yerimizi digərlərindən ayıran cecimin arxasından onların söhbətinə qulaq asırdıq.
--Əhəd, başıma gəlsən, səni rədd etmənəm. Sən ki mənim bu günümdə irəli durdun, məni, balamı bu xatadan sovuşdurdun, ölənəcən qulunam,- deyə Mərdanın atası sözə başladı. Səməngülə də elə bu lazım idi. Barmaqlarını çataqlayıb çənəsinin altında tutaraq diziüstə oturmuş halda yavaşca, pıçıltıyla, bəlkə, yüz dəfə: “Allah, çox şükür, şükürlər olsun, ya Rəbbim, çox şükür, şükür”,- dedi və meymun balası kimi döşəyin bir tərəfində çöməlmiş məni cəld qapıb bağrına basaraq yorğana büründü. Sonra ikimiz də Hasanqulunun:
--Bu iş xeyirliklə bitsin, elçilərimi göndərəjəm, Əhəd ,--dediyini eşitdik. Səməngül titrəyə-titrəyə, bərk-bərk mənə sarıldı. Heç vaxt duxi görməyən və çiçək ətri verən bədənin rayihəsi məni vurdu. Çöp kimi arıqca qollarımla onu qucaqladım. Səməngülün məni belə qucaqlaması, öpməsi, mehri məni elə kövrəldib, özünə elə bağlamışdı ki, sanki ən doğma adamımdı. Qaşqabaqlı və daim iş-güclə məşğul olan anam bir dəfə də olsun məni belə qucaqlayıb üzümdən öpməmişdi. Və sonralar da həyatım boyu bu cür ana mehrinin korluğunu çəkdim. Bizə canını qurban verməyə hazır olan anam mehrini verməyi bacarmadı.
İki gün sonra Nasanqulunun adamları Əhəd əmini və özləri ilə gətirdikləri ata yüklənmiş çoxlu malları, iki böyük, cins dişi dana və on qoyunu götürüb kürd Əhmədin obasına yola düşdülər. Səməngülün çiçəyi çırtlamışdı. Sevindiyindən ayağı yerə dəymir, quş kimi uçurdu. Hamımızn aynası açılmışdı, bircə Süsən nənə nədənsə qayğılı görünürdü. Səməngül onun o tərəf-bu tərfinə keçir, güldürməyə, ağırlıqdan çıxarmağa çalışrdı:
--Nənə, baxarsan, hər şey yaxşı olacaq, vallah, hər şey yaxşı olacaq,-deyirdi.
-- Sənin nə vədəndi axı? İndidən eşqin vurub topuğuna. On səkkizi təzə tamam eləmisən, niyə belə tələsirsən, qızım?-deyə Süsən nənə dediyində durmuşdu.
--Nənə, axı qalıb neyliyəcəm ki? Sənədlərimi instituta verməyə, oxumağa qoymadınız ki, qız uşağısan, uzaq şəhərdə tək-tənha nə işin var? İndi də belə.
-- Hə, nooldu indi? İndi də böyürdən bu biri “inistut“ çıxdı hııı?
--Nənə, bu “inistut” əzəl-axır olmalıdı, niyə elə deyirsən? Vallah, Mərdan yaxşı oğlandı, baxarsan, sənə yaxşı yeznəlik eliyəcək. Onun nəyi xoşuna gəlmir axı?-deyə Səməngül gah zarafatla, gah da ciddi nənəsinin könlünü almaq istəyəndə Süsən nənə:
--Daha səndə abır da qalmıyıb axı, deyəsən,-- deyərək çölə çıxa-çıxa biz eşitməyək deyə öz-özünə, --qaraçı qız “filan”ını tərifləyən kimi, sən də Hasanqulunun gədəsini təriflə görək, görəjiyik sonrasını,--dedi.
Səməngül də, biz də bu sözləri eşitdik. Mən “filan”ı eşidəndə qulaqlarımacan qızardım, Səməngül isə qaçıb arxadan nənəsini qucaqladı, şaqqanaq çəkib gülərək:
--Baxarsan, nənə, bunu Mərdana deyəcəm, vallah, deyəcəm. Görək sonra onun üzünə necə çıxacaqsan?-deyib Süsən nənənin ora-burasını qıdıqlamağa, çimdikləməyə başladı. Arvad onun əlindən güclə qurtarıb qaçaraq:
-- Bu qız qızıb, vallah, qızıb,-dedi.
Barışıq üçün gedənlər qayıdıb gələndə Əhmədin evində olanları müzakirə edərkən öyrəndik ki, Əhməd mərd adammış. Qızın onun oğlunu istəmədiyini biləndə oğluna təpinib ki, daha bu işin varağasını bük. Ancaq Şərif heç ipə-sapa yatan deyilmiş. Hasanqulunun gətirdiyi malları götürdüyü üçün az qala dədəsinin üzünə ağ olacaqmış. Kürd Əhməd isə:
--Mənim bu mallara ehtiyacım yoxdu. Onları ona görə götürəcəm ki, sənin qıcıq dişin sınsın, camaatı rahat qoyasan. Düz-dünya doludu qıznan, kimi desən, alacam sənə, zornan sevda olmaz,- deyib. Şərif də elə içindən kəsilə-kəsilə qalıb.
Aradan bir həftə keçmiş Mərdanın adamları Səməngül üçün elçi gəldilər. Razılıq üçün “hə”-sini alandan sonra şirin çaylarını içib toyu evə qayıdanda –payızda edəcəklərini danışaraq çıxıb getdilər.
Səhər oyanan kimi gözüm Səməngülü gəzdi. Alaçığın arxasından onun sevinc, bəxtəvərlik, şənlik notları ilə dolu səsi gəlirdi. Geyinib yanına qaçdım və ilk sözüm bu oldu:
--Səmən, sənin toyuna neçə gün qalıb?
Bu sualı gözləmirdi. Duruxdu, sonra gülümsəyib:
-- Bah, şah məni aldı, öpməsi qaldı. Hələ qoy bir evə qayıdaq, onnan sonrasına baxacıyx, --dedi.
Bizim evə qayıtmaq vaxtımıza lap az qalmışdı. Evimizdən, valideynlərimdən ötrü darıxırdım. Ancaq burda gördüklərim həyatımın ən gözəl xatirələri oldu. “Kaş hamımız bir yerdə bura gələ biləydik”,- deyə xəyalımdan keçirirdim. Süsən nənə bizim üçün, anam və nənəm üçün çoxlu pay tutdu. Bir böyük pendir motalı, nehrə yağı, qurud, süzmə qatıq, bal, kök bir quzu cəmdəyi yüklənmiş Madiyəyə mənimlə bacım, Mərdan da Bəyzoya mindi və hamı ilə görüşərək üzüyenişə-- Qanlı gölün sahilinə yollandıq. Atamgil bizi orda gözlüyürdü.
Evimizə az qala uça-uça gedirdim. Bol-bol xatirələrimi, gördüklərimi evdəkilərlə, rəfiqələrimlə bölüşmək, evimizi, ilin bu vədəsi bardan aşıb-daşan bağ-bağçamızı görmək istəyirdim. Evə çatan kimi dil boğaza qoymadan elə hey cırcırama sayağı cırıldayır, camaatın baş- beynini aparırdım. Səməngülün ərə verilməsi xəbəri də lap başda gəlirdi. Anamgil çox sevinib:
--Allah mübarək eləsin, xoşbaxt olmalı qızdır,--dedilər.
Mən çox intizarla Səməngülün toy gününü gözləyir, onların yaylaqdan nə vaxt gələcəklərini hesablayırdım. Bizim gəlməyimizdən on gün keçmiş günorta nənəm başılovlu girdi içəri:
--Süsənin evi yıxılıb, Allah ona züryət versəydi, elə özünə verərdi. Bu qızı iki yaşından götürüb saxladı, iyini atmışdı ona. Bunu da Əzrayıl dili yanmış qoymadı, əlindən aldı, -deyib ağladı.
Hamımış quruyub qalmışdıq. Atam:
--Nənə, noolub?-deyə soruşdu.
-- Səməngülü yaylaqda sel aparıb. Nişanlısı ilə birlikdə. Bunu sel aparanda nişanlısı görür, özünü vurur suya ki, qızı qurtarsın, ancaq sel ikisini də aparır. Meyitlərini Qanlı göldən tapıblar.
Mən bəd xəbərin zərbəsini ilk dəfə onda gördüm, onun zəhər kimi acısını daddım. Ürəyim sıxılır, onlar: Mərdanla Səməngül gözümün önündən getmirdilər. Bu xəbər mənə ona görə daha çox əsər etdi ki, mən həsrətlə onların toyunu gözləyirdim. Mən o toyda rəqs edənlərə əl çalmaq, yallı gedənlərin axırıncı adamı olaraq onların əlindən yapışıb yamsılamaq, məni zorla arxalarınca sürükləmələrini istəyirdim. Onların xınayaxdısında balaca barmaqlarıma xına yaxmaq, haxışta deyən qadınlara qoşulmaq, onların toyunda mağarın arxa tərəfinə keçib xoşum gəlməyən məhlə uşaqlarını arxadan vurub qaçmaq, onların dərsini vermək istəyirdim. Səməngülü gündə neçə dəfə gəlinlik paltarında təsəvvür eliyir, gördüyüm gəlinlərin ən gözəli onu hesab eliyirdim. Lakin mənim bütün ümidlərim suya düşmüş, xəyallarım sınmış termometrin civəsi kimi darmadağın olmuşdu. Arxa otağa qaçıb çarpayının böyrünə qısıldım, yenə vərdiş etdiyim meymun çöməltməsi oturub için-için ağladım. Anamgil tələsik haya getdilər, məni eşidən olmadı, oturduğum yerdə ürəyimi boşaltdım.
Axşam anamgil gələndə hər şeyi ətraflı danışdılar və dəhşətli bu idi ki, sel Şərifi də aparmışdı. Onlar üçlükdə suların qurbanı olmuşdular. Özünə cehizlik mitil hazırlatmaq istəyən Səməngül nənəsinə demədən evdəki yunu götürüb yumaq üçün dərəyə enir. Hava qaralır və birdən-birə güclü yağış başlayır. Yuxarılara neçə saat əvvəl yağmağa başlayıbmış. Qız onu dərədə qəfil yaxalayan seldən qurtarmaq istəsə də, bacarmır. Bu vaxt nişanlısını qıraqda gözləyən Mərdan suya atılıb sevgilisini selin ağzından almaq istəyir. Səməngülü kölgə kimi izləyən Şərif uzaqdan baxırmış və Səməngülün boğulmaq üzrə olduğunu görəndə o da suya atılır ki, qızı qurtarsın. Bəlkə də, o, Səməngülü xilas etməklə onun sevgisini qazanmağa ümid edirmiş, kim bilir. Lakin onların heç biri seldən xilas ola bilmir.
Həmin gecəni heç yata bilmədim. Yaylaqda sevgilərinin şahidi olduğum cavanların bəxtəvər günləri, onların gənclik eşqi, sevgi ilə dolu baxışları, həyəcanları, bir-birini görəndə çaxan şimşək kimi işığı çoxalan, öpüşən nəzərləri gözüm önündən getmədi. Xəyalımda o dağlara getdiyim gün canlanır, Sarı Əhədin oxuduğu nəğmə qulaqlarımda səslənirdi:
Ağ dəvə düzdə qaldı.
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
H Ə C Ə R
14 may 2019.
↧
Vəsiyyətimdi - qəbrimin yanında
sərv əkilsin, sərvi sevirəm -
Saçı tökülməz, dişin dişəməz...
Boyu sallanıdı - sevgidən deyər,
əyni qalındı - soyuqda üşüməz.
Ağaclar içində boydan boy çəkər,
Qarışqalar sinəsində yol çəkər.
Paltarı yaşıldı - havası olur.
Gün düşəndə qalın kölgəsi,
Üstündə quşların yuvası olur.
Qəbrimin yanında bir sərv əkərsiz!
Molla, Quran öz yerində, -
Qəbrimə baş çəkənin
İstərəm azacıq duyğusu olsun,
Gələndə əlində bir qab su gəlsin, -
O sərvi sulamaq qayğısı olsun.
Mən çox şeydən korluq çəkdim,
Sevdim həyatı, dostlar.
O sərv susuz qalmasın,
Sərvim amanatı, dostlar!
23.08.2019________________________________________________________________________________________________________
↧
↧
![Yenidən sevməyi öyrənəm gərək Yenidən sevməyi öyrənəm gərək]()
Karabakhmedia.az 10-cu sinif şagirdi Mətin Qarayevin şeirlərini təqdim edir.
Ay və Günəş
Qaranlıq bürüyür bütün aləmi,
Gecə yaxınlaşır gündüzsə qaçır,
Ay ulduzlarla görüşə gəlir,
Günəşsə üz tutub dənizə qaçır.
Ulduzlar günəşlə vidalaşmayır,
Onların ümidi var yəqin sabaha,
Günəş Aydan gizlənib batır ,
Aysa yaxınlaşır göydə Allaha.
Görən onların ədavəti var?!
Yoxsa bu qaça-qaç nədəndir, nədən?
Bəlkə də bir-birindən utanırlar,
Günəş Aydan utanır, Ay da Günəşdən.
Bu nədir, sirdimi yoxsaki tilsim?
Dünyanın niyə bundan xəbəri yoxdur?,
Bildim, bu səmanın şıltaqlığıdır,
Gecəsi yoxdusa, səhəri yoxdur.
Yox, səma da günahkar deyil,
Bu Tanrının öz əməlidir,
Tanrını işinə qarışmaq olmaz,
Qarışsaq, deməli, dünya dəlidir.
Aha, çözdüm bu işi, anladım özüm,
Bu yer üzünün bir nizamı var,
Onlar tanımasa da bir- birini,
Onların böyük bir ehtiramı var.
Tanrım, qoyduğun nizamı pozur insanlıq,
Yaxşılar azalır, çoxalır pisin sayı,
Həqiqəti, doğrunu yalanla tən tutanda
Yəqin, göydə görərik birgə Günəşlə Ayı.
Eşqimiz
Eşqimiz bir solğun çiçəyə bənzər,
Budağı tikanlı, ləçəyi nəmli,
İnanmam, bu gülü kimlərsə dərə,
Dərsə də dərənin ürəyi qəmli.
Eşqimiz bir tənha ceyrana bənzər,
Ovçudan gizlənir, aslandan qaçır,
Meşədə tək gözəl olmaq çətindir,
Meşənin gözəli yuvadan qaçır.
Eşqimiz bir itkin gəmiyə bənzər,
Dalğalar gəmi ilə vuruşub durur,
Gəmi dərd içində, gəmi ağlıyır,
Gəminin gözünü balıqlar yuyur.
Eşqimiz bir sonsuz gülşənə bənzər,
Təkcə gülü var, təkcə bülbülü,
Təkliyin içində yaşasalar da
Bülbül gülü sevir, gül də bülbülü.
Eşqimiz bir qərib adaya bənzər,
Ada okeanda sudan boğulur,
Adanın tək dostu bu okeandı,
Hər gecə adada sular doğulur.
Eşqimiz bir tozlu kitaba bənzər,
Kitab barmaqların həsrətin çəkir,
Sarı vərəqlərdə qara hərflər
Bəyaz barmaqların şəklini çəkir.
Eşqimiz bir böyük günaha bənzər,
Artıq bu günahdan boğuluram mən,
Səni sevməyim günah imişsə
Dünyada ən böyük günahkaram mən.
Özümə bir dünya düzəldəm gərək
Əgər yolum düşsə mənim dünyadan
Özümə bir dünya düzəldəm gərək.
Köhnə sevgiləri pozub korluyum
Yenidən sevməyi öyrənəm gərək.
Təzədən özümü quraşdıram mən
Yaxşını, yamanı qarışdıram mən
Sabahla bu günümü barışdıram mən
Sonra dünənimi itirəm gərək.
Ancaq tutmuyım zülmü uzaq özümdən
Baxanda yanğını hiss eləyim izimdən
Ömrümü başlayım acı günümdən
Ən gözəl çağında bitirəm gərək.
Burdan o tərəfə yaradım, yazım
Düşüncə dərinim, cümlə dayazım
Gülən şeirlərin məzarın qazım
Ölü şeirləri dirildəm gərək.
Dost edim özümə yaxşını, pisi
Səsləşsin könlümlə xeyrin, şərin səsi
Çarpışan görəndə Mələklə mən İblisi
İblisin ayağını büdrədəm gərək.
Qarabağdadır
Bu dünyanın hər ləzzəti, səfası
Hər zövqü, nəşəsi Qarabağdadır.
Yaratmaq istəyi, yazmaq ilhamı
Yaşamaq həvəsi Qarabağdadır.
Başdan başa cənnətdi dərəsi, dağı
Seyrangahdır hey solu, sağı
Meşəsi, yaylağı, çəməni, bağı
Turacı, fərəsi Qarabağdadır.
Təbiət elə bil gülür burada
Belə mənzərə tapılar harda?!
Tanrı da istəmir ikincisini yarada
Allahın nəşəsi Qarabağdadır.
Bu oba yetirib Vaqifi, Natəvanı
Nəvvabı, Firudini, Üzeyri, Sadıqcanı
Buralar aləmə tanıdıb Xanı
Cabbarın nəfəsi Qarabağdadır.
De, kim tanıyır belə torpağı
Əzəldən yaranan yarı-yasağı
Niyə bu dünyanın kardı qulağı
Bilmir hənirtisi Qarabağdadır?
Neçə gözə gəldi, nəzərə gəldi
Tarixin əl işi hədərə gəldi
Bəxtəvər Günəş də qəhərə gəldi
Namərdin gülləsi Qarabağdadır.
Ağlayır dövran da, ağlayır an da
Əsrin yükü çiyində, vətən dərdi yaxanda
Belə bir vaxtda türkün cahanda
Fəryadı, naləsi Qarabağdadır.
Şuşa alınmadan sağalmaz yaram
Bilki dünən də var idim, bu gün də varam
Türk kimi, igid kimi yaşaram
Tanrının gur səsi Qarabağdadır.
***
Dərd apardım, sər apardım
Nə gətirdim bu dünyada?!
Neçə sifət, neçə sima
Nələr gördüm bu dünyada?!
Doğru yerin tapammadı
Yalan məndən qaçammadı
Dünya məni açammadı
Elə sirdim bu dünyada.
Bu kainatın yaşını
Keçmişini, yaddaşını
Həyat adlı bu maşını
Necə sürdüm bu dünyada?!
Yoxda idim, vara çatdım
Birə aldım, minə satdım
Heç bilmədim nə qazandım
Nə itirdim bu dünyada.___________________________________________________________________________________________________________
↧
September 26, 2019, 6:19 am
“Sizlərinsə layiqli cəzasını Allah özü verəcək...”
“Mən maddi-fiziki narahatlıq, qismən natəmizlik içində yaşamağı mənəvi-əxlaqi çirkab bataqlığında lüks həyat sürməkdən üstün tutdum..."
Sultan Laçın
...O günləri bir məclisdə yenə bir neçə “canıyanan” qohum-əqrəba, dost-tanış qəzəbli halda başımıın üstünü kəsdirmişdi. Elə bil, nəsə bunlara qarşı ağır bir cinayət törətmişəm. Deyirlər, yaşın əllini keçdi, o boyda şansları, imkanları buraxdın, bir vəzifəyə-filana gəlmədin ki, bizlərə də bir gün ağlayasan...
“Ayə, nəinki sənin tayların, həmyaşıdların, səndən 20-25 yaş kiçik savadsızlar, dünənki uşaqlar müdir, rəis, başçı oldu, nazir oldu, amma sən cəmi bir il məktəb direktoru işləyib aradan çıxdın. Heç olmasa, bir-iki il işləyəydin, özünə bir gün ağlayaydın, bir ev alaydın da. 30 ildi, yataqxanada yaşayırsan... Torpaq-zad getdi e, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər getdi... Qayıtmayacaq... Öz dərdini çək. Balalarına, qohum-əqrəbana bir gün ağla. Bu xalqın dərdi elə sənə qalıb?..”- deyə məni top atəşinə tutdular.
Sakitcə cavab verdim ki, ay qardaş, məni 40 ildi tanıyırsız, amma hələ də xarakterimə bələd deyilsiz? Bilmirsiz ki, məndən vəzifə adamı olmaz?..
Yenə susmadılar, başladılar daha şiddətlə qabırğama döşəməyə:
“Ə, niyə olmur ki, bu vəzifədə olanlar səndən artıqdı, ağlı, dərrakəsi, savadı, mədəniyyəti səndən çoxdu? Sadəcə, bir az dil-fel lazımdı, siyasət, fərasət lazımdı, qağa, fərasət!.. Ayə, tanıdığın babat, yeyib-dağıdan vəzifə sahiblərinin, deputatların qılığına gir, qoysunlar səni bir babat posta, sən də qoşul onlara, ye-dağıt da... Sən nətər adamsan, ə?.. Sənin savadın bizdə olsa, inan ki, Bakının altını-üstünə çevirərdik... Yekə kişisən, nə vaxta qədər evsiz-eşiksiz maşınsız qalacaq, bir gün görməyəcəksən? Heç olmasa, uşaqlarına yazığın gəlsin!..”
Bu dəfə daha dözməyib mən də bu “canıyananlar”a dişimin dibindən çıxanı dedim:
“Qohumsunuz, tanışsınız... Siz danışdınız, mən dinlədim. İndi də siz məni dinləyin, amma sözlərimdən inciməyin. Gerçək düşündüklərimi deyəcəm...
Görürəm ki, bundan sonra 50 il keçsə də, sizlər məni başa düşməzsiniz. Çünki dünyaya yalnız ev, villa, kabinet, ofis, maşın pəncərəsindən baxırsınız. Dar, bəsit düşüncəlisiniz, bu dünya həyatının gerçək mənasını anlamırsınız. Həyatda yalnız rahatlıq, yemək-içmək, əyləncə, ləzzət, şəhvət axtarırsınız... Odur ki, halal-haram, necə gəldi pul qazanıb, vəzifəyə-filana yiyələnib “5 günlük dünyada kef çəkməyi” güdürsünüz. Ona görə daim özünüzü də, övladlarınızı da vəzifəyə çəkməyə çalışırsınız. Bir babat vəzifəli görəndə, az qalırsınız, əyilib ayaqqabılarını yalayasınız. Siz daldada rüşvətxorluqdan, korrupsiyadan, başçılardan, nazirlərdən şikayətlənsəniz də, qəlbinizdə onlar kimi yeyib-talamaq istəyirsiniz. Siz rüşvətxorlar kimi olmaq istəməklə və onlara yaltaqlanmaqla, yeri gələndə, işinizin aşması üçün çəkinmədən rüşvət verməklə ölkədə korrupsiyanın, bürokratiyanın, özbaşınalığın, azğınlığın, əxlaqsızlığın çiçəklənməsinə şərait yaradırsınız. Bu dünya, bu məmləkət sizin kimi düşünüb yaşayan çoxüzlülərin, münafiqlərin, yaltaqların ucbatından bu gündədir. Yoxsa, tezliklə korrupsioner şəbəkənin də sonuna çıxarıq, Qarabağı da azad edərik... Mənə gəldikdə, sizin mənə qətiyyən canınız yanmır. Siz yalnız özünüzü, uzaqbaşı, övladlarınızı düşünürsüz. Yəni istəyirsiz ki, mən də hər hansı bir vəzifəyə keçib özümdən yuxarıdakı rüşvətxor, yaltaqlara yaltaqlanam, əlimin altındakı fağır-fuğaradan rüşvət toplayıb onlara verəm və bu minvalla “qabağa gedəm”. Sizlər də yığışasız başıma, sizləri də yemləyəm və “qabağa çəkəm”... Bir sözlə, kasıb-kusubun qəpik-quruşunu əlindən alıb ağlada-ağlada özümə də, qohum-əqrəbaya da “bir gün ağlayam”...
Yataqxanada yaşamağıma gəldikdə, bəli, siz dediyiniz “fərasət” məndə olmadı, on illərlə halal müəllim, jurnalist qazancı ilə yaşadım, daim yalan, rüşvət, yaltaqlıq, ikiüzlülük olan işlərdən mümkün qədər uzaq durmağa çalışdım. Mən maddi-fiziki narahatlıq, qismən natəmizlik içində yaşamağı şər, mənəvi-əxlaqi çirkab bataqlığında villa, saray tikməkdən, bahalı maşınlar alıb lüks həyat sürməkdən üstün tutdum. İkincisi də, didərginlik illərində fikrim-zikrim Qarabağda, Laçında, Şuşada qaldı, o yurdlar ermənidə ikən bu qərib yerlərdə yurd-yuva qurmağa əlim də açılmadı...
Onu da bilin ki, kişilik yalnız evi, maşını olmaqla ölçülsəydi, indi Bakıda, xaricdə onlarla evi, villası olan korrupsioner kişilər(?) torpaqları çoxdan azad edərdi. Aygünlərın da, röyaların da, toliklərin də, samirlərin də evi, maşını var... Və bizim kimi düşünən evsizlər, pulsuzlar, vəzifəsizlər, özlərini belələrindən qat-qat ucalıqda görür...
Amma siz istəyirsiniz ki, mən puldan-paradan, vəzifədən, evdən, maşından, müftə kababdan, eyş-işrətdən ötrü öz ruhumu, azadlığımı satıb Allahdan üz döndərim, onun düşmənləri qarşısında alçalım, onlar kimi alçaq, münafiq, çoxüzlü, yaltaq, vicdansız, əxlaqsız, rüşvətxor olum...
Bilirəm, dediklərim sizə çatmayacaq və yalnız o dünyada, Axirət günündə gerçəkləri anlayacaqsınız. Onda da çox gec olacaq...
Xülasə, ay “canıyananlarım”, birdəfəlik bilin ki, mən yaltaq və rüşvətxor ola bilmədim və inşallah, bundan sonra da ola bilməyəcəm. Artıq on illərdir ki, bu haqsız qınaqlarınızla məni bezdirmisiniz. Hər görəndə mənə sanki qatı bir cinayətkar kimi baxırsınız. İndi sizin qarşınızda nə günah elədiyimi, hansı maddələrlə cinayət etdiyimi deyin və cəzamı kəsin ki, ürəyiniz soyusun... Amma onu da bilin ki, sizin kimi düşünüb yaşayanların və dəstək verdiyiniz korrupsioner, rüşvətxorlar, azğınlar şəbəkəsinin layiqli cəzasını, inşallah, həm bu dünyada, həm Axirətdə Uca Yaradan özü verəcək!.. O günün gələcəyinə qəti şübhəm yoxdur...
Allah özü ruhumuzu, azadlığımızı qorusun!..
Sultan Laçın,
Moderator.az ___________________________________________________________________________________________________
↧
![CınDRONların təxribatına NİDA işarəsi qoyuldu CınDRONların təxribatına NİDA işarəsi qoyuldu]()
“Qarabağ” yenə ürəyimizdən TİKAN çıxardı!
Azərbaycanlı azarkeşlər isə o tikanı lazım olan yerdə lazımınca istifadə ediblər.
Hər halda dünən Lüksemburqda qondarma bayraqları ilə dron qaldıran ermənilər layiq olduqları cavabı aldılar.
Özü də əski parçası üçün oyun gedən stadionun üstündə dron qaldıran ermənilərin bu həyasız hərəkətinə çox tez reaksiya verilib.
Etiraz. Oyunun yarım saata qədər dayandırılması detallardır.
Əsas məsələ odur ki, azarkeşlərimiz təxribata uymayıb oyunun dayandırılmasına səbəb olacaq, daha ciddi problemlərə yol açmayıblar.
Qarabağ kapitanı Rəşad Sadıqovun stadionda olan azərbaycanlı azarkeşləri sakitləşdirməsinə olan reaksiya artıq beynəlxalq arenalarda daim qarşılaşdığımız erməni təxribatına hazırlıqlı olmağımızdan xəbər verir.
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törətməkdə əsas məqsəd oyunu dayandırmaq, nəticəsiz keçməsinə səbəb olmaq idi.
Amma olmadı. Və ermənilər bu olmazlarla barışacaqlar.
Daim bir şuluqluq salıb, bizi qızışdırmağa çalışan qondarma insancıqlar, bu yaxşı günlərinizdir.
Çünki bir gün bu söhbət bitəcək. Qarabağda Azərbaycan bayraqları dalğalanacaq.
Hələliksə, orada olanların dediyinə görə, stadiondan qovulan cınDRONlar ağızlarının payını alıblar.
Çünki oyun davam edib. Hələ üstəlik Qarabağ 4:1 hesabı ilə qalib olaraq stadionu tərk edib.
UEFA Avropa Liqasının qrup mərhələsi oyunlarında baş verənlər bir sual da doğurur. Təhlükəsizlik. Necə ola bilər ki, stadion ərazisinə razılaşdırılmamış bir müdaxilə olsun. Axı o dronla bağlı hansısa əski parçasını yox, daha təhlükəli nəticələr törədə biləcək hadisələri müzakirə edə bilərdik.
Belə bir səviyyəli tədbirdə yaşanan bu hadisə, əslində, etiraz etmək üçün yetərlidir.
Dünənki yaşadıqlarımıza isə “Qarabağ” futbol klubu və azarkeşləri nida işarəsi qoydu!
Ermənilər NİDA İşarəsini unutmazlar.
Günay Malikqızı,
oxu.az_________________________________________________________________________________________________
↧
↧
October 13, 2019, 2:59 am
O söhbət edirdi bunu. Deyirdi 1997 ci ildə Biləsuvarın İranla sərhəd rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edirdim. Müharibədən yenicə başı açılmış, təzəcə qurulmuş bir ordunun əsgəri idim. Fındıq çubuqları ilə hörülüb, üzərinə çiy palçıq yapışdırılmış balaca kazarmada qalırdıq. Yayın istisində ağcaqanadların, mığmığaların əlindən cana yığılırdıq. Bəzən yorğun halda yatırdım, qeyri ixtiyari bədənimin hansısa hissəsini qaşınma tuturdu. Səhər yuxudan oyananda əlimi də, bədənimi də qan içində görürdüm. Öncə ağcaqanadlar dişləyirdi, sonra mən qaşıyıb yara edirdim, daha sonra isə bitlər hücum çəkirdi bədənimə. Barmaq ucu qədər böyüklüyü olan bir yara aylarla sağalmaq bilmirdi.Əksinə böyüyüb yayılırdı bədənimin hər nöqtəsinə.
Deyim ki , rahat şəraitdən, yağın, balın içindən çıxıb bu çətinliyə düşmüşdüm!! Yox , heç , xaraba qalmış evimizdədə bir qarın rahat yemək, rahat paltar , isti yataq gördüyüm olmamışdı. Ancaq bura məni anamın odun sobasında ,qarğıdalı unundan , bişirib , içinədə azca göz yaşı qatıb verdiyi xamıralıya belə tamarzı etmişdi. . Gün ərzində yalnız bir dəfə iki dodağımın arasından nəsə keçirdi .O isə suda qaynadılmış kələm ola bilərdi. Kitelimin yaxalığında bitlər özünə məskən salmışdı. Göydən bir damcı yağış yağsa mütləq mənim çəkməmin cırığından keçib ayağıma dəyməliydi.
Burda olan əsgərlər Məktub yazıb göndərirdilər evə, aylarla cavab gəlmirdi. Kiminin məktubu səhv ünvana gedirdi, bəziləri isə elə yolda itib-batardı . Hətda bir dəfə Gizir əsgərin məktubunu valideyinlərinə pul ilə satmaq istəmişdi. Valideyin pul verə bilmədiyi üçün gizir məktubuda özü ilə geri qaytarmışdı. Gizirin pul ala bilməməsi səbəbindən o əsgəri necə döydüyünü isə hələdə unuda bilmirəm .
Heç bir zaman evə məktub yazmadım. Çəkməmin cırığına hər dəfə baxanda, kaş ki atam gələrdi, heç nə də yox, mənə bir cüt təzə çəkmə gətirərdi deyə düşünürdüm . Qış gəlsə çətin olacaq deyə.
Yatsam yuxuma da gəlməzdi ki, bir gün postdan enəndə əsgər yoldaşlarımın mənə- “yanına valideyinlərin gəlib” deyəcəyi. Utandım bu cür vəziyyətdə atamın qarşısına çıxmağa. Düzdü mən nə edə bilərdim? Axı bu çəkməni mənə bu vəziyyətdə vermişdilər. Ama bunu kiməsə izah etmək çətin olardi. Bəlkə də heç soruşmazdılar məndən. Mənsə tədbirli tərpəndim. Yoldaşlarımdan birinin çəkməsin geyindim, digərinin kəmərini aldım, bir başqasının isə papağın.
NBM-ə çatanda atamı görməli olduğum halda anamı, dayımı görməyim içimdə ani bir qırıqlıq yaratdı. Özü-özümə “ Bu kişi belə yaşlanıb ki yazıq arvadı da özü ilə gətirib çıxarıb bura? Axı mən bura gələndə sözümü demişdim, əvvəla yanıma gəlməyin , xüsusən anam heç gəlməsin “ çox əsəbləşdim.. Elə bu hərəkətinə görə anamın gətirdiyi patinkaları da götürmədim.
Təxris olunduqdan sonra bildim ki, atam ölümündən öncə anamı yanına çağırıb, uşağın yanına getsən təzə çəkmə apar deyib.
Deyir posta çıxırdım iki saatdan bir dəyişilmək şərti ilə. Ama bəzən bu iki saat dörd, dörd saat isə altı hətda səkkiz saat olurdu. Bir dəfə isə sutka ərzində kimsə gəlməmişdi bizi dəyişmək üçün. Nə etmək olardı? Axı ordumuz yeni idi. Bığ yeri yenicə tərləyən cavanlar hamısı Qarabağda həlak olmuşdular. Cəmi 3- 4 il əvvəl. Yarısı fiziki şikəst olmuşdu adamımızın, yarısıda döyüşdən sonra mənəvi travma alıb ölkəni tərk etmişdilər, heç kəsin bilmədiyi səbəblər səbəbindən.
Posta ən çox qaldığımız vaxt bizi dəyişməli olan əsgərlər pullu kişilərin övladları olmuşdu. Posta çıxmamanın hər saatı üçün komandirə yaxşı pul vermişdilər. Mənim 10 saatımı adamlar pul ilə satın almışdılar.
Bu on saatım sizin düşündüyünüz adi on saatlardan deyil. Biri, on ilə bənzər o saatların. Önünə baxarsan düşmən əlində ki, doğma adamların, doğma torpaqların görünər. Arxana baxarsan doğma elin və arxa bildiyin nankorlar. Dişim dodaqlarımı kəsirdi, söz verirdim bu dəfə çəkəcəm silahı , vallah biçəcəm bu əclafları.
Deyir bir dəfə bir qoyun sürüsü gəldi İran üzdən. Hər kəs ola bilərdi bu qoyunu otaran. Oğru da, qaçaqmalçı da, terrorist də sadə iranlı, üzr istəyirəm, sadə azərbaycanlı da . Bu səbəbdan ciddi nəzarətdə saxladıq kişini. Qoyun sürüsü Arazın kənarı ilə otlağa səpələndi. Çoban üzünü arazın sularında yudu daha sonra arxasını bir təpəyə söykəyib dayandı. Ağıl almayacaq bir sükunətlə üzgün-üzgün, dərdli-dərdli o taydan bu taya baxmağa başladı. Olardı, təqribən 65, 70 yaşı . Səhər yenicə açılmışdı, günəş sübh tezdən baş qaldırıb o taylı, bu taylı vətənin bir-birinə həsrət olan torpağına öz nurun səpələyirdi. İsti hava axar suyun zəif soyuğuna qarışmışdı. Otların, çiçəklərin iyi havada aydın hiss olunurdu.
Adam bir qədər olduğu vəziyyətdə qaldı. Daha sonra səsi getdikcə uca səslə oxumağa başladı.
Əziziyəm Qarabağ.
Şəki-Şirvan qarabağ.
Hər yan cənnətə dönsə .
Yaddan çıxmaz Qarabağ.
Həmin yaz o kişini hər gün görə bilirdim.
Gəlirdi....üzün yuyurdu...saatlarla baxırdı... təkrar-təkrar bu sözləri oxuyurdu..
Ardınca isə ağlayıb gedirdi........
Kənd yerində, böyümüşdüm . Evimizin içindən sonra ən yaxşı tanıdığım yer kəndimzin mərkəzi, futbol meydançamız, mal örüşümüz, məktəb yolumuz və arxacımız olmuşdu.
Nəyin ki , 30 milyondan çox adamımızın İran əsarətində yaşamasın, heç öz ölkəmizdə olan əhali sayını yaxşı bilmirdim. Yalnız əsgərliyə gələn zaman bilmişdim ki, o sürünü otaran kişi də, onun qardaşı da, oğlu da, qızı da , elə hər kəsi , qanı , dili, dini, adəti bir olan doğma adamlarımızdır.
Bu adamlar on illər boyunca bir addımlıq yoldan keçib bir –birlərinin yasında, toyunda iştirak edə bilməmişdilər. İndi isə sərhədlər açılıb, gediş gəliş bərpa olunub, buna baxmayaraq artıq gec idi. Çox adam qohum əqrabaların tapa bilməmişdi, kimisi dünyadan köçmüş, kimisi fərqli şəhərlərə, fərqli ölkələrə getmişdilər.
Sürünü otaran dayının dərdini yalnız bu vaxt anlaya bilmişdım.
Heç bir təhsilim olmasa da , insanımın başına gətirilən bu fəlakət məni uzun bir xəyal uçrumuna aparmışdı. Deməli 30 milyondan çox adamımızın, Təbriz, Urmiya ,Ərdəbil kimi doğma yerlərimizin dərdi azmış kimi, üstəlik sinəmizə Laçın, Şuşa , Ağdam , Xocalı yarası da vurulmuşdu.
Hələ də Qarabağ dərdini bərabər çəkən , biri o birindən xəbərsiz iki Azərbaycan yerləşirmiş Xəritənin hansısa hissəsində.
Deyirdi hərbi xidmətdən sonra xaricə getdim. Öncə fəhləliyə başladım . Müxtəlif çətin işlərdə çalışdım. Topladığım pulların hesabına təhsil aldım .Bu illər ərzində vətənimdə gedən prossesləri ancaq televizyalardan , mətbuatdan izlədim. Mənim qoyub getdiyim hər nə vardısa dəyişdi. Ordumuz gücləndi, Orduya qazanc yeri, əsgərə pul kimi yanaşan “zabit” lərin yerinə yüksək ali təhsilli, vətənpərvər zabitlər gəldi. Bir-birindən güclü silahlar,.. texnikalar, hərbi hissələr ..
Dəyişilməyən isə İkiyə bölünən Azərbaycan, düşmən əlində qalan 20 faiz torpaq dərdi oldu.
Deyir dünyanın hansı nöqtəsində yaşamağımdan asılı olmayaraq , 4 ilimi yazılmamış qanunlarla , çətin şəraitdə, heç bir qarşılıq görmədən xidmət etməyimə baxmayaraq tək çağırışla bu torpağın uğurunda döyüşməyə hazıram. Axı biz bu vətənin övladlarıyıq.
Qürbəttə olsam belə sözün əsl mənasın da qüdrətli, güclü orduya malik bir ölkənin vətəndaşı olduğumu hiss edirəm.
Həyatın real qanunlarının, prinsiplərinin dəyişlməz hissəsi olaraq , yenədə vəzifəsindən, pulundan istifadə edib, harınlaşan insanlar var. İnsanların hər birinin sosial durumu qənaətbəxş deyil. Ancaq etiraf edək ki, daha nə heç bir əsgər zorla müddətdən artıq xidmət etmir, qarın yatalağından, xroniki xəstəlikdən ölmür, təhsilsiz zabitlərin komandanlığı altında xidmət aparmır. Nəyin ki Cənubi Qafqazın, eləcə də dünyanın bir çox orduları ilə müqayisəyə gələcək ordumuz, canlı qüvvəmiz var. Bu vətəndən , bu torpaqdan getməyin.
Ən azı Doğma Qarabağımızın işğaldan azad olunacağı günü , əyninə bir dəfə də olsa hərbi forma geyinmiş əsgər, əlinə 3 rəngli bayraq götürmüş vətəndaş kimi qarşılayın. Bizlər ya qalıb məhv olmalı ya da ölkədən çıxıb yaşamalıydıq. İndi isə çox şeylər dəyişib.
İstər döyüş olsun, istərsə də Sülh. Bu gün hansısa erməni generalının, nazirinin çaşqın qarışıq nitqlərini, uydurma iddialarını , ismarıclarını səssizcə qarşılayıb , üzərindən keçmə zamanı deyil.
Babalarımızın məzarını düşmən tapdağından azad edək deyərkən, üç onillikdə atalarımızın , qardaşlarımızın məzarlarını yurd, vətən həsrətilə qazdıq. Minlərlə şəhid verdik, qazi olduq.
Bu gün hansısa şəhid övladının, şəhid qadınının tələbini ödəmiriksə, vətən qazisinin sözünü dinləmiriksə bu hər şeydən öncə günü-gündən qüdrətlənən ordumuzun iradəsinə , əzminə toxunmaqdı.
Unutmayaq ki, bu günün şəhidi doxsanlarda kişi kimi xidmət aparıb döyüşənlər və ya onlardan tərbiyyə alanlardı. Qazilərimiz ya Qarabağda sağlamlığını itirənlər ya onların ailəsindən, kəndindən , soyundan olanlardı.
Xələf Xələfov________________________________________________________________________________________________________
↧
October 14, 2019, 7:07 am
Gilə Əli qızı Rzayeva - 1976-cı il martın 3-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Hələ kiçik yaşlarından şeir yazmağa başlayıb, istedadı ilə yaşıdlarından seçilib.
Şeirləri ilk dəfə "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində işıqüzü görüb.
Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə, "Zirvə" poeziya antologiyasında çap olunub.
«Sevgi nəğmələri» adlı ilk şeirlər kitabı 2001-ci ildə - 25 yaşında işıqüzü görüb.
2002-ci ildə «Bir payız günündə…» adlı ikinci, 2004-cü ildə «Yollarıma yağan yağış» adlı üçüncü şeirlər və hekayələr kitabı «Borçalı» nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Müəllifin oxucularla dördüncü görüşü olan «Xatırla məni» adlı kitabı isə 2008-ci ildə işıq üzü görüb.
Şeirləri geniş oxucu kütləsi tərəfindən böyük maraqla və xüsusi rəğbətlə qarşılanan Gilə Əliqızı 2005-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi və «Şərqin səsi» qəzetinin birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən «ABDULLA ŞAİQ» mükafatı ilə təltif olunub, bir az sonra isə «Qızıl Qələm» Media mükafatı laureatı adına layiq görülüb.
Qara bəxtinə ağlayır,
Taleyim Qarabağ kimi.
Fələk bol kisədən verib
Dərdi sinəmə dağ kimi.
Yanmışam, qalıbdır külüm,
Yaşamaq olubdur zülüm.
Mənim viranə, boş könlüm
Qalıb bağbansız bağ kimi.
Ömrüm solmuş yarpaq olub,
Bağım tikan,tırpaq olub.
Canım coxdan torpaq olub
Gəzirəm hələ sağ kimi.
* * *
Könlümün yarısı səndə qalıbdır,
Əllərim uzanıb yoluna Laçın.
Girib aramıza neçə dağ-dərə,
Qayıda bilmirəm yanına Laçın.
Qaldım uzağında illərdi sənin,
Tutdu gözlərimi dumanın, çənin.
Zalıma yurd oldu hər qarış yerin,
Mənsə həsrət qaldım qoynuna Laçın.
Sən bizə, biz sənə intizar qaldıq,
Laçın deyə-deyə ömür yaşadıq.
Düşmür torpağına izimiz artıq,
Sığınıb qalmışıq adına Laçın.
* * *
Xəstə yatağında səndən uzaqda,
Bir günüm uzanıb bir ilə dönüb.
Sənin həsrətindən alışan könlüm
Nə yanıb bir yolluq, nə külə dönübdür.
İtmişəm özüm də mən ilim-ilim,
Tapmıram izini yanına gəlim.
Səninlə gül açan ilk bahar könlüm
Sənsiz xarabalıq boş çölə dönüb.
Mənə təsəllisən yuxularım da,
Səbəbsən, ümidsən xəyallarım da.
İndi şəhərimdə, doğmalarımda
Sənsiz özgələşib, yad elə dönüb…
* * *
Sənin gedəcəyin başqa yer yoxmu,
Elə hey ağlıma gəlirsən mənim.
Gündüzlər dolaşıb fikirlərimdə
Gecələr yuxumu bölürsən mənim.
Yüz qayğımın,yüz dərdimin içində,
Özünü yadıma salırsan mənim.
Xəyalın dayanır gözüm önündə
Özümü-özümüdən alırsan mənim.
Səssiz danışaram xəyallarınla,
Səni şeirimə söz eyləyərəm.
Eşqini könlümdə odu sönməyən
Ocaq eyləyərəm, köz eyləyərəm.
Səni ürəyimdən yerə qoymaram.
Güllü yaz olaram qışına sənin.
Ömürlük kənizin, qulun olaram
Dönüb pərvanə tək başına sənin.
* * *
Mənsiz gətirmisən il üstünə il,
Saçlarına düşən dən deyiləm mən.
Keçmişdim özümdən səndim bir zaman
Artıq mən olmuşam, sən deyiləm mən.
Gedib uzaq etdin özünü mənə,
Yamanlıq eylədin səni sevənə.
Bir vaxt duman idim uca zirvənə,
Daha dağlarında çən deyiləm mən.
Bu qədər il sonra geri gəlirsən,
Bir vaxt səni sevən məni gəzirsən.
Amma o qız daha yoxdur bilmirsən
Daha o əvvəl ki, mən deyiləm mən…
* * *
Bir quşam, qanadım sənsən,
Darıxıram sənin üçün.
Tək arzum, inadım sənsən
Darıxıram sənin üçün.
Ay mənim gecəm,gündüzüm,
Dilimdə ki, şirin sözüm.
Ən sevdiyim,iki gözüm
Darıxıram, sənin üçün.
Ocaq mənəm,közüm sənsən,
Son mənzilim,izim sənsən.
Varlığım sən,özüm sənsən
Darıxıram,sənin üçün.
Eşqindən kürəm,dəliyəm,
Həsrətin odu,külüyəm.
Bilki,mən sənsiz ölüyəm
Darıxıram,sənin üçün.
Dağlarda duman,çənimsən,
Bağlarda barım,dənimsən.
Harda olsan, sən mənimsən
Darıxıram,sənin üçün.
Qışım sənlə bahar olub,
Sevdan müjdə,nübar olub.
Sənsiz könlüm qubar olub
Darıxıram, sənin üçün.
Sevdasıyla ovunduğum,
Ocağından od aldığım.
Ay könlünə sığındığım
Darıxıram,sənin üçün.
* * *
Kaş uca dağlar başında,
Sürünən duman olaydım
Kaş ümidsiz könüllərə
Süzülən güman olaydım.
Yar yolunda cəfa olub,
Eşqə zinət vəfa olub.
Kaş möcüzə şəfa olub
Dərdlərə dərman olaydım.
Dünya dönür öz dəmində,
Ömür keçir sitəmində.
Kaş fələyin qələmində
Yazılan fərman olaydım.
* * *
Günlər keçir, aya çatır,
Gedirəm ilimə sarı.
Qürbətdən Vətən olmayır
Gedirəm elimə sarı.
Mən tərki-diyar olmuşam.
Hüznə ixtiyar olmuşam,
Mən səyyahi-yar olmuşam
Gedirəm çölümə sarı.
Dağlarda çəni cağırır,
Saçlarda dəni cağırır.
Torpaqda məni cağırır
Gedirəm ölümə sarı.
* * *
Göylər qədər təmiz olan,
Baxışına aldanmışam.
Mən baharın vaxtsız yağan
Yağışına aldanmışam.
Tapıb Nuhun gəmisini,
Dünya qurub yenisini.
Düşünməyib enişini
Yoxuşuna aldanmışam.
Yer üzü cilvəli,cəngli,
Gah şeytan,gah hüri dəngli.
Bu dünyanın əlvan rəngli
Naxışına aldanmışam...
* * *
Mənim gözlərimdə bir payız fəsli,
Sənin gözlərində güllü bahar var.
Mən eşqin yüz illik qulu, köləsi
Səndə sevda adlı təzə nübar var.
Dünya bir şeytandır, şərdir cilvəsi,
Tələdir, tuzaqdır nazı, işvəsi.
Sənin ürəyində eşqin həvəsi
Mənim ürəyimdə dərd var, qubar var.
Göy üzü qarışar,buludlar ağlar,
Dumanlı, çənlidir zirvəli dağlar.
Sənin torpağında bəhrəli bağlar
Mənim torpağımda neçə cadar var...
* * *
Ömrü başa yetirdim,
Ayrılığın izində.
Dərdlərimi bişirdim
Ürəyimin közündə.
Çəməndən gül dərmədim
Dərib çələng hörmədim,
Mən mərhəmət görmədim
Bu dünyanın gözündə.
Kim dəyişər cahanı,
Bəxdini seçən hanı.
Tanıdım bu dünyanı
Aqillərin sözündə...
* * *
Gözü qara, dili laldır,
Səssiz, soraqsız gecənin.
Yoxdur, ayı, ulduzu da
Nursuz, çıraqsız gecənin.
Yaddaşıma izi tutub,
Həsrətimi sözü tutub.
Ürəyimi buzu tutub
Odsuz, ocaqsız gecənin.
Ulduzu dəymir, gözümə,
İşığı düşmür, izimə.
Sübhü açılmır, üzümə
Ucsuz-bucaqsız gecənin...
* * *
Mən öz içimdə dustağam,
Göy üzün görə bilmirəm.
Eşqin çiçəkli bağından
Bir çələng hörə bilmirəm.
Nədir sevgi,nədir loğman,
Tək sevgidir dərdə dərman.
Mən sevgidən güclü fərman
Bir qanun,törə bilmirəm.
Dərd şeir olub dilimdə,
Ötüb keçir illərim də.
Öz yurdumda,öz elimdə
Ömrümü sürə bilmirəm...
* * *
Mən sənə dağ oldum ucadan uca,
Zirvəmə ələnən qar, olmadın ki.
Xalı tək önünə sərdim könlümü
Sən mənə eşq adlı var, olmadın ki.
Döndü əzbərimə dilimdə adın,
Duymadim sözünü doğmanın,yadın.
Gedib buz eylədin bu eşqin odun
Sönən ocağıma qor, olmadın ki.
Sussuz boz çöl idin mən caya döndüm,
Sən zülmət gecəydin, mən aya döndüm.
Mən sənin eşqindən Leylaya döndüm
Sən mənə Məcnun tək yar, olmadın ki...
* * *
Bitibdir düz yollarım,
Qalan yoxuşlarımdır.
Dərdə ürək göynəyir
Dolan baxışlarımdır.
Dərdə kəniz, qulam mən
Bir dumanlı yolam mən
Bulud kimi dolan mən
Yağan göz yaşlarımdır.
Könlü sək-səkəliyəm,
Şübhəliyəm,şəkliyəm
Eşqin həsrət şəkliyəm
Şeir naxışlarımdır...
* * *
Geyinmişəm, qəmdən libas
Üstümə həsrət biçmişəm..
Fələyin acı şərbətin
Qaldırıb çoxdan içmişəm. .
Elə dərd süzür dilimdən,
Laçınım gedib əlimdən.
Nə qalıb, yanmış külümdən,
Mən elə hey, dərd çəkimişəm.
Bu ocağı kim söndürüb,
Söndürüb, külə döndərib.
Ağrıları kim göndərib,
Mən də, bəxtimə seçmişəm...
* * *
Mən sevdanın xoş üzünü,
Bilmədim ki, səndən sonra.
Doya-doya yaşamadım
Gülmədim ki, səndən sonra.
Daşa saldın izlərimi,
Şeir etdin sözlərimi.
Ağlar qalan gözlərimi
Silmədim ki, səndən sonra.
Qarışdım yalan, düzümə,
Yandım, alışdım közümə.
Sən getdin, mənsə özümə
Gəlmədim ki, səndən sonra.
Bir yanıqlı bəstə oldum,
Şur oldum, şikəstə oldum.
Həsrətindən xəstə oldum
Ölmədim ki, səndən sonra...
* * *
Kəsib bütün yolumu,
Fələk durub qəsdimə.
Qoyun məni məzara,
Torpaq atın üstümə.
Bükülübdür varağım,
Kəsilibdir sorağım.
Elə yanıb ocağım
Kor olmuşam tüstümə.
Bağrım oyuq-oyuqdur,
Bir yelkənsiz qayıqdır.
Bu bahar nə soyuqdur
Üşüyürəm istimə...
* * *
Güllü bahar idim, çiçəkli yazdım
Mən səni sevəndən qışa dönmüşəm.
Susubdur şeirim, susubdur sözüm
Bir dilsiz, ağızsız daşa dönmüşəm.
Sancılıb könlümə, sevdan ox olub,
Ay zalım, zülümün yaman çox olub.
Hər gecə həsrətdən, qəmdən yox olub
Hər səhər təzədən başa dönmüşəm.
Nə yurdum,nə yuvam, diyarım qalıb,
Bölünüb ürəyim tək, yarım qalıb.
Sənsiz nə dəyərim, nə varım qalıb
Üzüyün itirən qaşa dönmüşəm.
* * *
Kim sevər mənim tək, kim sevər səni,
Uca dağlarına duman eyləyər.
Bütün ümidini sənə bağlayıb
Ömrünə, gününə güman eyləyər.
Kim səni nəfəsi, havası sanar,
Dərdinin əlacı, davası sanar.
Kim səni məskəni, yuvası sanar
Sözünü pozulmaz fərman eyləyər.
Kim səni ünvanı, adı eyləyib,
Kim səni ağzının dadı eyləyib.
Kim səni ocağı, odu eyləyib
Sevdanı dərdinə dərman eyləyər.
* * *
Xəstə yatağında səndən uzaqda,
Bir günüm uzanıb bir ilə dönüb.
Sənin həsrətindən alışan könlüm
Nə yanıb biryolluq, nə külə dönüb.
İtmişəm özüm də mən ilim-ilim,
Tapmıram izini yanına gəlim.
Səninlə gül açan ilk bahar könlüm
Sənsiz xarabalıq boş çölə dönüb.
Mənə təsəllisən yuxularımda,
Səbəbsən, ümidsən xəyallarımda.
İndi şəhərim də, doğmalarım da
Sənsiz özgələşib, yad elə dönüb...
Karabakhmedia.az______________________________________________________________________________________________________
↧
October 18, 2019, 9:06 am
Arif Məmmədli: “Biz əsl rahatlığı, əsl səadəti düşməndən azad olunmuş torpaqlarımızda tapacağıq...”![“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...” “Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”]()
Bu günlərdə Qaradağ rayonunun Qobu qəsəbəsində inşa olunmuş “Qobu-2” qəsəbəsinə paytaxt ərazisindəki bir neçə yataqxanada məskunlaşmış Qarabağ qaçqınlarının növbəti köçü başlayıb. Əlbəttə, 30 ilə yaxın ağır, bəzən çox dözülməz şəraitlərdə yaşamağa məcbur olmuş didərginlər üçün yeni mənzillərlə təmin olunmaq böyük sevincdir. Ancaq Qarabağ torpaqlarının həsrətini ürəyində yaşadan, xüsusən ömrünün xeyli hissəsini işğal altındakı o yurdlarda keçirmiş orta və yaşlı nəsil nümayəndələrinin qəlbini bu yeni köç ərəfəsində sevinc hissindən çox qəm, dərd bürüyür... Çünki onların on illərlə can atdığı arzu hələ də gerçəkləşmir: məcburi köçkünlər bu dəfə də Qarabağa deyil, Qaradağa köçürlər...
Bəhs edilən sarsıdıcı duyğuları yeni Bakı-Qaradağ-Qobu köçünün yolçularından biri, tanınmış vətən həsrətli şair-jurnalist, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli özünün “Facebook”da paylaşdığı şeirində kifayət qədər təsirli şəkildə ifadə edib.
Moderator.az-a qısa açıqlamasında didərgin şair yeni mənzillə təmin olunmanın müsbət cəhətlərindən, on illərlə həddindən artıq darısqal, narahat məkanlara sığınmış məcburi köçkün vətəndaşların sevinc hisslərinin təbii olduğunu söyləyib. Ancaq...
“Əlbəttə, Azərbaycan dövlətinin biz qaçqınları yeni rahat mənzillərlə təmin etməsini alqışlayırıq. Lakin bizlərin hər birinə Bakıda, Sumqayıtda beşmərtəbəli villa verilsə də, biz oralarda rahat yaşaya bilməyəcəyik. Biz əsl rahatlığı, əsl səadəti düşməndən azad olunmuş torpaqlarımızda: Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda... tapacağıq...” –deyə köçkün jurnalist vurğulayıb.
Aktuallığını nəzərə alaraq Arif Məmmədlinin bəhs edilən “Bu köç Qarabağa getmir...” şeirini nəzərinizə çatdırırıq:![“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...” “Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”]()
“Bu köç Qarabağa getmir...
Payız, boz üzün tanışdı,
Qarşıdan gələn sərt qışdı.
Eh, bu necə qayıdışdı? -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
Bu da köhnə yataqxana,
İllərlə sığındıq ona.
Həsrətimiz yetmir sona -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
Yola çıxır köç maşını,
Kimsə silir göz yaşını.
Bir qoca çatıb qaşını -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
Dərdi-qəmi bölə-bölə
Köçürük təzə mənzilə.
Sevinə bilmirik hələ -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
Yükünü qavğarıb hərə,
Nə ad verim bu səfərə?!
Təşnəyəm şad bir xəbərə -
Bu köç Qaradağdan gəlir!
Bu köç Qarabağa gedir!..”
Sultan Laçın____________________________________________________________________________________________________
↧
October 26, 2019, 1:15 am
![Həkimə getmək qorxusu: elmi sınıqçı, çöpçü, falçı yanına getməklə əvəzləyirik Həkimə getmək qorxusu: elmi sınıqçı, çöpçü, falçı yanına getməklə əvəzləyirik]()
Ölkədə xəstəliyə hətta “xərçəng” deməkdən də çəkinənlər az deyil. Guya xəstəliyə “xərçəng” deyilsə, özün də buna tutularsan kimi batil inanclar var
Azərbaycan insanı həkimə getməkdən çəkinir. Daha doğrusu, adətən xəstəxanaya yetişəndə, tibb elminin ona kömək etmək imkanı mümkünsüz olur.
Gələn ilin yanvar ayının ilk günündən ölkədə tibbi sığorta haqqında qanun qüvvəyə minəcək. Yəni uzun müddət davam edən qarışıqlığa son qoyulacaq. Hər bir ölkənin səhiyyə ilə bağlı öz qanunu, özəlliyi var. Tam olaraq öz vətəndaşına havayı tibbi xidmət göstərən Milli Səhiyyə sistemindən tutmuş, insanı sığortası bitən kimi küçəyə atmaq təhlükəsi ilə üz-üzə qoyan sığorta tibbinə kimi müxtəlif variasiyalar mövcuddur. Qarışıq sistemlər də az deyil.
Koreyada tibbi sığorta sistemi var, amma doğuşa gedən qadına dövlət xeyli vəsait ayırır
Məsələn, Cənubi Koreyada tibbi sığorta sistemi var, amma doğuşa gedən qadına dövlət xeyli vəsait ayırır. Bu pulla həm xərci ödəmək, həm də doğuşdan 3 gün sonra 21 günlük sanatoriyaya istirahətə getmək olar. Burada xanımlar uşaqla məşğul olmurlar, yəni gündə 6 dəfə yeyib yatırlar. Balası ilə təmas yalnız yedizdirmə zamanı olur. Qadın bədəni 3 həftəyə qismən bərpa olunur. Evə dönən xanıma daha sonra 11 gün tibb bacısı yardım edir.
Koreyada uşağına baxan qadın olduqca böyük imtiyaz əldə edir. Həm özünü, həm də körpəsini tibbi müayinədən keçirmək baxımından. Kubada tibbə fərqli yanaşmadır. Kasıb ölkə olsa belə, olduqca mükəmməl səhiyyə sistemi qurulub. Kubada havayı ali təhsil almaq imkanı demək olar hər kəs üçün mümkündür. Təhsil sistemi minlərlə həkim istehsal edir və bu həkimlərin əsas işi əhaliyə yüksək xidmət göstərməkdən ibarətdir. Norveç, Fransa, İngiltərədə mövcud olan milli səhiyyə sistemləri sözün əsil mənasında insana xidmətə köklənib.
Hindistan əhalisinin cəmi 15 faizinin tibbi sığortası var
Səhiyyə sistemi ala-yarımçıq vəziyyətdə olan ölkələr də az deyil. Məsələn, Hindistanda mövcud olan səhiyyəni qeyri-mükəmməl adlandırmaq olar. Ölkədə 1,2 milyard əhali yaşayır, onların olduqca böyük qisminin yaşayışı kasıblıq həddindən də aşağı səviyyədədir. Bu insanların nə tibbi sığortası var, nə də gələcəyə ümidi. Gündəlik yemək tapdısa, deməli, acından ölməyəcək. Belə bir şəraitdə hökumətin nəsə etmək imkanı da azdır. Əməlli-başlı sənədi belə olmayan birisinin sığorta haqqı ödəyəcəyinə ümid bəsləmək olmur.
Hindistanda televizorsuz yaşayan milyonlarla ailə var. Hətta yeni hind filmi ekrana çıxanda, kasıb məhəllədə yaşayanlardan birini bu kinoya baxmağa ezam edirlər. Filmə baxıb digərlərinə sadəcə süjeti danışır. Əgər sağlamlıqla bağlı problem yarandısa, hər hansı bir tibbi yardım almaq olmayacaq. Ölkə əhalisinin cəmi 15 faizinin tibbi sığortası var, qalan əhali problem yaranarsa, xidmət haqqını ödəməlidir.
Hindistan hökuməti problemi aradan qaldırmaq üçün tədbir planı da hazırlayıb. Əmək və məşğulluq nazirliyinin təşəbbüsü ilə 2008-ci ildən Hindistanda Milli tibbi sığorta proqramı işə düşüb. Bu proqrama əsasən yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ailələrə biometrik smart-kart verilir. Bu kart xəstəliyə düçar olmuş insanın hətta şəxsi klinikada normal tibbi xidmət almasına imkan verir. Belə kartın sahibi özünü dünyanın bəlkə də ən xoşbəxt adamı kimi duyur. Hindistan hökuməti bu xidməti dövlət büdcəsindən ödəyir. Nə qədər acınacaqlı olsa da, Hindistanın dövlət tibb müəssisələri cavan, səriştəsiz həkimləri üçün təcrübə meydançası rolunu oynayır. Bir qədər təcrübə toplayıb ad-san qazanan belə həkimlər dərhal şəxsi, bahalı klinikaya üz tuturlar.
Hindistanın, əlbəttə, varlı regionları və ona uyğun tibbi müəssisələri də var. Hətta belə klinikalar xaricdən gələn qonaqları da müalicə edirlər. Amma Hindistanın əksər vətəndaşının bu xidmətdən yararlanmağa imkanı yoxdur.
Bu xəstəxananın Bakıətrafı kəndlər üçün əhəmiyyəti olduqca böyükdür
Azərbaycanın səhiyyə sisteminin strukturundan danışmaq bir qədər çətindir. Bizim səhiyyə sovet səhiyyəsinin qalıqları üzərində qurulmuş, sözdə havayı, əslində isə pullu, bir qədər də şəxsi klinikaların mövcud olduğu bir sistemə əsaslanır.
Bir tərəfdən dövlət hesabına külli miqdarda səhiyyə ocaqları tikilir, digər tərəfdən isə şəxsi klinikaların sayı artır. Həm dövlət, həm də şəxsi klinikalarda pul ödəmək tələbi var, söhbət xidmətin səviyyəsindən və ödənişin həcmindən gedir. Məsələn, Sabunçuda yerləşən və çox böyük ərazini əhatə edən dövlət xəstəxanasında böyük mənada yüksək xidmətdən danışmaq çətindir, amma bu xəstəxananın Bakıətrafı kəndlər üçün əhəmiyyəti olduqca böyükdür.
Ürəyi ağrıyan, ağciyərində problem olan, hər hansı kiçik cərrahi əməliyyata möhtac olan hər hansı bir şəxs burada yerindəcə tibbi yardım ala bilər. Məsələn, uşağın qolunda dərin yara əmələ gəlibsə, tibb bacısı yaranı təmizləyə, cərrah yerindəcə tikə bilər. 10 manat həkimin, 5 manat isə tibb bacısının xidmət haqqıdır. Pul olmasa belə, bu xidmət göstəriləcək. Amma insanlar az da olsa, pul ödəyirlər. Rentgen vasitəsilə nəfəs yolunda olan hər hansı problemi aşkarlamaq üçün 10-15 manat ödəmək də kifayət edər.
Ürəyin kardioloqun yanında müayinəsi, üstəgəl bir-iki əlavə analiz cəmi 30-35 manata başa gələcək. Yəni 20 ABŞ dollarına. Yəqin dünya praktikasında belə hala rast gəlmək çox çətindir. Kimsə deyə bilər, axı burada nə var? Çox sadə prosedurdur, bunu eləmək bəyəm bu qədər çətindir? Amma Hindistanla müqayisədə Azərbaycan vətəndaşının imkanı xeyli çoxdur. Dünyada hər il nə qədər uşaq bizə sadə görünən bir yaradan ölür, çünki ən adi bir xidməti almağa imkan tapılmır.
Həyatının 12 ilini sərf edən bir şəxsin 300-400 manata çalışması ağlasığan görünmür
Sadə tibbi xidməti Azərbaycanda almaq nə qədər asandırsa, hər hansı bir çətin əməliyyat üçün xaricə getmək daha məsləhətdir. Bizim tibbin səviyyəsi dünya miqyası ilə müqayisədə elə də yüksək deyil. İnsanlar müalicə üçün ilk növbədə Rusiya, Türkiyə, İrana üz tuturlar. Hətta Gürcüstana da gedənlər var. Daha imkanlılar Almaniya və İsrailə üstünlük verirlər.
Səhiyyədəki elə də ürəkaçan olmayan mənzərə bir sıra faktorlara bağlıdır. Bu sahə olduqca böyük vəsait, güc-qüvvə, mükəmməl təhsilin olmasını tələb edir. Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsait tibb işçilərinin böyük ordusunu saxlamağa kifayət etmir. Həkim olmaq üçün həyatının 12 ilini sərf edən bir şəxsin 300-400 manata çalışması da ağlasığan görünmür. Axı, həkim peşəsinə yiyələnən həmvətənlərimiz bu gün Türkiyə və Almaniyanın bir sıra aparıcı klinikalarında təcrübə toplamaq üçün illərini qurban verirlər.
Bu səbəbdən dövlət xəstəxanalarında çalışmaq istəyənlərin sayı günü-gündən azalır. Ya da xidmət dalınca gələn pasiyentlər elə eyni qaydada pul ödəməli olurlar. Tibbi sığortanın özü ölkədə olsa da, tətbiq edilməsi hələ də tam formada mümkün olmayıb. Ayrı-ayrı böyük şirkətlər əməkdaşları sığorta edirlər, amma bu proses hələ də vətəndaşların böyük əksəriyyətini əhatə etməyib.
Filankəsdə nə xəstəlik tapılıb? Cavab adətən “o zəhrimardan” olur
Tibbin geridə qalmasının səbəbi həm də Azərbaycan insanın düşüncə tərzinə bağlıdır. Həkimə getmək, ara-sıra özünü müayinədən keçirmək ənənəsi ölkədə yox dərəcəsindədir. Kimsə bir ağrısı belə olsa, həkimə getməz, elə türkəçarə ilə başını aldadar. Çox vaxt həkimə müraciət edən şəxsin vəziyyəti çox ağır olduğundan, nəsə yardım etmək də mənasız olur. Vaxtında bir müayinə ilə düzələn məsələ nəticədə illərlə dərman qəbulu, müxtəlif analizlərin verilməsi, ağır əməliyyat keçirmək kimi halları yaşamaqla sonlanır.
İnsanlarda həkimə getmək, ağır bir xəstəlik barədə məlumat almaq, məcburi əməliyyat keçirmək qorxusu var. Ən böyük qorxulardan biri onkoloji xəstəlik barədə xəbəri həkimdən eşitməkdir. Ölkədə xəstəliyə hətta xərçəng deməkdən də çəkinənlər az deyil. Biri o digərindən soruşur: filankəsdə nə xəstəlik tapılıb? Cavab adətən “o zəhrimardan” olur. Guya xəstəliyə xərçəng deyilsə, özün də buna tutularsan kimi batil inanclar var.
Həkimə və Azərbaycanın səhiyyəsinə qarşı bir inamsızlıq var. Pasiyent həkimin ona müalicə obyekti kimi yox, məhz pul gətirən bir müştəri gözü ilə baxdığını düşünür. Ölkədə hər hansı bir profilaktik tədbirlər keçirilmir. Bəzən klinikalar fərdi qaydada yoxlama aparmaq üçün xüsusi endirim təklif edirlər. Burada da bir məntiq var. Endirimli olsa belə, hər yoxlama onlarla insanın problemini aşkarlayır və müalicə olunmaq üçün tələb yaradır.
Nə yoxlanmağa meyllidir, nə də müalicə almağa
Azərbaycan insanı sağlamlığına qarşı olduqca qəddar bir mövqedə durur. Nə yoxlanmağa meyllidir, nə də müalicə almağa. Düşünür, bir təhər yola verərəm də.
Yeni tibbi sığorta sisteminin tam olaraq oturuşması, insanların buna adaptasiyası əlbəttə bir-iki ilə başa gəlməyəcək, amma nədənsə başlamaq lazımdır. Atalar demişkən, vay yarımçıq əlindən. Nə pulluyuq, nə havayı, nə ondanıq, nə bundan. Nə həkimə gedirik, nə də müalicə olunuruq.
Ara-sıra evimizi təmir edir, maşınımızı profilaktik müayinədən keçiririk, amma özümüzü müalicə etməkdən qaçırıq. Ayaq qırılanda sınıqçının, uşağın boğazında yad cisim qalanda çöpçünün, ruhumuz ağrıyanda isə falçının yanına gedirik. Kimi də dindirsən, hər yeri ağrıyır, amma yenə də həkimə getməz.
Böyük mənada bəlkə də tibbi sığorta sistemi ilk mərhələdə nəyisə dəyişə bilməyəcək. Amma sığortanı almaq istəyirsənsə, deməli ən azı vaxtaşırı müayinədən keçməli olacaqsan.
Bəlkə bu yolla həkim qorxusundan azad ola bilərik. Uşaqlara da həkimin iynəsi ilə “xox” gəlməyə son qoyarıq. Başqa çarəmiz də yoxdur.
İsmayıl Rafiqoğlu,
Sputnik Azərbaycan_________________________________________________________________________________________________________
↧
↧
October 26, 2019, 3:24 am
![Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün]()
Vilayət Quliyev
Şuşaya və Ağdama son ziyarətimdən 30 il keçir.
1989-cu il oktyabrın son günləri idi. Elmi işlər üzrə direktor müavini olduğum Ədəbiyyat İnstitutunun rəhbəri Yaşar Qarayevlə birlikdə indi Ağdamın düşmən işğalı altında qalan Novruzlu kəndində açmağa hazırlaşdığımız Qarabağ Folklor Evində işlərin vəziyyəti ilə maraqlanmağa getmişdik.
Oradan Şuşaya qalxmağı qərara aldıq. Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov gələcəyimizi bilirdi. Ona görə də təhlükəsizlik tədbirləri görülmüşdü - rus əsgərlərindən ibarət mühafizəçilər ayrılmışdı. Onların müşayiəti ilə yolüstü kəndlərdə bizə kinli-kinli baxan ermənilərin yanından keçib Şuşaya gəldik.
Hələ 1992-ci ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə buraxılmış bir şəhər təsiri bağışladı. Tapıb danışa bildiyimiz bir neçə yerli ziyalı "yiyəsizlikdən" şikayətləndi. Vaqif Cəfərovla görüşdük. Kabinetində hələ də Qorbaçovun şəkli asılmışdı. Həyəcanımızı görüb bizə ürək-dirək verdi. Amma hiss etdim ki, sözlərində pəhləvan gövdəsinə yaraşmayan bir inamsızlıq var. Əslində onun özünü də tək qoymuşdular.
Elə bil ürəyimə dammışdı - Şuşa ilə vidalaşırdım. O zaman İnstitutumuzun dissertantı olan adını unutduğum bir şuşalı gəncin bələdçiliyi ilə iki saatın içərisində şəhərin bütün tarixi yerlərini gəzib dolaşdıq. Hətta Xan qızı Natəvanın bağçasında çay içməyə də macal tapdıq.
Qaranlıq düşməmiş yenə də rus əsgərlərinin müşayiəti ilə Ağdama qayıtdıq. Səfərə Yaşar müəllimin dissertantı Zabil Əhmədovun maşını ilə çıxdığımızdan dəvətini qəbul edib gecəni onlarda keçirdik. Zabilin atası, sonralar MM-də deputat həmkarım olan Yaqub Əhmədov xalq arasında deyildiyi kimi, Ağdamın ispolkomu idi. Ya da əvvəllər bu vəzifədə işləmişdi. Sən demə böyük biblioman imiş. Zəngin kitabxanasında nələr yox idi! Bu kitabxanaya hətta moskvalı bir professor da həsəd apara bilərdi. Diqqətimi xüsusən nadir nəşrlər cəlb etdi. Daniil Qraninin o zaman çox böyük səs salmış "Zubr", Vasili Qrossmanın "Жизнь и судьба" kitablarını, "Moskva", "Novıy mir", "Yunost" jurnallarının komplektlərini ilk dəfə bu sadə rayon ziyalısının kitabxanasında gördüm.
Yaqub müəllim kitablardan gözümü çəkmədiyimi görəndə səmimiyyətlə "Qardaş, götür apar, oxuyandan sonra Zabillə geri göndərərsən"- dedi. Gözəl axşam yeməyindən sonra gecə yarısına qədər onun kitabxanasında oturub tarixdən, mədəniyyətdən, Qarabağın taleyindən, Ağdamın düşmən qarşısında alınmaz bir qala olmasından danışdıq...
1993-cü ilin iyulunda o zaman çalışdığım Ərzurumda Ağdamın işğal xəbərini eşidəndə ilk yadıma düşən Yaqub müəllimin on illər boyu xüsusi zövqlə toplanmış zəngin kitabxanası oldu...
Bir də o yerləri görə biləcəyəmmi? Bilmirəm. Ömrüm çoxu arxada qalıb. Amma bir millət olaraq mütləq və mütləq, nəyin bahasına olursa olsun, on minlərlə qurban versək də, o torpaqlara qayıtmalıyıq. Vətənin hər qarışına sahiblik hüququmuzu bərpa etməliyik!
P.S. Qoy gənclər bunu edə bilmədiyimizə görə bizi çox qınamasınlar. Dünya tarixində on illər, hətta yüz illər sürən işğallar olub. Əsas məsələ yaddaş hissini itirməmək və intiqam anına hazır olmaqdır!____________________________________________________________________________________________________________
↧
November 4, 2019, 12:41 am
Orxan BAHADIRSOY
Fəda – Fədayə... Laçın – Fədayə Laçın... Fədayə fəda edən deməkdir. Laçın işğaldadır. Adların insanın xarici görünüşünə və həyatına təsiri haqqında xeyli oxumuşdum. Bu da onlardan biri...
O, həbsdə olduğu müddətdə haqqında yazmağı düşünürdüm. Amma yazmırdım. Onun azadlığa çıxmağını gözləyirdim. İnanırdım ki, o, verilən cəza müddətindən daha tez çıxacaq azadlığa. Çünki o, həm məntiqimizin, həm də duyğularımızın hansı yönündən baxsaq, cinayətkar deyildi. Məcəllələr hər zaman hər şeyə qərar verə bilməz, bilməməlidir.
Onu illər əvvəl ilk dəfə "Ney səsiyəm" mahnısı ilə tanımışdım. Lerikin çadır toylarında keçən uşaqlığımda elə toy olmazdı ki, bu mahnı səslənməsin. Belə deyirdi o mahnının sözlərində: "Sən bir Allah bəndəsisən, mən qanadlı bir mələyəm! Çəkiləsi dərdim azmı? Nalə çəkən ney səsiyəm!"
Hələ illər əvvəl oxuduğu bu mahnının sözlərində də dediyi kimi, Fədayə Laçın yaşantıları ilə, eşqi ilə, taleyi ilə ney səsi kimi toxundu ürəyimizə. Qalmaqallarda, ucuz şoularda görmədiyimiz, sadəcə bir sıra mahnıları ilə müəyyən kəsim tərəfindən tanınan və sevilən müğənni eşqinə sahib çıxması və bunun uğrunda həbs olunması ilə o qədər tanındı və sevildi ki, ölkənin heç bir müğənnisi şöhrətin qalmaqallardan və ucuz şoulardan keçdiyi belə bir dönəmdə bu qədər tanına və sevilə bilməzdi. Buna pul xərcləmədi, peşəkar prodüserlərlə işləmədi, telekanallarla, maqazin verilişləri ilə anlaşmadı. Sadəcə aşiq oldu və eşqi üçün hər şeyi gözə aldı. Bu, onun nəhayətsiz rəğbətə və böyük şöhrətə qovuşmasına yetdi.
Etdiyi doğru idi, yaxud səhv idi, müzakirə etmək bizə düşməz. Nəyin doğru, nəyin səhv olduğuna belə məqamlarda qərar vermək ədəbsizlik və əxlaqsızlıq olar. Əsas odur ki, o, aşiq idi və eşqinə sadiq idi. O qədər sadiq idi ki, hər şeyə rəğmən sevirdi və bunun uğruna həyatından iki ili zindanda keçirərək fəda etdi.
Fəda – Fədayə... Laçın – Fədayə Laçın... Fədayə fəda edən deməkdir. Laçın işğaldadır. Adların insanın xarici görünüşünə və həyatına təsiri haqqında xeyli oxumuşdum. Bir neçə dəfə şahid də olmuşam. Bu da onlardan biri...
Azadlığa çıxandan sonra jurnalistin "Sənətə davam edəcəksinizmi" sualına elə qətiyyətlə "Əlbəttə! Elə şey olar? Ölmürəm bəs? İki ildir içəridə oxumuram, ürəyim partlayır. Mütləq davam etdirəcəm. İstəyirsiniz, oxuyum" cavab verir ki, bunu deyərkən baxışları, üz ifadələri, səs tonu onun içindəki səhnə yanğısını bütün çılpaqlığı ilə göstərir. Bəli, o, təkcə uğruna iki il həbsdə qaldığı bir adama aşiq deyildi, həm də səhnəyə aşiq idi. Bu iki il ondan təkcə sevdiyi adamı almadı, həm də səhnəni aldı.
İndi Fədayə Laçın azadlıqdadır. Hər hadisədə olduğu kimi, qeybətcillər yenə qeybət mövzusu axtarışındadır. Mövzu da odur ki, cəza müddəti necə və nə səbəblə azaldıldı? Bu bəraətin, yaxud əfvin arxasında başqa məramlar axtaranlar ya qəsdən, ya da bilmədən bir məqamı gözardı edirlər. Az qala hər addımda problemlərlə qarşılaşdığımız bu məmləkətdə bir xanım müğənni, hər hansı cinayəti olmasına rəğmən aşiq olduğu adama kömək etdiyi üçün azadlıqdan, ən əsası isə səhnədən məhrum edilir. Sosial-ictimai həyatımızı alt-üst edən o problemlər, hər yerdə önümüzü kəsən o dəhşətlər bircə dəfə bu xanım müğənninin azadlığı üçün işə yarayıbsa, nə xoş!
Eşqin, səhnən və azadlığın mübarək, Fədayə Laçın! Fədayə azaddır, növbə Laçında..!_________________________________________________________________________________________________
↧
November 4, 2019, 4:35 am
Can Qarabağ
Can Qarabağ ! Dünya boyda adın var,
Sinəmizi yandıracaq odun var,
Əsirlikdə, işğal altda yurdun var,
Yurd yerləri talan oldu, unutma!!
Can Qarabağ ! Laçın da bir yarandı,
Qədim Şuşa yanar oda qalandı,
Qar- qar çayı yuxarıdan bulandı,
Çiçəklərin vaxtsız soldu, unutma!!
Can Qarabağ ana kimi haraylar,
Viran oldu xanimanlar, saraylar,
Qarabağa geri dönsün baharlar,
Yurdumuzda tufan qopdu, unutma!!
Can Qarabağ ! Səni kimlər ağlasın ?
Qoyma düşmən yollarını bağlasın,
Xarı- bülbül etrin kimə saxlasın,
İgidlərin cavan öldü , unutma!!
Can Qarabağ ! Gözəllər su sonası,
Hər gözəlin öz aləmi, dünyası,
İgidlərin qoruduğu anası,
Qız- gəlinlər zülüm gördü , unutma!!
Can Qarabağ ! Qolu bağlı dardasan,
Gözü açıq qazılmamış gordasan,
Gözlərimdə, ürəyimdə, burdasan,
Duyğularım viran oldu, unutma!!
XARI BÜLBÜL
Xarı bülbül , yığıb dəstə bağlayım,
Yoxsa səni qurudummu saxlayım...?!
Həsrətindən əzab çəkim ağlayım,
Əsir dağın çiçəyisen sən axı.
Xarı bülbül ,dağlarında qarın var,
Yaralıyam , mənim ölmüş yarım var.
Vəfalıyam ,düz əhdim ilqarım var,
Cıdır düzün çiçəyisn sən axı.
Xarı bülbül ,dağlarında meh ollam,
Dərd çəkənin sinəsinde ah ollam,
Həyalısan ,yanağında şeh ollam,
Buz bulağın çiçəyisən sən axı.
Qarlı dağın o üzündə bitirsən,
Gül qoxulu rayihəli ətirsən,
Dəyərlisən, şeirimdə sətirsən,
Çiçəklərin göyçəyisən sən axı.
Xarı bülbül, çiçəyini dər göndər, ,
Xuramana təzə göndər, tər göndər
Yaylıq üstə dəstə bağla, sər göndər,
Sevənlərin çiçəyisən sən axı.
Bir gün dağlar üstümüzə gələcək
Hər qayanın , hər daşının xətri var,
Çiçəklərin , çəmənlərin ətri var.
Yazılmamış dastanların sətri var,
Bir gün dağlar üstümüzə gələcək.
Gədikləri, dolayları pusquda,
Dayanmışam , fikirlərim asqıda,
Alnımıza yazılan bu yazıda,
Bir gün dağlar üstümüzə gələcək.
Gözü yolda , dağ təmkini var onda,
Gözləyəcək, torpaq səbri var onda,
İgidlərin şəhid qəbri var onda,
Bir gün dağlar üstümüzə gələcək.
Qədim ellər itiribdi sinəsi,
Nə dərdləri götürübdü sinəsi,
Xarı bülbül bitiribdi sinəsi,
Bir gün dağlar üstümüzə gələcək.
Bulaqları içilmədi , ölərəm !
Meşələri keçilmədi, ölərəm !
Biçənəklər biçilmədi, ölərəm !
Bir gün dağlar üstümüzə gələcək.
Qismət olsun torpaqlarım əkilsin,
Al bayraqlar yüksəklərə çəkilsin,
Bulaq suyu sinəmize tökülsün,
Bir gün dağlar üstümüzə gələcək.
Şad xəbəri gözləyəcək , gülüm hey,
Həsrət qalan , ayım, ilim, günüm hey,
Dağ döşündə ölüm, ölüm, ölüm hey,
Bir gün dağlar üstümüzə gələcək.
Duyğular ölmədi öz əcəliynən
Mənim vətənimdə dağlarım vardı,
Dağlar da sinəmdə , özümdə gəldi.
Çayları, suları, bulaqları da ,
Kövrələn qəlbimdə, gözümdə gəldi.
Mən özüm gəlmişəm, uşaqlığımı ,
Kəndin cığırında , izində qoydum ,
Yuxulu, qayğısız körpə çağımı,
Anamın o rahat dizində qoydum.
Bir gün qarşılaşıb görüşsək əgər,
Suallar gözümdə saralacaqdır.
O körpə, o məsum mələk qızcığaz,
Sual tək boynuma sarılacaqdır.
Xəyalən dönəcəm uşaqlığıma,
Yenə çözəcəyəm yuxularımı.
O sual verəcək neylədin axı,
Mənim bu körpəcə duyğularımı ?!
Duyğular ölmədi öz əcəliynən,
Qəza məhv elədi, qədər öldürdü.
Yaşatmaq istədim kövrək hissləri,
Ayrılıq susdurdu, kədər öldürdü.
Böyüdüm həsrətin ağrılarıyla,
Bələdim kədəri, qəmi könlümə.
Həyatım beləcə əzabla keçdi,
Doğuşdan sınıqdı demə könlümə.
Sevdiyim çiçəklər dağlarda qaldı
Sevdiyim çiçəklər dağlarda qaldı,
Şehli bənövşəni biçib, gətir sən.
Xeyalım uzandı çox uzaqlara,
Məni keçmişlərə geri götür sən.
Gəl otur qarşımda dağlardan danış,
Saralıb- sovrulan bağlardan danış,
Ölənlərə rəhmət , sağlardan danış,
Məni keçmişlərə geri götür sən.
Xatiren sızlasın sınıq qəlbimdə,
Danışsın, ağlasın yanıq qəlbimdə,
Bir insaf yaransın soyuq qəlbində,
Məni keçmişlərə geri götür sən.
Yenə çıxacağam dağların üstə,
Dolanıb gələcəm bağların üstə,
Bənövşə ətirli bulağın üstə,
Məni keçmişlərə geri götür sən.
Xuraman, varlığın keçmişə bağlı,
Yaralı ürəyim əbədi dağlı,
Küsmərəm əzizim , qolları bağlı,
Məni keçmişlərə geri götür sən.
Səndən sonra
Səndən sonra yağışlar,
Daha kövrək yağmadı.
Şimşəklər başım üstə,
Həyacanla çaxmadı.
Çətir küləklə uçdu,
Evimin damı kimi.
Evimə yağdı yağış,
Çarəsiz, hamı kimi.
Öncə saçım islandı,
Ayaqlarım nəm oldu.
Səndən mənə nə qaldı-
Mən biləni qəm oldu.
Yağış belə yağmazdı,
Üşüməzdim heç belə.
Yağışda üşüyürəm ,
Qorunuram güc- bəla.
Bəlkə qısqanıb məni,
Səninlə islananda.
Çırpılardı üzümə,
Men sənə yaslananda.
Yağış haradan bilsin?
Başımın üstündən sən,
Evimdən tavan əksik !
Ya Rəbb, ürəyimi şeir yandırır
Əbədi dünyamı gör necə sarır,
Yaddaşın özündə izini salır,
Hələ deyilməmiş çox sözüm qalır,
Ya rəbb , ürəyimi şeir yandırır.
Vuruldum misranın duyğu selinə,
Bağlandım şeirin incə dilinə,
Közündə alışdım, döndüm külünə,
Ya rəbb , ürəyimi şeir yandırır.
Kökləndim sarı sim dillənən yerə,
Düşüncəyə dalıb, lillənən yerə,
Sinəm alov tutub, küllənən yerə,
Ya rəbb, ürəyimi şeir yandırır.
Menə qanad veren Şah misralardı,
Kövrelen gah mənəm,gah misralardı,
Ruhumdan ayrılan ah misralardı,
Ya rəbb , ürəyimi şeir yandırır.
Qəmli misralarda sesim duyulur,
Bağrımın başı da sözlə oyulur,
Alışan ürəyim yüz qat soyulur,
Ya rəbb, üreyimi şeir yandırır.
Könlümə od vuram, varağa düşəm,
Gözəllik eşqiylə sorağa düşəm,
Yanğını söndürən bulağa düşəm,
Ya rəbb, ürəyimi şeir yandırır.
Şeirdən don gəyəm, rəngi allana,
Dodağımdan süzə sözlər ballana,
Yana bağrım başı , oda qalana ...
Ya rəbb, ürəyimi şeir yandırır.
Üç nöqtə
Ömür dəftərini varaqlayıram,
Yeni səhifədə üç nöqtə sirr var.
Pəncərəmə doğan günəş nur saçır,
Heç bəlli olmaz ki, nə töhfələr var.
Nöqtələrin biri xəyal gücümdü,
Biri alacağım – həyat öcümdü.
Ağır düşüncəli sözdən köçümdü,
İlhamı çağlayan nə lövhələr var.
İnsanı aldadan ünlər bəhanə,
Bir- birinə düşmən dinlər bəhanə,
Xəstəlik ruhdadı, genlər bəhanə,
Hər şey hesablıdı, nə növbələr var.
Üç nöqtə ilahi koddu, bəlkə de,
Sirr kimi tutduğum notdu, bəlkə de ,
Bəlkə çox yaxındı, yaddı, bəlkə də,
İşığın vurğunu nə kölgələr var.
Bu Şeir Yazmaq Deyil
Bu şeir yazmaq deyil,
Bu ... eşqə tutulmaqdı !
Şəlaləyə qoşulub,
Qayadan atılmaqdı !
Bu şeir yazmaq deyil,
Duyğuların özüdü.
Elimdə zəri qalan,
Kəpənəyin izidi.
Bu şeir yazmaq deyil,
Sevə - sevə ölməkdi.
Səssiz axan göz yaşın...
Ellərinlə silməkdi.
Bu şeir yazmaq deyil,
Qorxuları sevməkdi.
Həyacana sarılıb,
Ağlayaraq gülməkdi.
Bu şeir yazmaq deyil,
Göylərə tutunmaqdı,
Eşqlə gələn misradan...
Bir az da utanmaqdı.
Bu şeir yazmaq deyil,
Bu , şeir yazmaq deyil.
Təbəssüm rəngində.
* * *
Səsində dincliyim gözlərin yumur,
Könlüm nəfəsindən bir həyat umur,
Qulaq kəsilmişəm, dinləyirəm mən,
Ruhumu oxşayır, həsrəti yuyur.
Ele bil hardasa yaxlnlardasan,
Gözlərim dörd olur, səsləyirəm mən.
Sesin elə şirin, canayaxındı,
Səsinə sarılmaq istəyirəm mən.
Evin divarları tutub saxlayıb,
Səsin pərdə- pərdə qulağımdadı.
Sənə ünvanlanan pıçıltılarım,
Təbəssüm rəngində dodağımdadı.
Səsin yüksələcək, səsin enəcək,
Yazılıb yaddaşım taxılan yerə,
Səni xatırlasam səsin gələcək,
Sıxacam ürəyim sıxılan yerə.
Dedilər
Yurd həsrətiylə dünyasını dəyişən yurddaşlarıma həsr edirəm.
Həsrəti dərdinin yuvası oldu,
Qədri didərgin davası oldu.
Yurd eşqi dilinin havası oldu,
Laçın həsrətilə köçdü dedilər.
Yuxuda gördükcə doğma elini,
Kədər qabar etdi kövrək dilini,
Köksündə daşıyıb yurd nisgilini,
Laçın həsrətilə köçdü dedilər.
Tənəli dağ imiş töhmət yiyəsi,
Minnete yar imiş möhnət yiyəsi,
Sona yetişmədi möhlət yiyəsi,
Laçın həsrətilə köçdü dedilər.
Her günü derd oldu ömrüne hedef,
Ümidin intizar elədi tələf,
Gözləri dikildi yurduna tərəf,
Laçın həsrətilə köçdü dedilər.
Laçın dağlarında dolan bulud tək,
Şimşəkler saçını yolan bulud tək,
Mehrini torpağa salan bulud tək,
Laçın həsrətilə köçdü dedilər.
Yurdunda yuvasız, Vətəndə qərib,
Qədəri ömrünə sinəsin gərib,
Dərdinin əlindən zinhara gəlib,
Laçın həsrətilə köçdü dedilər.
Pıçıltı
Ruhuma süzülür pıçıltıların,
Nəfəsin dolaşır duyğularımda.
Gözlərimə düşən işıltıların,
Məni rahat qoymur yuxularımda.
Ayaqlarım yerdən kəsilir bir an,
Həyat nə gözəlsən, necə şirinsən.
Eşqin zirvəsinə ucalır insan,
Bu dünya da mənim, sən də mənimsən.
Bir şirinlik qatdın günümə bu gün,
Bir məna həkk etdin ömrümə bu gün,
İlk dəfə dünyaya sığışmadım mən,
Əbədi yazıldın ömrümə bu gün.
* * *
Məni sarı simdə imtahan edib,
İpəyə bürüyüb, xara çəkirsən.
Günahım olmadan hökm eləyib,
Məhşər ayağında dara çəkirsən.
İllər keçib gedir,qarıyıram mən,
Əl açan kimsəyə yarıyıram mən,
Parlaq səhifəmi qoruyuram mən,
Qızılı renglərə qara çəkirsən.
Özüm uydurduğum nağıl oluram,
İçimə qapanıb fağır oluram,
Əzəldən beləyəm, ağır oluram,
Gör sən Xuramanı hara çəkirsən?!
* * *
Bextine yazılan yazısı gizlin,
Ümidi, istəyi, arzusu gizlin,
Yarısı aşkardı, yarısı gizlin,
Həsrətin ahıdır qadın ürəyi.
Güləndə gözləri, qəlbi ağlayar,
Qəm dolu dəryadı, coşar, çağlayar,
Qiymətli daş- qaş tək dərdi saxlayar,
Bahadan bahadır qadın ürəyi.
Vüqar heykəlidir, qürur büstüdür,
İçi göz yaşardan quru tüstüdür,
Bütün könüllərin taxtı, üstüdür,
Fəsillər şahıdır qadın ürəyi.__________________________________________________________________________________________________
↧
November 7, 2019, 3:42 am
![Yağış yağır, rəqs eyləyir gur damlalar... Yağış yağır, rəqs eyləyir gur damlalar...]()
Vüsal Bağırlı
Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Mikayıl Müşviq
Yağış yağır. Küçələr su içində. Ulduz metrosunun ətrafı bir göl. Meylin çəkir, tilov at, balıq tut.
Maşınlar sağa - sola şütüyür və su şırnağı fəvvarə effektiylə ətrafa yayılır.
Ey yoldan ötən bəni-insan övladı, soyuqdan və rütubətdən büzüşüb cücəyə dönmüş piyada, sən maksimum diqqətli olmalısan!
Sənin paltarın, şalvarın, kurtkan, plaşın bir an içərisində lehməyə, lilli - gilli suya, palçığa, lıqqaya bata bilər.
Birdən qarşıda, bom-boz səmanın və üşüdücü küləyin yırğaladığı ağaclar fonunda köhnə və xırıltılı avtobus göründü. O, nəhəng buzqıran gəmi kimi suyu yara - yara irəliləyirdi. Mən suya, palçığa batmamaqdan ötrü, cəld kənara çəkildim və macal tapıb alçaq hasarın arxasında daldalandım.
Qarşıda gənc oğlan və qız dayanmışdır. Avtobus isə lap yaxındadır. O, var sürətiylə gəlir və dayanmaq, durmaq fikri də yoxdur.
Oğlan fədakarcasına özünü sipər edir və fürsət düşmüşkən qızı qucaqlayır. Təkərlərin altından püskürən bulanıq su şırnağı onu soyuq, buz kimi duşa qonaq edir.
Bəli, payız girər-girməz, qəfləti intensivliklə başlayan xəzan yağışları, quraqlıqdan sonra, havaya nəm torpaq ətri, əhvala xoş təəssürat əlavə etsə də, bəzi görünməyən məsələləri də çılpaqlığına qədər yuyub aşkara çıxardı.
Şair demiş, göydə iki qara buludun toqquşaraq, ildırımlarını şaqqıldatması, yağışın yağması paytaxtda bəzi küçələrin, həyət-bacaların, yol və prospektlərin sel-su altında qoymasına tamam-kamal kifayət etdi.
Yəqin ki, azacıq da bu qaydada davam etsəydi, Xəzər hövzəsinin Atlantik okeanı ilə birləşmə, bizim Avropaya inteqrasiya olma ehtimalımız tam bir reallığa çevriləcəkdi.
Əvvəllər, bu cür gur axınları, küçələri basan yağışı, qurşağadək su içində, dükana çörək dalınca gedən şəhər sakinini, biz yalnız sənədli filmlərdə, kinofilmlərdə, xəbər və informasiya buraxılışlarında, təəccübdən donmuş, heyrətdən ağzı açıla qalmış şəkildə müşahidə edirdik. Hal-hazırda isə bu hadisələr, Bakının yaz-payız-qış həyatının gündəlik normasına çevirilməkdədir. İndi, qos-qoca şəhər, Yanszı-Xuanxe, Missisipi çayı hövzələrində yerləşən selbasar şəhərlərə bənzəyir.
Əslində, qəfil yağmurun, selin şəhər təsərrüfatındakı bəzi problemləri aşkara şıxarması, təvazökarlığın uzaq sahillərindən boylanaraq, bəzi müsbət məqamları da qeyd etməmizə cani-dildən kömək edir.
Axı bəzəkli idman komplekslərinə, su hovuzlarına, idman basseynlərinə girişin, aylıq abunə filanın nə qədər baha olduğunu yaxşı bilirik!? Etiraf etməliyik ki, küçələrimizin, tin və dalanlarımızın iti axan dağ çayına, həyət-bacalarımızın göl və nohur hövzəsinə çevirilməsinin, hamıda üzgüçülüyə kütləvi maraq yaradacağı şübhəsizdir. Özü də pulsuz-parasız, havayı. Nə qədər istəyirsən üz.
Düzdür, burada "havayı pendir yalnız tələdə olur” ingilis atalar sözünü xatırlasaq da, digər tərəfdən, baş vermiş təbii hadisənin vindserfinq, dayvinq, kaytservinq, raftinq, kayakinq kimi ekstremal və ekzotik idman növlərinin inkişafına da təkan verdiyini də, xüsusi əzmlə qeyd etməliyik. Bundan başqa, turist və valyuta axını, beynəlxalq miqyasda ajiotaj, reklam da öz yerində.
Belə yağışların intensivliyi gələcəkdə də bu qaydada davam edərsə, küçə və prospektlərimizdə balıqların və su heyvanlarının yaranması mümkündür. Təsəvvür edin, su gəlir, küçələr dolur, avtobus məcburi şəkildə dayanır, tıxacdır. Və sərnişinlərimiz darıxmamaqdan ötrü, tilov atıb balıq tuturlar. Yaxud da, qayığa minirsən və Patamdartddan Əhmədliyə avar çəkə-çəkə üzüb gedirsən. Özü də kəsə yolla, ətrafı seyr edə-edə, təmiz hava alaraq. Zövqi-səfa da öz yerində.
Yadınızdadırsa, bir neçə ay əvvəl Parisdə də güclü leysanlar Sena çayını daşırmış, kanalizasiya xətləri təpətıx dolmuş, yollar keçilməz olmuşdu. Özü də o kanalizasiya xətləri ki, onların unikal dolanbacları, qeyri-adi labirintləri, mükəmməlliyi barədə ViktorHüqonun məşhur "Səfillər”ində söhbət açılır.
Gördüyünüz kimi, inqilablar beşiyi, sivilizasiyanın mərkəzi, yüksək dəb, moda, müasirlik aləmi, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri belə adicə yağışın, daşan çayın əlində aciz qalır.
Beləliklə, su aydınlıqdır və təbiət hadisələri həmişə bir hüzur gətirir, özünəməxsus romantika yaradır, insanı fəlsəfi düşüncələrə qərq edir. Yoxsa xeyli müddətdir, tozun-torpağın, gilin içində batıb qalmışdıq. Yağış yağdı və küçələr təmizləndi, binalar, ağaclar yuyunub təravətləndi. Biz isə bir növ, aydınlığa çıxdıq._______________________________________________________________________________________________________________
↧
↧
November 8, 2019, 2:14 am
Hər bir dövlətin varlığını əks etdirən rəmzlər mövcuddur.O rəmzlər içərisində bayraq əsas atribut hesab olunur. Müqəddəs anlam daşımaqla bərabər bayraq eyni zamanda xalqın mənəvi-siyasi və mədəni birliyinin simvolu, dövlət müstəqilliyinin ifadəçisidir.
Çoxminillik dövlətçilik tarixi olan Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqları günümüzə qədər gəlib çatmışdır.Məhz buna görə də paytaxt Bakıda, respublikamızın digər şəhər və rayonlarında bayraq muzeyləri fəaliyyət göstərməkdədir.
1918-ci il mayın 28-də milli dövlətçiliyimizin bərpasından sonra Xalq Cümhuriyyəti dövründə yalnız dövlət bayrağı qanunvericilik səviyyəsində öz təsdiqini tapmışdır.Hələ 1895-ci ildə Əli bəy Hüseynzadənin verdiyi ideya əsasında 21 iyun 1918-ci ildə dövlət bayrağı haqqında ilk hökumət qərarı verilmişdir.Üçrəngli Azərbaycan bayrağının təsdiq edilməsi haqqında qərar isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin məruzəsindən sonra 9 noyabr 1918-ci ildə verilmişdir.Türkçülüyü, müasirliyi və islamı özündə əks etdirən bayrağımız 1920-ci ilin aprel işğalından sonra digər dövlət rəmzləri kimi ləğv edilərək sovet simvoları ilə əvəz olunmuşdur.
Üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidməti vardır.Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı Dövlət bayrağı kimi təsdiq etmişdir.1991-ci ilin fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi.Dövlət rəmzlərinə ,o cümlədən dövlət bayrağına hörmət Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində öz əksini tapmışdır.
Sonrakı dövrlərdə dövlət rəmzləri ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində də sislsilə tədbirlər həyata keçirilmişdir.Belə ki, 13 mart 1998-ci ildə Ulu öndər tərəfindən “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında “ imzaladığı sərəncam, 8 iyun 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında “ qanunun qəbul edilməsi, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında “ sərəncam dövlət rəmzləri ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinin bariz nümunəsidir.
Ölkə başçısının müvafiq sərəncamları ilə paytaxtın xüsusi seçilmiş yerində inşa edilmiş və 1 sentyabr 2010-cu ildə istifadəyə verilmiş Dövlət bayrağı meydanı, eyni zamanda 9 noyabr 2010-cu ildə yaradılmış Dövlət Bayrağı Muzeyi Azərbaycan xalqının milli-mənəvi dəyərlərə,dövlət rəmzlərinə yüksək ehtiramının nümunəsidir.
Respublikamızın digər rayonlarında olduğu kimi Ağdam rayonunda da Bayraq muzeyinin fəaliyyət göstərməsi gənclərin, yeniyetmələrin və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayır.
Ziya Hümbətov
Ağdam Rayon İcra Hakimiyyəti
Başçısı Aparatının İctimai-Siyasi və
Humanitar Məsələlər şöbəsinin
Baş məsləhətçisi___________________________________________________________________________________________________
↧
November 19, 2019, 5:17 am
YOLLAR QUCAQLAYIB KÖHNƏ İZİMİ
Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?
Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.
Fəsil tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.
Keçdik keçilməzi, tərsi ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri tam etdik;
Hasil ömrümüzdə qoşa ədəddi.
Mənəmmiş yanımdan tələsik keçən,
Mən yola düşəndə saçım qaraydı.
Dünən zirvədəki qartalı seçən
Göz indi bilmədi hara haraydı.
Belə unudurmuş insan özünü,
Belə ötüşürmüş illər xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.
TANRININ EVİNDƏ BİR RUH DUL QALIB
Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran...
Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim...
Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.
BİR ŞEİR ÖMRÜNÜN VAXTI DARALIR
Bir az hava sıxır, bir az qayğılar,
Bir az da həsrətə boyun əyirəm.
Düşür iməkləyir halsız duyğular,
Ruhumdan utanıb, dayan deyirəm.
Qələm ağır-ağır sözə sarılır,
Di gəl, barmaqlara hökm elə görüm.
Bir şeir ömrünün vaxtı daralır,
Calayım ömrünə bir ömür hörüm.
Çəkir ağ vərəqi özünə sarı,
Gözümün içində gizlənən işıq.
Alır bəbəyimdən hıçqırıqları,
Tökür yanağıma qan-yaş qarışıq.
Ruhum iztirabdan asır özünü,
Tellərim küləyin əsiri olur.
Bir ah oda dönüb kəsir sözümü,
Dilimdə alovun təsiri qalır.
ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM
Sənə nə könlümə yağan yağışdan,
Ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə yoxuşdan,
Şeytanın evinə üz tutan adam.
Mənim ruhum başqa, düşüncəm başqa,
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.
Əbəsdir tənimə yetişmək cəhdin,
Məni dağ doğurub, səni dərələr.
Sənin savab ilə ötüşmək əhdin,
Xülyadı, önünə iman sərələr.
Çək uzağa duasız əllərini,
Mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi
Əllərimi Tanrıya borc vermişəm.
Vicdan qamçılayıb atını, səndən
Çox - çox uzaqlarda dincini alır.
İnsaf da, mürvət də dolanır gendən,
Boğaza çəkməyə ülgücün qalır.
ÖLÜRƏM SƏNSİZ...
Yağışa susamış quraqlar kimi,
ruhum qəribsəyir nəfəsin üçün.
Xiffətdən çatlamış dodaqlar kimi,
ürəyim göynəyir, ölürəm sənsiz...
Kimə rəhmi gəlib mənə də gəlsin,
hicranın xisləti dönməz, dəyişməz.
İmanı yoxdu ki, dinə də gəlsin..,
qəlbimi qəm didir, ölürəm sənsiz...
Aynalar xəstəhal göstərir məni,
rəngim avazıyıb, yanağım solub.
Ağlasın xan Araz, dəli Kür məni,
əcəl sinəmdədi, ölürəm sənsiz..
SƏN MƏNİM EVİMSƏN...
Guya ki, mən sənin evin deyiləm,
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!...
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu...
sən mənim EVİMSƏN,
mən sənin EVİN...
MƏN OLSAYDIM...
Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır Tanrının ovcunda kəpənək kimi...
HARDASAN?
Hardasan,
yolların yorduğu adam?!
Yenə yollara naxışmı hörürsən,
ürəyimi çəkib aparan izlərinlə?
Köhnə yollar ayaqlarına sərilib
yəqin, sevgilin kimi...
Hardasan,
xəyallar qurduğum adam?!
Gecənin bətni dolub,
birazdan qaranlıqlar doğulacaq,
izlərini addım-addım yaddaşına
köçürən,
dabanlarını hərisliklə öpən
yollar görünməz olacaq...
Bir cüt göz nəmlənir
gecəyə açılan pəncərəmdə,
bir ağrı sızıldayır
qoynumda daşa dönmüş
əllərimdə...
Hardasan,
ruhunun səcdəcinə durduğum adam?!
De, harda dincəldirsən yorğun
ayaqlarını,
qayğılarını qucaqlayıb yuxuya
getmisən yoxsa?!.
Bir ucuz otel otağının
nimdaş yatağı
rahatmı qollarımtək,
İsidə bilirsənmi üşüyən ruhunu
nəfəsim olmayan yerdə?
Hardasan?!!
SEVGİDƏN YETİM QADIN
Getdin...
kimsəsiz qaldı bu şəhər,
boşaldı küçələr,
bu boyda şəhərin
sən boyda itgisi
dərd oldu gecələrə,
ayın çöhrəsində
ölüm nişanəsi,
ulduzlar öləziməkdə olan
köz kimi...
Getdin...
işıqları qaranlıq rəngdə
yandı bu şəhərin,
günəşi buludlar uddu,
könülsüz açıldı səhərləri,
zamanı ötmədi,vaxtı keçmədi
bu şəhərin.
Getdin...
kimsəsiz qaldı bu şəhər,
bir də bir qadın hönkürdü
şəhərin kimsəsizliyinə,
səndə itən qadın,
sevgidən yetim qadın...
TANRIYA...
Boş əlim, boş qucağım,
Alışmadı ocağım.
Yox daha umacağım,
Çək göyünə, çək məni!
Sevgim tənha qarıdı,
Dərdim məndən yarıdı.
Üzüm sənə sarıdı,
Çək göyünə, çək məni!
Dibi su tutmaz quyum,
Bəxtimə çatmaz boyum,
Nə yatdım, nə də doyum,
Çək göyünə, çək məni!
Ümidlərə sarıldım,
Üz görmədim qırıldım.
Bu ömürdən yoruldum,
Çək göyünə, çək məni!
QADIN
Tök daşı ətəyindən,
Barış yönsüz qismətlə.
Bəxt adlı itiyindən
Üz əlini, üz qadın!
Gözündə yaş ağrıyır,
Salamı kəs buludla.
Fələk elə qarğıyıb
Odun tutmaz köz, qadın.
Pəncərən ulduz görməz,
Gecən qara eynəkli.
O əl saçını hörməz,
Gözləməkdən bez, qadın!
Yollarını daş kəsər,
Qan yuyar ayağını.
Sevincindən yox əsər,
Qəm-kədəri yüz qadın.
Ürəyin dəlmə-deşik,
Ağrı damır yerindən.
Susur orda bir beşik,
Dilin dolu söz qadın.
"Ol" deyənin qəsdi nə,
Niyə çağırdı səni?
Sən boğuldun tüstünə,
Anan dedi döz, qadın!
TA RUHUM YERDƏN İYRƏNİB
Əlim havadan asılı,
duam ovcumdan tökülür.
Dilim ağzıma qısılı,
özüm abrıma bükülü.
Dualarım çatmır göyə,
uzaqdı Tanrının yolu.
Eşitmir çağıram deyəm:
"öldür, ay Allah bu qulu"
Ta ruhum yerdən iyrənib,
göyə çəkilmək istəyir.
Çoxdakı cana öyrənib,
candan sökülmək istəyir.
Susadığım arzular kəm,
qulağım səsə küylənir.
Gözlərimin dibi hey nəm,
dinsəm "yağışım" sellənir.
KƏFƏNLƏDİM SABAHLARI...
Hisslərim yaman ağrıyır,
Üstündən ağır söz keçib.
Ürəyim məni qarğıyır -
Deyirəm, yenə döz, keçib.
Yorub bu tale, bəxt məni,
Dilim ağzımda süst düşüb.
Ruhum cismimdən eymənib,
Bir ayrı cana dəst düşüb.
Əlim harayıma çatmır,
Yanağımı gün qurudur.
Bu dərdin günəşi batmır,
Saçlarımda dən qurudur.
Arzumun çırağı yanmır,
Könül susub süqutdadı.
Bu ömür yatıb, oyanmır..,
Hər nəfəsi sükut dadır.
Ümidə məzar qazıram,
Dəfn edəcəm sabahları.
Daha sondu... son yazıram,
Kəfənlədim sabahları...
YOXA, MƏCHULA ÇIXACAM...
Qapına gələn yorğunam,
Hanı qapının açarı?!
Yüz yalanda bir doğrunam,
Al evinə bu naçarı.
Aç, uyuyum dizlərində,
Dizlərin savaba batsın.
Hicran gəlib izlərimdə,
Qoyma diləyinə çatsın.
Alım gözümün ağrısın,
Sonra xəyala dönəcəm.
Lap əzab məni doğrasın
Könül taxtından enəcəm.
Yox olacam dumanlarda,
Gözümdə bulud bitəcək.
Bəlkələr də, gümanlar da
Düşüb yollarda itəcək.
Varıb qeyblərin göyünə,
Yoxa, məchula çıxacam.
Kilidlənib bir düyünə,
Kəndirə boyun sıxacam.
ANA
Oğul düşmən çəpəriymiş,
Çəpər "göyərdə" bilmədim.
Qız dizinin təpəriymiş,
Təpərsizdi dizim, ana!
Özümdən Tanrıya yolam,
Ruhum göylərə körpüdü.
Dərdin yarıtdığı qulam,
Qəmə toxdu gözüm, ana!
Varım-yoxum sözdü elə,
Misra-misra ömr edirəm.
Tale yazan yazdı belə,
Deyirsən döz, dözüm, ana... _____________________________________________________________________________________________________
↧
November 21, 2019, 11:58 am
![Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə]()
Karabakhmedia.az Həcər Paşayevanın "Bir arvadlı kişi" hekayəsini təqdim edir
Nəslixanın evi şəhərin ayağında - RTS dedikləri yerdə idi. Ev deyəndə ki, bu, ədəli-düdəli ev deyildi, vaqon-ev idi. Ancaq içəri girəndə bapbalaca mətbəxi, yataq-qonaq otağı və qalan dəm-dəstgahı yerində olan, yaşamağa yararlı bir qutu idi. Nəslixan beş-altı ay əvvəl tikdirməyə başladığı üçmərtəbəli, beş yüz kvadratmetr sahəsi olan evin işinə yaxından nəzarət etmək üçün vaqon-evdə qalırdı.
Dağların qoynunda yerləşən bu balaca şəhərdə hamı bir-birini tanıyır, hörmət edirdi. Bura, bəlkə də, ölkədə yeganə yer idi ki, şəhər içində taksi sürücüləri müştəridən pul almır, yalnız uzaq kəndlərə gedəndə haqq alırdılar. Vaqon-evin düz yanında “podstansiya”, yəni rayonun yüz iyirmi üç kəndinin işıq məsələsini həll edən idarə yerləşirdi. Nəslixan işıq idarəsinin rəisinə xahiş edib oranın telefonundan evinə xətt çəkdirmişdi: telefonları paralel idi. Zəng gələndə dəstəyi əvvəlcə işıq idarəsində götürürdülər, əgər söhbət onlarlıq olmasa, “bir də zəng vurun”-deyirdilər. İkinci zəngə artıq Nəslixanın evindən cavab verirdilər.
Bu ərəfədə rayona bir məşhur foto-müxbir təşrif gətirdi. Həmin vaxtları mərkəzi qəzet və jurnalların səhifələrində şəkillərin altında tez-tez: “Foto V.Tağıyevindir” - sözlərini görmək olardı. Müxbiri rayon qəzetindən Nəslixana təhkim etdilər ki, sən rayon Təbiəti Mühafizə Şöbəsinin inspektorusan. Bu kişini apar, görməli, maraqlı təbiət mənzərələrinin şəklini çəksin. Onsuz da tez-tez sahələrə çıxırsan. Nəslixan çar-naçar razı oldu. İşinin bu “razqar” vaxtında müxbir hərləmək heç ürəyindən deyildi. Vahabı evinə dəvət edərək yeyib-içdikdən sonra qərara aldılar ki, səhəri gün yola çıxsınlar. Bu dağ yerində meşələri, sıldırımları gəzmək neçə gün vaxt aparacaqdı.
Şuşadan üzü bəri hərlənib çoxlu şəkillər çəkən qonaq yorulduğu üçün gecə tez yatmaq istədiyini bildirdi. Müxbiri telefon olan otağa ötürən Nəslixan köç-külfətini başına yığıb bəriki - kiçik otağa keçdi və müxbiri xəbərdar etməyi unutdu. Böyük palıd meşələrinin, başqa ağacların bol olduğu rayonda elektrik dirəklərini lazım olan məsafədən çox aralı basdırdıqları üçün (dirəkləri satdıqları üçün) naqillər tez-tez sıradan çıxır, qəza baş verir, kəndlərə elektrikin verilməsində böyük fasilələr yaranırdı. Gecəyarısı bir neçə kənddə məlum vəziyyət yarandı və işıq idarəsinə zənglər gəlməyə başladı. İdarədə növbətçi yatmışdı, dəstəyi Nəslixanın evində Vahab götürdü:
- Alo, bura işıq idarəsidir? - soruşan kimi Vahabın yuxulu səsi eşidildi:
- Yoox, bura Nəsirxanın evidi, - dedi. (O, Nəslixanın adını Nəsirxan kimi yadda saxlamışdı).
Bir az keçmiş yenə telefon səsləndi:
- Alo işıq idarəsinnəndi? - deyə soruşdular.
- Yoox, atam-qərdeşim, bayax dedim axı, bura Nəsirxanın evidi, Nəsirxanın.
… Səhərəyaxın, bəlkə, əllinci dəfə gələn zəngə Vahab ağlamsınmış cavab verdi:
- Atam-qərdeşim, noolar, qoyun, bir saat yatım. Axı belə olmaz. Bu gecə nə siz yatduz, nə də məni qoyduz yatmağa. Siz rəhmətə gedənnərinizin goru, imkan verün, ölürəm yuxudan ötrü. Yatmağ istəyirəm…
Həmin gecə podstansiyada növbətçiqalan adam işlədiyi müddətdə, bəlkə, ilk dəfə idi ki, bütün gecəni səhərəcən yata bilmişdi.
Sabahı gün Nəslixan qonağı yuxudan güclə oyatdı. Günorta yeməyindən sonra yola düşdülər. Yol uzaq olduğundan “həm ziyarət, həm ticarət” - deyə düşünən Nəslixan hamının “Topal Teymur “ dediyi iş yoldaşı Teymuru da özü ilə götürdü. Şəhərdən çıxıb üzü dağlara doğru səmt alan maşını özü sürür, yola nərdivan salmaq üçün arada Teymurla söhbət edir, Vahab da pəncərədən mənzərələrə baxırdı. Qarabağın gözü olan bu rayona birinci dəfə idi gəldiyi üçün gördüklərindən vəcdə gələn foto-müxbir dedi:
- Alə, Şuşanı başdan-ayağa gəzib çəkmişəm. Şuşa gözəldir. Möhtəşəmdir. Ancaq buralar tamam başqadır, daha gözəldir. Böyük… Əzəmətli… Mənzərələrə bax, bir. Necə ecazkardır, təkrarsızdır. Bütün ölkəni gəzmişəm, belə yerlər görməmişəm. Buraları bilirsüz, niyə tanımır camaat? Çünki yolu yoxdur. Buralara yaxşı yol çəkilə, rahat gediş-gəliş ola ha, millət tökülər bura. Alə, bu ğadar çiçək, gül olar? Ayy daa, gözəlliyə bax, aləə...
Dörd gözlə, heyranlıqla ətrafı seyr edən Vahab öz-özünə danışır, uşaqlar onu eşitmirmiş kimi qoşulmur, onlar üçün adiləşmiş mənzərələrə ötəri baxırdılar. Az sonra Nəslixan bir siqaret yandırıb damağına qoydu. Ona baxıb birini də Teymur yandırdı. Vahab həyəcanla:
- Atam-qərdeşim, neyliyirsiz? Maşında siqaret çəkərlər?
Dostların hər ikisi təəccüblə ona baxdılar. Teymur:
- Müəllim, pəncərə açıxdı, dana, noolajax?
- Yoo, noolsun açığdu? Burdan çıxana qədər nəfəsimə dolur. Söndürün siqaretlərü, - deyə qonaq əmr etdi.
O, mərkəzdən-paytaxtdan gəldiyi və qəzetdə işlədiyi üçün rayon adamlarına yuxarıdan aşağı baxırdı. Qonağa hörmət etməyi dədə-babadan qalma yazılmamış qanun kimi qəbul edən cavanlar siqareti söndürdülər. Ancaq siqaret çəkməkdən ötrü ürəkləri gedirdi. Yolun yarısında dözməyən Nəslixan maşını saxlayıb düşdü və Teymuru da çağırıb hərəsi bir siqaret yandırdı. Yenicə çəkməyə başlamışdılar ki, Vahab başını pəncərədən çıxarıb:
- Bu, sonuncu olsun. Nöşün ki, maşına minəndə ağzuuzdan siqaret iyi gələcey. Ürəgim bulanacey, - dedi.
Cavanlar bir-birinin üzünə baxıb dinmədilər. Ancaq qanları bərk qaraldı. Nəslixan səfərini Hacısamlı sovetliyinin Bülöylük deyilən kəndində başa vurmağı qərara almışdı. O kənddə atasının dostu Kamran bəy yaşayırdı. Qəribə xasiyyəti, çox böyük təsərrüfatı olan Kamran bəy həm də məşhur arıçı kimi tanınırdı. O, bu tərəflərin adlı-sanlı adamlarından olan Müseyib bəyin oğlu idi. Müseyib bəylə Soltan bəy arasında gərgin düşmənçilik olmuşdu və bu düşmənçiliyin nədən başlamasını hərə bir cür yozurdu. Məsələnin dərinliyinə yetəndə baxırdın ki, düşmənçilik adi bir şeyin üstündə başlamışdı. Soltan bəy həmin Soltan bəydir ki, Tat dərəsində erməni Andronikin böyük bir dəstəsini məğlubiyyətə uğratmışdı. Qardaşı Xosrov bəy Sultanov isə Şuşanın general-qubernatoru olmuşdu. Hər iki tayfa ağır, tikanlı nəsil idi və onlar haqda çoxlu rəvayətlər gəzirdi. Deyirdilər, erməni-müsəlman davası vaxtı Xosrov bəy qardaşı Soltan bəyə kiçik çaplı bir pulemyot verir. O da pulemyotu gətirib Bülövlük kəndinin lap yuxarısında qurur üzü kəndə tərəf. Soltan bəyin atası Paşa bəy baxır ki, erməni gəlsə, onlara atılan güllədən kənd də zərər görəcək. Oğluna deyir ki, a bala, beş-altı dılğır ermənidən ötrü kəndi dağıtmayacaqsan ki. Bura iki seyid gətir, hərəsinə də kəndin bir başında ev tik. Elə bir-iki ilə bütün obanı tamam yeyib dağıdacaqlar.
Nəslixan qəzetə vermək üçün Kamran bəyin də şəklini çəkdirməyi qərara almışdı.
Sıldırımlı qayaların döşündə bir maşın keçəcəyi endə açılmış yolla hərəkət etdikcə Vahabın ürəyi üzülür, ancaq səsini çıxarmırdı.
- Qağa, Kamran bəyin o biri arvadı durur, görən? - deyə Teymur qəfildən sual verdi.
- Hə, o da durur, ondan qabaqkı Nənəxanım da, - deyə Nəslixan cavab verdi.
Söhbətin məğzini tam anlamayan Vahab:
- Aa, bu kişinin neçə arvadı var, alə? -deyə soruşdu.
Uşaqlara da elə bu lazım idi. Nəslixan güzgüdə Teymura göz vurub ciddi-ciddi:
- Necə yəni, neçə arvadı var? Kişinin neçə arvadı olar, o qədər, —dedi.
Vahab bir az alındı, sonra:
- Başa düşmədim. Necə yəni kişinin neçə arvadı olar, o ğədər? Bəgəm kişinin birdən artıx arvadu olmalıdu?-deyə soruşdu.
Nəslixan çox təəccüblə, qeyri-adi bir söz eşidibmiş kimi bərəlmiş gözlərini güzgüdən qonağa dikdi:
- Vahab müəllim, sənin neçə arvadın var?
- Bir, neçə olmalıdu ki, bəgəm?
Sıldırımın təpəsinə nərə çəkə-çəkə qalxmış maşını əyləci qəfil basıb saxlayan Nəslixan:
- Teymur, bu nə danışır? Bunun bir arvadı varmış. Biz də bu adamı götürüb o böyüklükdə bəyin evinə aparırıx. Orda eşitsələr , biabır oldux, - deyib qanı qaralmış kimi Teymura baxdı.
Vahab onun sözünə inanmadı:
- Alə, məniynən məzələnirsüz? Nə danışırsuz? Gedin özüüzü doliyin, - dedi.
Teymur Nəslixanın sözünə qüvvət verib çox fikirli-fikirli:
- Qağa, nə bilək vəziyyəti? Əvvəldən bilsəydik, heç o səmtə getməzdik. Gərək orda açıb ağartmıyax. Yoxsa kişi bizi biabır eliyəjək, - dedi.
Vahab döyükə-döyükə gah Nəslixana, gah da Teymura baxıb söhbətin sonunu gözlədi.
Müəllim, neçə ildi evlisən? - deyə Nəslixan soruşdu.
- On dörd ildü. Necə bəgəm?
- Heç qonşuya-zada, bir qohumun evinə getmirsən?
-Yoo, nöşün gedim qonşuya? Həm də vaxtım olmur axı. Bütün güni rayonlarda, orda-burda . İş dalıyca qaçıram. Evə dəgirəm arada, puldan-paradan verib yenə, haydı, Allah saxlasun. O şəhər sənün, bu kənd mənim.. Belə... Mənimki belədü.
- Arvad da, yəqin, səni qoymuyub qonşuya-qohuma dəyəsən. Çünki getsəydin, oralarda görərdin, camaatın neçə arvadı var.
Onların söhbətini çox dilxor-dilxor dinləyən Teymur dilləndi:
- Deyirəm daa, qağa, bu adamda bir illət var. Bunun arvadı qoymuyuf vəziyyətdən halı olsun. Yoxsa noolub bu adama, maşallah, şakalad kimi oğlandı. Özü də savaddı.
- Qoymıyıb diyəndə ki, düzinə qalsa, nə arvad getmirdi, nə də mənim axotum olmurdu. Bir də ki bunnari mənnən soruşursuz, sənün özünün, Nəsirxan, neçə arvadun var bəgəm?- Vahab sanki özünə haqq qazandırırmış kimi soruşdu.
- Mən dörd ildi evlənmişəm. Bir az keçsin ikinci, sonra üçüncü, daha sonra baxacam daa, nə qədər almaq mümkündü , alacam. O böyüklükdə, üçmərtəbəli evi niyə tikdirirəm bəs? - deyə Nəslixan lap ciddiləşdi, sonra əli ilə “şapp” eliyib arxada oturan Teymurun sifətinə, sonra öz üzünə vurdu, - bu Teymurun canı, bax bu özüm ölüm, dədəmin beş arvadı oluf. Mən kimdən əskiyəm ki, bir arvadnan oturum?
-Teymur, qərdeşim, sənün neçə arvadun var? - deyə müxbir lap təəccüblə soruşdu. Söhbətin ciddiliyi ona yaman təsir etmişdi.
- Müəllim, mən hələm nişanlıyam. Evlənim, sonra dalbadal dörd-beşini almax fikrim var. Dədəm dördünü almışdı. Niyə, maa nooluf ki? -- sonra Nəslixana müraciətlə, - Qağa, bunu, yəqin, siqaret çəkməyə də arvadı qoymuyuf. Bax burda da onun barmağı var, billəm.
-Yox alə, arvadun nə həddinədü ki, mənə belə söz diyə? Öldürrəm oni, - deyə müxbir xoruzlandı.
Nəslixan mühərriki işə salıb üzüenişə götürüldü. O da, Teymur da hərəsi bir siqaret yandırıb damaqlarına qoydular. Vahabın fikri ayrı yerdə idi, fərqinə varmadı. Uşaqlar siqaretə ləzzətlə qullab vurub tüstünü ciyərlərinə çəkir, güzgüdə baxışırdılar. Ətrafdakı cəlbedici mənzərələr Vahabı heyran edir, arada fotoaparatını sazlayıb çıqqaçıq şəkilləri çəkirdi. Dərədən axan və arxada Minkənd çayına qovuşan Şəlvə çayının zümzüməsi gəlirdi. Sıx meşəli uca dağların bir-birindən fərqli, ecazkar görüntüsü valehedici idi. Qüruba doğru əyilməyə başlayan günəşin şəfəqləri düz maşının şüşəsinə vurur, sürücünün gözünü qamaşdırırdı. Yol get-gedə daha təhlükəli yerlərdən keçir, qonaq sarısını udurdu. Arada bir neçə dəfə maşından düşüb insanı bayıldacaq dərəcədə gözəl görünən mənzərələrə dörd gözlə baxan Vahab dedi:
-Əla..! Əladu. Alə, mən niyə buralara gəlməmişəm əvvəllər?! Yol var ki... Olsaydı, çoxdan gəlmişdüm... Gözəl... Gözəl... Bütün qəzetlərə, jurnallara verəcəm, - deyirdi.
Bülövlük balaca kənddi. Ətrafını saran təkrarsız gözəlliyi, uca dağların ovcuna sığınmış, süsü, ecazkarlığı baxanı heyran qoyan, hər tərəfində göz kimi dumduru bulaqlar qaynayan, min cür rənglə bəzənmiş çəmənliklərində arıların bulud kimi uçuşduğu kənd balı ilə məşhurdu. Onlar kəndə axşamüstü çatdılar. Hava hələ tam qaralmamışdı. Kamran bəy qonaqları gülər üzlə qarşıladı. Yumruqlarını boks döyüşçüsü kimi tutub gah Nəslixanın, gah da Teymurun qarnına bir iki yüngül yumruq ilişdirdi:
- Əyə qardaşoğlu, hardasınız, ayə? Niyə belə gec-gec görükürsünüz? Nəsi, sən Allah, arada gəl, bir Əlik ovuna çıxax. Yaman göylüm isdiyir. Həm də bir qol-qıçəmi açım, kütürrəşməsin, çıxax, yuxarıların da havasını alax - dedi, sonra qonağa işarə edib, - qonağımız şəhər adamına oxşuyur, - deyə əlavə etdi.
- Hə, Kamran dayı, qəzetdən gəlib, mənzərə şəkilləri çəkəcək. Bir də əmək adamlarının şəklini, - dedi Nəslixan.
Kamran bəy uşaqlarına işarə eləyib evin arxasındakı ağıldan kök bir toğlu gətirtdi. Başını kəsib cəld aşmarladı. Uşaqlar şişləri gətirdilər. Kömürü iri, iyirmi-otuz şiş tutan manqala doldurub alışdırdılar. Elə cəld və ustalıqla işləyirdilər ki... Bir saata artıq şişə çəkilmiş ət manqalın üstündə cızıldayır, kababın iştahaçan qoxusu ətrafa yayılırdı.
Süfrə arxasında qonaq artıq siqaretə olan dözümsüzlüyünü unutmuşdu. Nəslixan Teymurun qulağına Vahab eşidə biləcəyi tərzdə pıçıldayıb:
- Temi, bilməzsən, o arvad məsələsindən söz açarsan haa, birdən. Kişi bilsə, bizi odluyar. Qoy qalsın, - dedi.
Vahab qorxuya düşdü. Nəzərlərini gah Teymurun, gah da Nəslixanın üzündə gəzdirib sanki susmaları üçün yalvardı.
Ortalığa tünd tut arağı qoyulmuşdu. Az sonra tamam dəm olan Vahab birdən:
- Alə, Kamran bəy, diyillər, süzün üç arvaduuz var. Hanı bəs, burda bircə arvaduuz hərlənir axı, - dedi.
Kamran bəy sözü göydə tutdu:
- Ay müxbir, bınnar yalançinin biridilər, mənim dörd arvadım var. Burda biridi, biri şəhərdəki evimdədi. İkisi də dərənin o tayında evim var, orda qalır,- dedi. Teymur onun dizini basıb:
- Müəllim, sus. Burda söhbəti açsan, yeməyimiz burnumuzdan gələjək. Bəy yaman pis baxır bir arvatdı kişilərə, - dedi.
Vahabın köpü tez yatdı. Uşaqlar siqaret çəkmək üçün çölə çıxanda Kamran kişi də onlarla çıxdı. Yolda olan əhvalatın ucundan-qulağından danışdılar. Qonaq sərxoş olduğuna görə Kamran bəy söhbətin ardını səhərə saxladı.
Səhəri gün Vahabı götürüb bütün gözəl mənzərəli yerləri gəzdilər. Vahab Kamran kişinin də bir neçə pozada şəkillərini çəkdi. Axşamüstü Kamran bəy:
- Nəsi, mən də siznən gedəjəm. Soora maşın düşmür. Yollar da xaraf. Şoferrər çətin gedir bı yolu. Sən maşının ətini yeyib sürürsən. İyidsən, Vallah, heş nəyə baxmırsan, - deyib yenə onun qarnına bir-iki yüngül yumruq ilişdirdi.
Kamran bəy qonaq üçün iki ədəd bal dolu çərçivə götürüb bükərək bir torbaya qoydu və “bı, qonağın payıdı”, - dedi.
Maşına sarı gedəndə Teymur qonağın dodağı altında “bu ğada baldan maa verdiyinə bax. Yarısı taxta, yarısı da mum”, dediyini eşitdi.
Artıq bir saata qədərdi yol gedirdilər. Hava alatoranlayırdı. Kamran bəy qəfildən soruşdu:
- Ay müxbir, axşam o nə sualdı maa verirdin? Nejə yanı bınnar deyir, sənin üç arvadın var? Bəyəm mənim kimi kişinin üç arvadı olar? Dörddü, sən öl.
Vahabın qanı qaraldı. Güzgüdə gah Nəslixana, gah da yanında oturan Teymura ani nəzər salıb söhbəti təzələmək istəmədiyini bildirdi.
Ancaq Nəslixan özünü gözməməzliyə vurub birdən:
- Kamran dayı, axşam evdə qanını qaraltmaq istəmədim, vallah. Ancax maa belə gəlir ki, bilməyin yaxşıdı. Taa iş işdən keçib, onsuz da geri qayıdırıx. Bu kişinin, Vahab müəllimin bir arvadı var, - dedi.
Kamran bəyi elə bil ildırım vurdu. İkiəlli şappıltı ilə dizinə vurub:
-Bayy, nə danışırsınız, ayə? Nejə yanı bir arvadı var? Bə bı kişi neçə illərdi neyliyirmiş? Nə avara adamıymışsan, əə, sən…Niyə maa axşam deməmisiz? Heş indi siznən yola da çıxmazdım. Mənim bir arvatdı kişiynən yola çıxmağımı görmüsüz, indiyəcən?
-Yox, - deyə uşaqlar ikisi də birdən dilləndi.
- Müəllim, niyə belə boşluğ eliyifsən? Axşəm elə bil sümüyüm duymuşdu, ancax özümü o yöndə qoymadım, dedim, qonaxdı.
Danışa-danışa birdən Kamran bəy bağırdı:
- Ayə, ayı, ayı! Nəsi, maşını saxla. Maşının işığını söndür. Bilirsən daa, ayı maşın işığına nejə ləjdi.
Nəslixan dərhal motoru söndürüb maşını saxladı. O da, Teymur da tez şüşələri qaldırıb həyəcanla pəncərədən ətrafa baxmağa, guya ayının ha səmtdə olduğunu bilməyə çalışırdılar. Vahabın qorxudan ürəyi üzüldü.
- Bir arvatdı kişiynən yola çıxanda belədi daa. Qaramat kimi bəlaya tuş olmasax, yaxşıdı, - deyə Kamran bəy lap yavaşca pıçıldadı, - Yaxşı ki, qavağımıza əjdaha-zad çıxmır, - dedi.
Maşının içərisini ölü bir sükut bürüdü. Vahabın ürəyinin döyüntüsü qulağına gəlirdi. Bir neçə dəqiqə gözləyib yenə yollarına davam etdilər. Yenicə getmişdilər ki, Kamran bəy yenə bağırdı:
- Ayə, bir dayan, dayan görək, ay Allah öyünü tiksin! Bı nə iş idi biz düşdük? Neçə ildi bı yolları gedirik, heş belə şeyə irast olmuşduz?
Nəslixan qorxa-qorxa:
- Kamran dayı, diqqətim yoldadı, görmədim, nooluf? - dedi.
- Ayə, o yekəlikdə qabanı görmədiz? And olsun Allaha, maşına cumub dişini ilişdirsə, təkərlərin hamısını deşik-deşik eliyər. Di qal, gejə vaxtı bı dağın təpəsində.
Nəslixan yenə də sürəti azaldıb həyəcanla ətrafa baxdı. Teymur Vahaba qısılıb “qorxudan” titrəyirdi. Kamran bəy öz-özünə danışırmış kimi:
- Hammısı bı bir arvatdının əyağınnandı. Allah da götürmür belə şeyləri. Hələ avariya eləməsək, yaxşıdı, - dedi, sonra üzünü Vahaba tutub, - müəllim, bəs demirsən, sən öləndə dörd tərəfində kimin saçını bağlıyajaxlar bir-birinə? - deyə soruşdu.
Vahabın quyunun dibindən gəlirmiş kimi zəif səsi eşidildi:
- Dayı, vallah, baş açmadım, nə diyirsüz?
- Müəllim, kişi öləndə gərək onun arvatdarı meyitin dörd tərəfini saçlarını bir-birinə bağlıyıf əhata eliyə, ağlaşə. Camaat da baxıb onnara, ağlaşə. Bir arvad nə yas məclisi aparajək? Ona yazıx döyülmü?--deyə Kamran bəy yenə Vahabı qınadı.
Nəslixan:
- Kamran dayı, daha iş işdən keçib ee, sağ-salamat çatax mənzil başına, sorası Allah kərimdi, - dedi.
Birdən qəfil yola çıxan və maşının fənərlərinin işığı gözünə düşmüş bir dovşan təkərin izinə sindi. Kamran bəy təəssüf və qəzəblə əllərini maşının “bardaçok”un üstünə çırpıb:
- Allah evini tiksin, ay kişi, dovşanın da bir arvadı var, sənin də! - dedi.
Qəfildən Vahabın doluxsunmuş və üzrxahlıq edirmiş kimi qısılmış səsi gəldi:
- Siz Allah, məni bağışlayun, mən eşşək olmuşam! Mən qanmamışam. Mən nə bilim ki, belə olur. Qoy gidim Bakıya, məsələni həll eliyəcəm, günahımı yuyacam.
Tərəfdaşlar artıq çox ağ etdiklərini düşünüb daha uzatmadılar. Ancaq susmağı çox çətin bacardılar. İçlərindən püskürmək istəyən dəli gülüşü zorla saxlamışdılar.
Səhəri gün qonaq :
- Qubadlıya getməliyəm. Məni aparıb ora qoy, qayıt, Nəsirxan, - dedi.
Nəslixan Vahabı maşınla gətirib şəhərdən on kilometr aralı Ağayunus kəndinin dərəsində, Turşsu pavilyonunun yanında qoyub:
- Bura Qubadlıdır, - dedi, - bir az gözlə, şəhərə gedən avtobus indicə gələjək.
Vahab pavilyondakılardan öyrəndi ki, bura Qubadlı yox, Laçın rayonu ərazisidir. İki saat sonra Qubadlıya gedən avtobus ordan keçəndə əlini yelləyib saxlatdı və rayona yola düşdü.
P.S. Ermənilər Laçını işğal edəndə Kamran bəy arı dəflərini, təsərrüfatını, kəndini tərk etmədi:
- Erməni nə karadı ki, qavağınnan qaçım, - dedi, - ölsəm, elə bırda öləjəm.
Ona baxıb iyirmi iki yaşlı oğlu İmamverdi də dədəsini tək qoymadı, kənddə qaldı. Aradan bir müddət sonra rayon tam işğal olundu. Nə Kamran bəydən, nə də oğlundan bir xəbər çıxmadı. Bakıda kiçik bir otağa sığınıb qalan arvadı Balış dözməyib özünü asdı.
Mənbə: kulis.az______________________________________________________________________________________________________________________
↧
November 22, 2019, 1:20 am
"Özümüz- məmurlarımız, sənətçilərimiz, gənclərimiz Qarabağın azadlığı amalıyla yaşayırıqmı, əsl gerçəkləri bilirikmi?..”
Fikir savaşı...
30-40 il öncədən uduzduğumuz informasiya savaşını son 5-10 ildə guya udmağa çalışırıq: Qarabağ adıyla ya xaricdən, ya daxildən qrant alanlar Berlində bir konfrans keçirir, Nyu-Yorkda bir-iki kitabça paylayır, Parisdə bir film göstərir, biri demokrat kimi təqdim etdiyi Paşinyanla mənasız deyişmə aparır, o biri 3-4 dildə yekə bir kitab yazıb buraxır və s. Hələ bu yandan da bəzi ziyalılar-filanlar tələb edir ki, xaricdə Qarabağ həqiqətlərinin təbliğatını gücləndirmək gərəkdir...
Deyin, görək bu günədək bu təbliğat-təşviqatdan kiminsə, yaxud kimlərinsə cibinə para axmasından, hansısa cənabın, xanımın özünü reklam etməsindən savayı bir fayda görmüşük? Heç olmasa, bir rayonumuzu işğaldan azad etmişikmi?.. Güclü əks-təbliğat 1980-cı illərdən başlamalıydı. Onda da özbaşına deyildik, imkan vermədilər... İkincisi də, heç guya özümüz Qarabağın işğalı barədə həqiqətləri bilirikmi, bu oyunları, bu işğalları kimlərin qurduğunu sübut edə bilirikmi ki, xaricdəkilərə də çatdıraq?..
Dəfələrlə deyirik, yazırıq: birdəfəlik bilmək lazımdır ki, xaricdə, BMT-də, AŞ-da, ABŞ-da-filanda Paşinyanı, yaxud Sarkisyanı faktlarla, məntiqlə yıxıb sürüsən də, beynəlxalq super güclər, yəni bütün münaqişələr kimi Qarabağı da törədib idarə edənlər bunu xalis qələbə kimi qeydə almayacaq. Uzaqbaşı, “Vaşinqton-Tayms”da bu haqda bir xəbər çıxacaq, bizim yerli media, telekanallar da bunu hay-küylə böyük bir qələbə kimi tirajlayacaq... Kütlə düşüncəli kəslər də ağzını açıb baxacaq ki, ayə, filankəs yaman dedi e, Ermənistan fiaskoya uğradı, yox e, bu il Qarabağı mütləq qaytaracağıq. Vəssəlam-şüttəmam...
Təkrar edirik, super güclərin məqsədi “Qarabağ probleminin ədalətli həlli” yox, əksinə, ATƏT-in Minsk Qrupu, Rusiya, ABŞ, Fransa və s. vasitəsilə ətalətli şəkildə daha da uzadılmasıdır... Və xaricdə hansısa ingilisin, almanın, fransızın, italyanın Azərbaycanı tanıması, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu eşitməsi, görməsi transmilli oliqarxiyanın planlarına zərrə qədər təsir göstərməyəcək... Onlar öz bildiklərini edəcəklər... Super güclərə təsir göstərə bilən yeganə güc, vasitə bütün türk, müsəlman xalqları olmasa da, Azərbaycan xalqının özünün gerçək birlik, güc nümayiş etdirməsidir... Yalnız bundan sonra torpaqlarımızı savaş yoluyla azad edə bilərik...
Bəs real vəziyyət nədir? Telekanallarda, küçələrdə bu boyda şou təbliğatı-filanı ilə, əxlaqsızlara, mavilərə-filanlara fəxri adlar verilməsi, onların cəmiyyətə nümunə kimi sırınmasıyla, yeniyetmə və gənclərin beyinlərinin cürbəcür mənasız kompüter oyunlarıyla yuyulmasıyla Qarabağın azadlığının təbliğ edilməsi uyuşurmu? Gecə-gündüz fikri-zikri yeyib-dağıtmaq, rüşvət, korrupsiya olan bir sıra məmurların əqidəsi ilə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul-qızlarımızın amalını, bu gün də döyüşməyə hazır olan qazilərimizin məqsədi ilə necə uyğunlaşdırmaq olar? Hərbçi, məmur olmağa hazırlaşan gənclərimiz bunlardan hansı nümunəni götürəcək? Öncə məmurlarımızı, sənət adamlarımızı, manıslarımıızı Qarabağ ruhunda, milli ruhda tərbiyə etməli deyilikmi? Bu, xaricdəki təbliğatdan daha vacib deyilmi?..
Xülasə, milli(!) dövlət əsas diqqəti, pulu-paranı daxili təbliğata, gerçək MİLLİ DİRÇƏLİŞƏ yönəltməlidir ki, üçrəngli bayrağımız Qarabağda da DİRÇƏLSİN...
P.S. “Fərasətli” kişilər, xanımlar Qarabağ, şəhidlər adıyla pul qazanır, villa tikir, maşın alır, biz də boş-boş gözümüzü töküb başımızı ağrıdırıq. Necə deyərlər, dəyirman öz işini görür - çax-çax baş ağrıdır...
Sultan Laçın,
moderator.az________________________________________________________________________________________________________
↧
↧
November 22, 2019, 4:45 am
Bir adam dəniz sahili ilə gəzərkən dənizə bir şey atmağa çalışan bir yaşlı kişiyə rast gəldi. Yaxınlaşdı və onun sahildəki balıqqulaqlarını aramla, səbrlə dənizə atdığını gördü. Təəccübləndi və kişidən:
- Niyə balıqqulaqlarını dənizə atırsan? – deyə, maraqla soruşdu yolçu.
Sahilboyu çılğın dalğaların gətirdiyi balıqqulaqlarını dənizə atmağa davam edən şəxs:
- Onun üçün... – solğun baxışlarla yolçunu süzüb “işinə” davam etdi.
- Yaxşı, amma burada minlərlə balıqqulaqları var. Hamısını ata bilməzsən axı. – maraqla kişiyə baxan yolçu dedi.
- Ataram! – qoca yolçuya baxmadan cavab verdi.
- Onları da dənizə atsan nə dəyişəcək?
Qoca dəyişməz üz ifadəsiylə yolçunu süzüb yerdən başqa bir balıqqulağını götürərək dənizə atdı. Sonra nə düşündüsə, yolçunun sual dolu və həyəcanlı üzünə baxaraq, sanki dərdini danışırmış kimi yanıqlı səs tonuyla:
- Bəlkə vicdana gələr. Axı mən bütün yer üzünü onun üçün dənizin dibinə göndərməyə hazıram. Bir tək səs, bir tək duyğu istəyirəm! Başqa heç nə! – deyə, yavaş-yavaş qırışlaşmış üzünü isladan gözyaşlarını yolçudan gizlədən qoca için-için fəğan edirdi...
Nüsrət kişi onunla tələbəlik illərində tanış olmuşdu. Ah. Necə şirin olur gəncliyin qoxusu, tamı... Qısa zamanda bir-birinə öyrəşən ikili öncə yaxın dost, sonra sirdaş, nəhayət tələbəliyin sonlarına doğru sevgili olmuşdular. Hər şey elə rahat, elə sadə idi ki. Sanki fələk bütün vicdansızlığını unudub bu möhtəşəm cütlüyün eşqinə tamaşa edirdi, yana-yana yox, məğlubiyyətilə barışaraq, sakitcə, səssiz-səmirsiz...
Məlum olay bir neçə il bundan öncə baş vermişdi. Tunay Nüsrətlə uzun müddət idi ki, bir yerə gəzməyə çıxmırdı. Həm iş, həm uşaqların qayğısı – bir sözlə həyat bir ilmik olub dolanmışdı ayaqlarına, qoymurdu bir yana getsinlər, azacıq nəfəs alsınlar. Ancaq nəhayət o gün, bəli, məhz o ƏCLAF payız gecəsi imkan tapa bilmişdilər.
İndi hər şeyi olduğu kimi xatırlamaq necə də ağır idi: zülm, vəhşət səsi gəlirdi o gecədən. O gecənin acıması yox idi. Nə cavan ailəyə, nə də onların sevgisinə acımadı. Acımadı o ƏCLAF payız gecəsi...
- Mən od qalamaq üçün meşəyə gedirəm, sənsə uşaqlardan muğayət ol! – deyə, Nüsrət həyat yoldaşına səsləndi.
Tunay isə qızları Göyçə və Dənizlə volleybol oynayırdı dəniz sahilində. Nə Nüsrətin qayğı dolu baxışlarından, nə də ona səslənən narahat səsindən xəbəri olmadı Tunayın. Hava isə elə bil bütün miskinliyini, bədxahlığını bu gecəyə saxlamışdı...
Hər şey bir gözqırpımında baş verdi. Top qəfildən şıltaq dalğaların qoynuna tələsdi. Ardından Göyçə, sonra Dəniz topu gətirmək üçün suya tərəf getdilər. Bədbəxt ana Tunay isə onlara “ehtiyatlı olun!” deməyilə qaldı. Biranlığa hər şey – bütün dövri-aləm dəyişdi. Göylər guruldadı. İldırım çaxdı. Və qızlarını zalım dənizin qoynundan almağa çalışan məzlum ana qəfildən əvvəllər özü də bilmədiyi, ancaq uzun müddətdir onu içdən içə yeyən xəstəliyi kəşf etdi. Və bu xəstəlik onun qan dövranını tədricən yavaşıtdığı kimi, ürəyini də sıxmağa başladı. Qısa zaman içində Tunay nəfəs ala bilmədi və əl-qolu boşaldı. Qızlarıyla vidalaşa bilmədən dənizin zalım sularına qərq oldu.
Onu uzun müddət axtardılar. Hətta aylarla, illərlə...
İki qızını anasız böyüdən məzlum ata illərlə ayrıla bilmədi sevdiyindən. Hər gecə, hər gün o o ƏCLAF payız gecəsinin yarını aldığı yerə gəldi. Çığırmaq, hayqırmaq istəsə də, bacarmadı. Sanki qəhrdən boğulurdu Nüsrət kişi...
Qızlarının imdadına yetişə bildi o gecə. Ancaq nə fayda, Tunayı, bircəciyini, yarını, ruhunun sahibini ki itirdi. Həm də həmişəlik...
Ağırdır. Fələyin zalımlığına, kələyinə, əclaflığına dözmək ağırdır. Zülm, qan, qada qoxan nəfəsini duyaraq yaşamaqsa ondan da ağırdır...
- Ta o gündən bəri elə hey onu səsləyirəm. Səsimlə deyil! Bu dərd sanki səsimi də alıb məndən, sevgilimi aldığı kimi – deyə, gözləri yaşla dolan qoca kişi əlindəki çomağa söykənərək uzaqlara baxırdı.
Yolçu isə qəhrdən boğulurdu. Qocanın dedikləri onun içinə yerləşmiş hiyləgər bir xəstəlik kimi sıxırdı onu. Xəyallar, xatirlər və dəniz. Bəli, məhz bu bivəfa dəniz onun da sevdiyini alıb aparmışdı birdəfəlik, necə?! Daha orası maraqlı deyil! Maraqlısı odur ki, baxanda sanki varlığıyla adamı sehrləyən bu dəniz kinayə ilə, murdarlıqla ona baxıb gülümsəyirdi. Həm də heç acımadan. Sanki onu da almaq istəyirdi...
Qoca hər gün ora gəlməyə davam etdi. Ta ki günlərin bir günü dəniz onu da ağuşuna alanadək... Və sanki indi dəniz rahat idi. Şıltaq dalğalarından əsər-əlamət qalmamışdı. Və sanki Tunay gəlmişdi. Nüsrətə əlini uzadıb səslənirdi:
- Sənin üçün gəldim, Nüsrət, sənin üçün!
Nüsrət də gülümsəyirdi və başa düşürdü, qısqanc dəniz hər şeyi etmişdi. Bəli. Sevgisi üçün, məhz onun üçün...
ELŞƏN İSMAYIL
Hüzünlü bir musiqinin ilhamından...__________________________________________________________________________________________________
↧
November 22, 2019, 1:02 pm
Ağalar Qut“Xalq” və “cəmiyyət” anlayışları Azərbaycanda bir sıra hallarda bir-birinin az qala sinonimi, əvəzi kimi başa düşülür və işlənilirlər. “Azərbaycan xalqı” ilə “Azərbaycan cəmiyyəti”nin qarışıq salınması – təkcə dil və yaxud terminologiya qarışıqlığı deyil, anlağımızdakı dumandır da. Kiçik bir yazıyla bu qatı dumanı bütövlükdə dağıtmaq mümkün olmayacaqsa da, ən azından belə bir problemin varlığına azacıq işıq düşmüş olacaqdır.
BİRİNCİ HİSSƏ
Anlayışların izahına dildən – sözlərin izahından başlamaq ən uğurlu başlanğıclardan biridir.
Xalq sözü – ərəbcə deyildir, özümüzün “qalaq”, daha qədim formasıyla desək, “qalanaq” sözümüzdür. Od qalayıb, o odun çevrəsində qalaqlanan insanlar deməkdir.
Ərəbcədə bir qom adam, millət, xalq, qəbilə kimi mənalar bildirən “qoum” (قوم) sözü – elə özümüzün “qamu” (hamı) sözümüzdür. Azərbaycan orfoqrafiyasında “v” ilə “qövm” kimi yazılaraq daha da tanınmaz hala salınan “qoum” – qamu (hamı) – eyni “qam”dan qopanlar, başqa sözlə, eyni ananın qarnından doğulan qarındaşlardır. Bizim fikrimizcə, “qohum” (qahım) sözünün də etimologiyası “qamu” (hamı) sözünə bağlıdır. Qohum-qardaş – qam-qarındaşdır. Görünür, biz ərəbcədən “millət” sözünü almamışdan qabaq, “qam” sözünü işlədirdik. Qam sözü bizə qam-şaman və midiyalı məşhur maq “Qam Ata” (Qaumata) – yəni, millət atası – adından tanışdır. Qam – hamılıqla bir-birinə qohumluqdur, bu, elə millət deməkdir. Kaş, 19-cu əsrdə Avropadan gələn “nation” (nasionalizm) sözü dilimizə “qam” sözüylə çevriləydi.
Ərəb dilində millət və eyni dinə etiqad edənlər mənalarını bildirən “umma” (امة) sözü – ana mənası bildirən “umm” (ام) sözündən yaranıb. “Ümumi” sözü də buradan törəyir. Ancaq türk dillərində də, məsələn, elə Azərbaycan dilində (Şamaxıda, Salyanda və b.) anaya “məmə”, türkməncədə “əmə”, çuvaşcada “ama” (
Ərəbcə sayılan qəbilə (قبيلة) sözü də bizim göbək sözümüzdən başqası deyildir. Qəbilə – bir göbəkdən doğulub-törəyənlər deməkdir.
Qədimdə insan birliklərinin, qohumluğun və yaxud qandaşlığın dişilikdən, ulu anadan, ulu nənədən götürülməsi təəccüblü olmamalıdır. Elmdə buna matriarxat adı verilir. Azərbaycan kəndlərində indi də nəsillər – “tirə”, “göbək”, “turuq” kimi sözlərlə bildirilir ki, bu sözlərin də hər biri analıqla, doğulub-törəməklə əlaqədardır. Latınca sayılan nation sözünün də etimonu “qnatus” – doğulanlar deməkdir.
Millət sözünə gəldikdə, bu söz islamdan sonrakı – yəni indiki – ərəbcədə eyni etiqadı bölüşənlər, dindaşlar deməkdirsə də, aramey dillərində millət sözünün etimonu “malel” – danışmaq, söyləmək kimi dünyəvi mənalar bildirir. Belədə, əslində millət – bir-birlərini eyni bir dillə başa düşənlər, eyni dildə danışanlar, bir sözlə, dildəşlik deməkdir. Bu dil isə ana dilidir. Deməli, millət – bir ulu ananın dilində danışanlardır. Fransız inqilabından sonra dəbə minən “nation” sözü dilimizə “millət” sözüylə, “nasionalizm” də “millətçilik” kimi tərcümə edilərkən, maraqlıdır ki, millət sözünün ərəbcədəki dini mənası yox, aramey dillərindəki dünyəvi mənası əsas götürülmüşdür.
İKİNCİ HİSSƏ
Qısa etimolojiq izahdan sonra artıq xalq, millət və cəmiyyət anlayışlarının izahına keçmək olar.
Dilimizdə “xalq” sözünün başlıca iki mənası vardır: “Xalq”ın bir mənası – demosdur. Demos – bir dövlətin əhalisi, bütün vətəndaşları deməkdir; onda “Azərbaycan xalqı” – Azərbaycanda yaşayan təxminən on milyonluq əhalidir. Lakin o biri tərəfdən “milli dövlət” (hər millətin bir dövlətə sahib olması və hər dövlətin bir millət tərəfindən qurulması) anlayışına görə, dövləti olan xalq – buna “dövlət xalqı” (Staatsvolk) da deyilir – millət adlandırıldığından, həmin bu on milyonluq xalq həm də millətdir.
Milli dövlət konseptinə görə, millət – dövlətin adı kimidir. Misal üçün, Almaniya Federativ Respublikası dövləti alman millətinin adınadır, bu dövlətin bütün vətəndaşları “doyç”, yəni alman adlanır, halbuki, onların heç də hamısı genetik baxımdan “doyç”, yəni alman deyillər. Rusiya da bu cürdür, İngiltərə də və s. Azərbaycan Respublikası dövləti isə – Amerika, Kanada, Avstriya və s. kimi – heç bir millətin adına deyildir.
Xalq və millət sözləri sinonim olmaqlarına baxmayaraq, Azərbaycanda xalq sözü millət sözündən daha çox işlənilməkdədir. Çünki xalq sözündə neytrallıq vardır, bir-birinə özgələr də bir odun çevrəsinə qalaqlanıb qalaq (xalq) ola bilərlər. “Millət” sözünü işlədəcəksənsə, gərək millətin adını deyəsən. “Azərbaycan xalqı” ifadəsi – “Azərbaycan dili” ifadəsinin əkiz tayıdır. Belə ki, “Azərbaycan” coğrafi məkanın adı olduğu üçün “Azərbaycan dili” ifadəsindən bu dilin linqvistik tərkibi – hansı dil olması – bilinmədiyi kimi, “Azərbaycan xalqı” ifadəsindən də bu xalqın etnik tərkibi – hansı millət olması – bilinməməkdədir.
“Xalq”ın ikinci mənası – etnosdur. Etnos – ana dili birliyidir, qandaşlıqdır, genetik ortaqlıqdır, ulu bir anadan – qamdan – törəyən qarındaşlıqdır. Misal üçün, biz “On milyonluq Azərbaycan xalqı” dedikdə, özümüzü avar, xınalıq, ləzgi, qrız, kürd, saxur, tat, talış, udin, yəhudi və başqalarından ayırd etmiş olmur və dövlətin əhalisi, vətəndaşları mənasında “demos”u, yəni milləti nəzərdə tutmuş oluruq; ancaq “Biz dünyada əlli milyonluq xalqıq” dedikdə isə özümüzü başqa bütün millətlərdən ayırd etmiş olur və “xalq” sözünü bu dəfə “etnos” mənasında, yəni genetik qohumluq baxımından millət mənasında işlədirik. Beləliklə, xalq millətdir – ya vətəndaş kimi dövlət birliyi mənasında, ya da genetik qohumluq kimi əcdad birliyi mənasında.
Millət anlayışı da ikimənalıdır: 1) Etnik, yəni genetik qohumluq mənasında millət anlayışı və 2) eyni dövlətin xalqı, əhalisi, vətəndaşı mənasında millət anlayışı. Bununla da etnik millətçilik (yəni, genetik millətçilik) ilə dövlət millətçiliyi (yəni, politik millətçilik) bir-birindən ayırd edilməlidir. “Etnik millətçilik” – öz etnosunun kulturasını, dəyərlərini, ana dilini və s. yüksək qiymətləndirmək və qorumaqdırsa, “dövlət millətçiliyi” – öz vətəndaşını başqa dövlətlərin vətəndaşından üstün tutmaqdan başqa bir şey deyildir.
Bir sıra hallarda bir millət bir neçə dövlətin ərazisində yaşayır, məsələn, elə biz özümüz, ermənilər, kürdlər və b. Belə millətlər yaşadıqları dövlətlərin xalqları – vətəndaşları – olsalar da, öz milli mənşələrini, öz vahid ulu analarını unutmurlar. Bizim ürəyimiz Kərkükdə, Mosulda, Ərbildə (İraq), Qarsda, Iğdırda, Sivasda (Türkiyə), Borçalıda (Gürcüstan), Dərbənddə (Rusiya), Urmuda, Zəncanda, Təbrizdə (İran) yaşayan millətimizlə bir ritmdə döyündüyü kimi.
Ərəb sözü hesab edilən “cəmiyyət” sözünə gəldikdə, bu sözün kökü “cəm” (جم) bizim “qom”, “kom” sözümüzdür; “cəmiyyət” sözünün hərfi mənası komalanmaq, komalaşmaq, qomluq deməkdir. Cəmiyyət sözünün terminolojiq mənası isə publika, assosiasiya, ittifaq, təşkilat, bir sözlə, bir yerə qom olmaq deməkdir, ancaq o, bir ölkə əhalisinin birgəyaşayış strukturu kimi, latınca “societas”ın, rusca “общество”nın, ingiliscə “society”nin, almanca “Gesellschaft”ın tərcüməsi deyildir. Bizim “cəmiyyət” dediyimizə ərəblər özləri “cəmiyyət” demirlər, “şarika” (شرکة) deyirlər, yəni şəriklik. Məsələn, Həsənbəy Zərdabi 1877-ci ildə “Əkinçi”də yazırdı: “... Osmanlı əsgərindən zəxmdar olanlara ianət etməkdən ötrü London şəhərində bir cəmiyyət binə olub ki, keçən məhərrəməcən 6500 lirə cəm edib.” Göründüyü kimi, böyük Zərdabi düzgün olaraq, cəmiyyət sözünü təşkilat mənasında işlədirdi. Məndən soruşan olsaydı, mən “societas”ın tərcüməsi kimi “ortaqcalıq” sözünü irəli sürərdim. Ortaqcalıq sözü təkcəlik, bircəlik, böyükcəlik sözlərinin quruluşundadır. Latınca “societas” sözünün özü də yoldaş, qonşu, yanaşı, ortaq deməkdir. Azərbaycan dilində küçə, park, mağaza kimi ictimai yerlərə “ortalıq malı” da deyilir, yəni ortaq istifadə etdiyimiz yerlər. Məsələn, ruslar latın sözü “societas”ı “ümumilik”, “ortaqlıq” (общество) kimi, almanlar “yoldaşlıq”, “ortaqlıq” (Gesellschaft) kimi tərcümə etmişlər. Bir yerə toplanmaq – cəmlənmək, cəmiyyət, toplum – ortaqlıqdan bambaşqa bir anlayışdır. Sovet cəmiyyətində hamı bir-biri üçün “товарищ” (yoldaş) idi. “Товарищество” (Yoldaşlıq) – latın sözü “societas”ın rus dilinə başqa bir tərcüməsidir.
ÜÇÜNCÜ HİSSƏ
Əlbəttə, siyasətdə özünü daha böyük çoxluğun tərcümanı kimi göstərmək istəmək, xalqın adından danışmaq normaldır. Ancaq problem ondadır ki, istər hakimiyyətdə, istərsə də müxalifətdə bəziləri səmimiyyətlə inanırlar ki, onlar doğrudan da xalqı təmsil edirlər. Cəmiyyət adından danışmalı ikən, xalq adından danışırlar. Bunun ucundan da “Kimdir xalq? sualı bir çoxları üçün artıq fəlsəfi sual yox, politik sualdır.
Klassik kənd-şəhər bölgüsü elə xalq-cəmiyyət bölgüsüdür. Xalq – kənddədir, kəndlidir. Cəmiyyət – şəhərdədir, şəhərlidir. Xalq – cəmiyyətin materialı, fərdləri; cəmiyyət – xalqın birgəyaşayış forması, strukturudur. Azərbaycan əhalisinin yarısından çoxu kəndlərdə yaşayır, kəndli kimi yaşayır, o, xalqdır. Bakı şəhərində yaşayanların da çoxu son illərdə iş dalısınca şəhərə köçən kəndlilər, kəndli kimi yaşayanlardır.
Azərbaycan xalqı inəyini sağır, kilimini toxuyur, pendirini tutur, arağını çəkir, pirinə gedir, mal-qarasını otarır, sürüsünə tütək çalır, əkinini sulayır, bayatı deyir, o, qol çəkmir, söz verir, polisə getməyi satqınlıq sayıb günahkarı özü cəzalandırır, qızına cehiz yığır, oğluna qız seçir... Azərbaycan cəmiyyəti sosial şəbəkələrə qoşulur, saytlara baş çəkir, siyasi xəbərlərlə maraqlanır, sosial-siyasi hadisələrə öz münasibətini aktiv formada bildirir, ən azından mövqe tutur, hüquqlarını bilir, qanunlarla yaşamaq istəyir, partiyalara, siyasi nümayişlərə qoşulmağa hazırdır... Kənddə adamların ikinci adı – ayaması da – varkən, cəmiyyətdə münasibətlər anonimdir.
Sovet hakimiyyəti milli adət-ənənələri “köhnəliyin qalığı” kimi rədd etməklə, milli kulturanı (misal üçün, qohumbazlığı) yox edirdisə, o biri tərəfdən cəmiyyətləşməni (misal üçün, hamıya eyni münasibəti) yayırdı. Kəndlərdə dövri mətbuata məcburi abunəlik, hər kənddə bir klub, kitabxana və s. kəndləri cəmiyyətləşmə prosesinə məcburi qoşurdu. 1990-cı illərdə Bakıda sənaye istehsalı müəssisələrinin (fabrik və zavodların) bağlanması, şəhərə iş dalısınca kütləvi köç məcburiyyəti, kəndlərə medianın yolunun qapadılması, kəndlərin internetləşdirilməməsi və s. nəticəsində, müstəqil Azərbaycanda cəmiyyət, sovetdəkindən fərqli olaraq, istər sayına, istərsə də tutumuna görə əhalinin incə bir qabığına çevrilib.
Bu qabığın haçansa siyasi hakimiyyəti dəyişdirəcəyinə inam – elitarizmin bir növüdür. Yeni nəsil müxalifətçilər bu elitarizm tələsinə düşməməli, kəndlilərin ayağına gedib, əllərini xalqa uzatmalıdırlar. Mirzə Fətəli Axundovun kəndlilərin diliylə pyeslər yazması, Həsən bəy Zərdabinin bu pyesləri teatrlaşdırması və s. – xalqla birbaş ünsiyyətə girmək üçün idi. Bu, əslində maarifçiliyin metodu idi. Kəndlilərlə işləmək baxımından bolşeviklərdən də nümunə götürmək olar. Tez-tez deyirlər, xalq siyasi müxalifətin çağırışlarına cavab vermir, xalq onların ardınca getmir və s., halbuki, tam əksinə, siyasi müxalifət kəndlərdəki çoxmilyonluq xalqı Bakı şəhərindəki bir neçə yüz minlik cəmiyyətlə dəyişik salaraq, xalqa dalını çevirmişdir. Deyəsən, bolşeviklərdən sonra Azərbaycan xalqının ayağına gedən olmamışdır.
Azərbaycanda “xalqa müraciət” janrı ümumiyyətlə karikaturadır; söhbət “cəmiyyətə müraciət”dən gedə bilər. Çünki o müraciətlərin və yaxud video-söhbətlərin altında uzaqbaşı 10-50 min, uzağı 100-200 min dəfə abunəlik, baxış və yaxud “layk” görülür. Bax, bu, “Azərbaycan cəmiyyəti”nin təqribi sayı, tutumudur. Xalq cəmiyyətdə gedən söhbətlərə qulaq asmaq bir qırağa dursun, onları eşitmir də. Misal üçün, bu məqalədən “Azərbaycan xalqı”nın xəbəri də olmayacaqdır. Bunu oxusa-oxusa, əhalinin “ictimai sektor” adı verilən cəmiyyət qabığı oxuyacaqdır. “Əkinçi”ni, “Molla Nəsrəddin”i, “Füyuzat”ı oxuyanlar da Azərbaycan xalqı deyildi, o dövrün “Azərbaycan cəmiyyəti” idi. Azərbaycan Demokratik Cümhuriyyəti də o dövrün cəmiyyətində – xalqdan, yəni kəndlilərdən xəbərsiz – qurulmuşdu və elə bu elitarizminin də qurbanı oldu. “Azərbaycan xalqı”nın bizdən də xəbəri yoxdur.
Qohumbazlıq, üzgörənlik və s. – səbəblər deyil, xalqlaşmanın nəticələridir. Alman kəndlisi də öz həmkəndlisinə üzgörənlik edir, bu, tamamilə normal insan halıdır. Lakin Avropa ölkələrində cəmiyyət gözə çarpır, xalq yox, yəni qanunların tətbiqi gözə çarpır, qədim milli adət-ənənələr yox. Azərbaycanda sovet cəmiyyəti dağılıb, yenidən cəmiyyətləşmə prosesi isə getməyib. Məsələn, maşını qaçırılan adam polisə şikayət edib, heç bir nəticə almayacaqsa, polis rüşvət alıb işi bağlayacaqsa, onda maşını oğurlanan şəxs, vaxtilə atı oğurlanan babasının elədiyi kimi etməyə – adamı tapıb onu özü bildiyi kimi cəzalandırmağa əl atacaqdır. Müstəqil Azərbaycanda son onilliklərdə fışqıran mentalitet – milli adət-ənənələrə qayıdış – cəmiyyətsizləşmənin nəticəsidir.
Azərbaycan ədəbiyyatı bütövlükdə xalq ədəbiyyatıdır, cəmiyyət yox. O, politik olmaq istərkən sosial yox, dərhal etnik xarakter alır. 1960-70-ci illər ədəbiyyatının (Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə) xalqa ünvanlanmış “Ayağa dur, Azərbaycan”, “Qalx ayağa, Azərbaycan!” tipli poetik çağırışları indi siyasətdə davam etməkdədir. Teatral vəziyyət yaranıb: Qapı-pəncərəsi qapalı bir salona 100-150 nəfər yığışıb, növbə ilə ayağa durub, bir-birlərinə bərkdən “Ayılın!”, “Oyanın!”, “Qalxın!” kimi sözlər qışqırırlar, xalq isə salondan qıraqda və uzaqlardadır.________________________________________________________________________________________________________
↧
November 27, 2019, 5:44 am
Seymur Əliyev
Düşmənə nifrət bəsləməyən xalqın özü də yoxdur...
Yaxud, Qarabağ dərdini toy-bayrama çevirən dərd...
Bu günlərdə Bakıya səfər edən erməni jurnalistlərindən "Şant" telekanalının şərhçisi Artyom Yerkanyan “Sputnik Ermənistan”a müsahibəsində şok açıqma ilə çıxış edib. Bakıda 12-13 nəfər mühafizəçi tərfindən qorunduqlarına diqqət çəkən A.Yerkanyan, Azərbyacanda ermənilərə neqativ münasibətin olmadığını bildirib.
Qarabağ dərdindən betər dərd...
Göründüyü kimi, 20% torpağımızın, yüzlərlə soydaşımızn hələ də erməni əsirliyində inlədiyi bir zamanda, Bakının mərkəzi küçələrində ictimai rəy yoxlanışına çıxan erməni jurnalisti, əminliklə əhalinin ermənilərə neqativ münasibət bəsləmədiyini bildirir. Bu, məntiqlə o deməkdir ki, torpaqlarının 20-nin işğal altında olması, Qarabağ müharibəsində verdiyi minlərlə qurban, əsirlikdəki soydaşlarının başına gətirilən işgəncələr Azərbaycan xalqının vecinə deyil. Əgər vecinə olsaydı, o zaman mütləq içində başına bunca müsibət və rüsvayçlıqlar gətirən düşmənə qarşı zərrə qədər də olsun nifrət duymalı idi. Əgər duymursa, deməli, onunla Qarabağ arasında heç bir bağlılıq yoxdur. Belə bir bağlılıq yoxdursa, o zaman Qarabağ məsələsində bu xalqa güzəştə getməyə heç bir ehtiyac yoxdur.
Bəli, “Bakıda ermənilərə neqatv münasibət yoxdur” ifadəsinin arxasında məhz bu məntiq gizlənir və şəxsən mənə görə Qarabağ dərdi bu dərdin - düşmənin barəmizdə bu cür düşünməsinin yanında toy-bayramdır.
Bəxti gətirən dığa...
Təbii ki, mənim fikrimcə, Artyom Yerkanyanın “Azərbaycanmda ermənilərə neqativ münasibət yoxdur” fikri tamamilə yanlışdır. Bu gün ölkəmizdə gecə-gündüz Qarabağ dərdi ilə yaşayan, torpaqlarımız uğrunda həlak olan hər bir şəhidimizin ağrısını ürəyində daşıyan, işğaldakı torpaqlarımızın azadlığına nail olmaq üçün özünü düşünmədən qurban verməyə hazır olan on minlərlə insan mövcuddur. Hansı ki, onlar yatanda belə Xocalıda qətlə yetirilən körpələrin simasını görür, onların harayını eşidirlər. Bu insanları onların erməniyə neqativ münasibət bəsləmədiyi fikrinə inandırmaq cəhdi onları təhqir etmək, mənliklərinə toxunmaq, insan kimi yox saymaq deməkdir.
Bu səbəbdən erməni dığasının Azərbaycanda ermənilərə neqativ münasibətin olmaması ilə bağlı səsləndirdiyi fikirləri tamamilə absurd hesab edirəm. Əgər belə olmasaydı, o zaman Artyom Yerkanyan erməniyə neqativ münasibətin olmadığı bir şəhərdə 12-13 mühafizəçi ilə gəzməyə ehtiyac duymazdı. Bu faktın özü Artyom Yerkanyanın məlum bəyanatının cəfəngiyyatdan başqa bir şey olamdığını göstərir.
Biz heç vaxt bu fikrin həqiqiliyinə inana, bu yalanı gerçək kimi qəbul edə bilmərik. Çünki Azərbayanda erməniyə neqativ münasibətin olmadığı fikrini qəbul etmək, xalqımızın öz keçmişindən, Qarabağ uğrunda apardığı mübarizədən, verdiyi qurbanlardan imtina etdiyini qəbul etmək deməkdir. Bu, həm də Azərbaycan xalqının bir xalq kimi mövcud olmadığını iddia etmək anlamına gəlir. Çünki aydın məsələdir ki, üşməninə nifrət bəsləməyən bir xalqın özü də yoxdur. Azərbaycan xalqı isə var və heç vaxt Qarabağ uğrunda mübarizədən, ölüb-öldürmək qətiyyətindən imtina etməyəcək.
Görünən odur ki, Artyom Yerkanyanın sadəcə bəxti gətirib və o, ermənini dişi, dırnağı ilə parçalamağa hazır olan əsl azərbaycanlıya rast gəlməyib. Əgər gəlsəydi, o zaman “Azərbaycanda ermənilərə neativ münasibət yoxdur” fikri heç vaxt ictimai müzakirəyə çıxmazdı.
Seymur ƏLİYEV,
moderator.az
e-mail: seymur_dq04@mail.ru ______________________________________________________________________________________________________
↧